Milli çövkən oyunumuz UNESCO-nun siyahısında

 

Qarabağın qədim atüstü oyunu beynəlxalq səviyyədə tanınaraq UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edildi

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasının iclasları davam edir. Dekabrın 3-də günün ikinci yarısında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçən iclasda “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na təklif edilən nominasiyalar nəzərdən keçirildi.

 

İclasın əvvəlində Azərbaycan nümayəndə heyəti belə bir təkliflə çıxış etdi ki, təqdim edilən fayllarda nominasiyalar haqqında əsaslı informasiyalar verilməlidir. Nominasiyaların təqdim edilməsi ilə əlaqədar yaranan problemlərlə bağlı Çin, Mərakeş, Qrenada, Nigeriya, Seneqal, Qvatemala, Malis. ölkələrin nümayəndələri öz mülahizələrini irəli sürdülər. İclasda bildirildi ki, nominasiyalar üzrə faktlar fayllarda özünü təsdiq etməlidir və yeni irəli sürülən dəlillər nominasiyaların nəzərdən keçirilməsi zamanı prosesdə istifadə edilə bilməz.

Sonra təqdim edilən nominasiyalarla bağlı müzakirələr başlandı. İlk olaraq Azərbaycan heyəti tərəfindən təqdim edilən “Çövkən - qədim atüstü Qarabağ oyunu” nominasiyası müzakirə olundu. Bununla bağlı iclasda Azərbaycanın sədrliyini Braziliya əvəz etdi.

Azərbaycanın ənənəvi milli oyun növü olan çövkənin UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınması ilə bağlı ölkəmizin nümayəndə heyətinin məlumatı və oyun haqqında ətraflı informasiya (oyunun xüsusiyyətləri və oyunla bağlı video) iclas üzvlərinin nəzərinə çatdırıldı. Bildirildi ki, Azərbaycan tərəfinin hesabatı yoxlanılıb və nəzərdən keçirilib. İran İslam Respublikası 4 noyabr 2013-cü ildə katibliyə nominasiya ilə bağlı məktub yollayıb və Azərbaycan tərəfi bu məktuba cavab verib. Hər iki məktub komitənin saytında qoyulub. Qeyd olundu ki, hər iki tərəf bu istiqamətdə müəyyən məsələləri yoluna qoymağa müvəffəq olub. Nominasiyaya kiçik texniki dəyişiklik edilməklə məsələnin həll yolu tapılıb.

Bundan sonra nominasiyanın qəbul edilməsi ilə bağlı iclas iştirakçılarına müraciət olundubir dəyişiklik - “Azərbaycan Respublikasında” sözü əlavə edilməklə heç bir etiraz olmadan sənəd qəbul edildi.

Beləliklə, Qarabağın qədim atüstü oyunu olan çövkən UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edildi və komitə adından Azərbaycana təbriklər ünvanlandı.

Nominasiyanın qəbulundan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və cəmiyyəti adından Komitəyə təşəkkürlərini bildirdi. Nazir qeyd etdi ki, çövkən oyununun UNESCO siyahısına daxil edilməsi bütöv bir komanda işinin nəticəsində mümkün olub. Azərbaycanın müxtəlif yerlərindən insanlar bu işə cəlb ediliblər. Komitənin katibliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edən nazir ölkəmizin beynəlxalq əməkdaşlığa daim açıq olduğunu vurğuladı.

Qərarın qəbulundan dərhal sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media nümayəndələrinə açıqlama verdi: “İlk öncə bütün xalqımızı, xüsusilə Azərbaycanı bu gün yüksək səviyyədə təmsil edən nümayəndə heyətini ürəkdən təbrik edirəm. Mədəniyyətimizin tarixində çox böyük bir hadisə baş verdi. Azərbaycanın qədim ənənələrində kök salan, bu günyaşayan, mədəniyyətimizi və mənəviyyatımızı əks etdirən milli xalq oyunumuz çövkən UNESCO-nun siyahısına daxil edildi. Çövkən Qarabağın qədim atüstü oyunu kimi Azərbaycanda çoxdan tanınır və bu gün artıq beynəlxalq ictimaiyyət tərəfindən, UNESCO Komitəsi tərəfindən bəşəriyyətin qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Reallıq ondan ibarətdir ki, bu gün mövcud vəziyyətə görə Azərbaycanda Qarabağ atlarının saxlanılması, Qarabağ atçılıq məktəbinin inkişafı və Qarabağ bölgəsində bu oyunun tətbiqi böyük çətinlik törədir. Düşünürəm ki, bu hadisə Azərbaycanın nəinki mədəni qələbəsi, eyni zamanda bizim diplomatik qələbəmizdir. Fürsətdən istifadə edib bu işlərə ilk gündən dəstəyini verən, mədəni irsimizə diqqət və qayğısını əsirgəməyən hörmətli Prezidentimizə və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan hər bir beynəlxalq təşkilatda yüksək səviyyədə qarşılanır və ölkəmiz böyük mövqeyə malikdir”.

Nazir onu da diqqətə çatdırdı ki, çövkən nominasiyası ilə bağlı Azərbaycan və İran nümayəndələri ilə lazımi işlər aparıblar və qarşılıqlı anlaşma şəraitində işlər yoluna qoyuldu: “Dostluq münasibətlərinə uyğun olmayan söhbətlər aradan qaldırıldı. Bu gün çövkən oyunu artıq UNESCO-nun bəşəriyyət inciləri siyahısındadır. Bir daha xalqımızı təbrik edirəm”.

* * *

Azərbaycanın təklifi qəbul edildikdən sonra iclas daha 9 ölkə - Botsvana, Qvatemala, İndoneziya, Keniya, Meksika, Monqolustan, Makedoniya, UqandaUkrayna tərəfindən verilən nominasiyaların müzakirəsi ilə davam etdirildi. Gərgin müzakirələrin sonunda Qvatemalanın dini ayinlərlə bağlı qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edildi. Qalan nominasiyaların müzakirəsi dekabrın 4-də davam edəcək.

 

Lalə Azəri

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 2.