Çövkən - dünyada tanınan mədəni irsimiz

 

Qədim Qarabağ atüstü oyun ənənəsi artıq UNESCO-nun qoruması altındadır

 

Çox qədim zamanlarda Şərq xalqlarının, o cümlədən türklərin atla bağlı müxtəlif milli oyunları meydana gəlmişdi. Onların arasında Azərbaycanda, eləcə də Orta Asiyada çövkən kimi tanınan və yaxın-uzaq ellərə müxtəlif adlar altında yayılan oyun xüsusi yer tutur. Min illər öncə Azərbaycanın dilbər yurdu Qarabağda sonralar ayaq səsi dünyanın çox yerlərindən gələcək Qarabağ atlarının üzərində igidlərin oynadığı bu oyun cəsurluq, çeviklik rəmzi idi. Xalqın sevə-sevə tamaşa etdiyi çövkən, eləcə də sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, çərdəkqaçırdı kimi milli atüstü oyunlarımızda ər oğullar hünər göstərər, el-obada ad-san qazanardı.

 

Qarabağ atlarının şan-şöhrəti

 

“Vallahi, Jordan ağa, Qarabağ atlarının dünyada tayı-bərabəri yoxdur” - məşhur kinofilmdə qarabağlı Hatəmxan ağanın uzaq Firəngistandan gəlmiş qonağa dediyi bu sözlər, sadəcə, ekran əsərinə bəzək vurmaq üçün söylənilən mübaliğə deyildi. Qarabağ cins atlarının şan-şöhrəti bu sözlərin deyildiyi XIX əsrdən çox-çox əvvəllər dünyaya yayılmışdı.

“Tarixin atası” sayılan Herodot eramızdan əvvəl V əsrdə yazırdı ki, qədim Azərbaycan dövləti olan Midiyada çox şahanə atlar saxlayırlar. Ondan dörd əsr sonra başqa bir məşhur yunan tarixçisi Strabon Qafqaz Albaniyasından bəhs edərkən bu yerlərdə atlarının çox hündür olduğunu yazırdı. Bu faktlar Azərbaycan torpağının ta qədimdən Şərqdə atçılığın inkişaf etdiyi ölkə olduğunu göstərir. Ölkəmizdə əsrlər boyu yetişdirilən at cinsləri arasında Qarabağ, Qazax (Dilboz), QubaŞirvan atları geniş yayılmışdı. Tarixi mənbələrin verdiyi məlumatlara görə, Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.

Qarabağ atının tarixi şöhrətini məşhur alim S.P.Usupov belə qiymətləndirmişdir: “İngilis təmizqanlı atı Avropa atçılığında nə kimi rol oynamışsa, Qarabağ atı da Asiya atçılığının inkişafında eyni əhəmiyyət kəsb etmişdir”. At üzrə mütəxəssis D.Dubenski XIX əsrin sonlarında yazırdı ki, Cənubi Qafqazda bir sıra at cinsləri olsa da, əslində onların hamısı Qarabağ atının törəməsidir.

Ötən əsrin ortalarında Qarabağda yetişdirilən atların səs-sorağı Avropadan gəlirdi. 1949-cu ildə Ağdam ərazisindəki Göytəpədə, Qarabağ at zavodunda yetişdirilən “Zaman” adlı qızılı rəngli ayğır 1956-cı ildə SSRİ hökuməti tərəfindən Britaniya kraliçası Yelzavetaya hədiyyə göndərilmişdi. Mütəxəssislər onun haqqında yüksək fikirlər söyləmişdilər. Cuanita Berlin yazır ki, “Zaman” İngiltərədə böyük marağa səbəb oldu: “Biz onun gözəl rənginə və mülayim təbiətinə məftunuq. Mən heç vaxt belə bir ata minməmişəm. O, ərəb atından da üstündür...”.

R.Səttarzadə 1960-cı ildə nəşr olunan “Azərbaycan atçılığı" kitabında yazır: “Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilboz atı, Quba yorğası və Şirvan atı daxildir". Hazırda dünyada məşhur olan at cinslərindən ikisi Azərbaycana məxsusdur: “Qarabağ” və “Dilboz” at cinsi.

 

Tarixdən gələn çövkən səsləri

 

Qeyd etdiyimiz kimi, qədim zamanlardan Yaxın Şərq və Orta Asiya ölkələrində, o cümlədən Azərbaycanda atüstü oyunlar geniş yayılmışdı. Onlardan ən məşhuru çövkəndir. Bu oyun onu oynayan zaman işlədilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb.

Əməkdar rəssam Elçin Muxtar Elxan “El-oba oyunu, xalq tamaşası” kitabında yazır: “Çövkən IX-XVII yüzilliklərdə Azərbaycanda geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim oyunbu zaman istifadə olunan ucu əyri uzun dəyənəyin adıdır. Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarı ilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq idi. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmış, bəzən isə kişilərlə yanaşı, qadınların iştirakı ilə keçirilən bu oyunun əski qaynaqlarda “kuyiçövkən”, “çomaq oyunu” və “çövkənbazi” adları ilə qeyd edilən başqa variantları da olmuşdur”.

Görkəmli etnoqraf alim, akademik Teymur Bünyadovun mövzu ilə bağlı dəyərli fikirləri var. O yazır ki, çövkən oyunu Azərbaycan xalqının ən qədim, təxminən 3 minillik tarixi olan mədəni irs nümunələrindən biridir. Burada cəngavərlik, igidlik, gücünü, hünərini göstərmək əsas yer tutur. Bu oyunu şahların, xanların, bəylərin məclislərində oynayardılar.

Çövkən oyununun Azərbaycanda, əsasən Qarabağ torpağında çox qədimdən məşhur olduğunu tarixi faktlar da təsdiqləyir. Örənqalada (Beyləqan) aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə yayıldığını əyani sübut edir.

Azərbaycan ədəbiyyatında və incəsənətində çövkənin izlərinə çox rast gəlinir. "Kitabi-Dədə Qorqud" boylarında və Nizami Gəncəvinin “XosrovŞirin” əsərində çövkəndən bəhs edilir. Ədəbi nümunələrdən də məlum olur ki, Azərbaycanda çövkən oyununda təkcə kişilər deyil, qadınlar da iştirak edib. Nizaminin “XosrovŞirin” poemasında Şirin çövkən meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər qızların da bu oyunda iştirakı təsvir edilir.

Çövkən orta əsrlərə aid miniatürlərimizdə də təsvir edilib. Şərq xalqlarının digər milli oyunları kimi, çövkənin də daha uzaq regionlara yayılmasında ingilislərin böyük rolu olub. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilib, yeni qaydalar əsasında AmerikaAvropa ölkələrində geniş yayılıb. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib.

 

Dünyanın mədəni irs xəzinəsində

 

Avropada, dünyada müxtəlif adlar altında yayılıb tanınan çövkən zaman-zaman öz yurdumuzda diqqətdən kənar qalmışdı. XX əsrin 50-ci illərində başda çövkən olmaqla bir sıra milli atüstü oyunlarımız bərpa edildi. Bu sahənin tədqiqatçısı Fikrət Hüseynov tarixi sənədlər və folklor materialları əsasında oyun qaydalarını hazırlayaraq kitabça şəklində çap etdirdi.

Mədəni irsimizin zəngin səhifəsi olan atüstü milli oyunlarımızı XXI əsrdə yenidən gündəmə gətirməklə milli-mənəvi dəyərlərimizə sahib çıxdığımızı sübut etdik.

Bu irsin qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, inkişaf etdirilməsi, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə maraq oyadılması məqsədilə artıq bir neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzi tərəfindən ənənəvi olaraq çövkən oyunları keçirilir. Atüstü milli oyunlarımızı diriltmək isə keçmişimizlə bu günümüz arasında əlaqələri möhkəmlətmək, zəngin milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.

Lakin bu gün çövkəni tariximizə, mədəni irsimizə bəxş edən məşhur Qarabağ atlarının yetişdirilməsi, Qarabağ atçılıq məktəbinin inkişafı bəlli səbəblər üzündən böyük çətinliklərlə üzləşir. Vətənimizin dilbər yurdu 20 ildən çoxdur ki, işğal altındadır. Məhz bunu nəzərə alaraq ölkəmiz Qarabağ atüstü oyun ənənəsi olan çövkənin beynəlxalq miqyasda tanınmasına, bu irsin qorunub saxlanılmasına, inkişafına dəstək verilməsi məqsədilə UNESCO səviyyəsində səmərəli aparaq qürur doğuran nəticəyə nail oldu.

Bir neçə il davam edən çalışmaların, gərgin fəaliyyətin yekunu olaraq 3 dekabr 2013-cü il tarixdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atüstü oyun ənənəsi - çövkən qurumun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edildi. Mədəni irsimizin daha bir səhifəsinə dünya şahidlik edəcək.

 

Mədəniyyət.- 2013.- 6 dekabr.- S. 15.