Möhtəşəm operalar müəllifi

 

Dekabrın 4-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubu dahi italyan bəstəkarı Cüzeppe Verdinin (1813-1901) 200 illik yubileyinə həsr olunan tədbir keçirdi.

Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Abdinova açaraq tədbir iştirakçılarını salamladı.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti, sənətşünaslıq namizədi Kəmalə Ələsgərli bəstəkarın həyat və yaradıcılığı, yaşadığı tarixi dövr haqqında danışdı. Onun çıxışı slayd-şou ilə müşayiət olundu.

Bildirildi ki, Cüzeppe Verdi yaradıcılığa XIX əsrin 30-cu illərində başlayıb. Onun yaradıcılığı italyandünya musiqisinin, özəlliklə opera sənətinin zirvələrindən birini təşkil edir.

Cüzeppe Verdi dünyada əsərləri ən çox səhnələşdirilən opera bəstəkarlarındandır. İlk operasını (“Oberto”) 1839-cu ildə qələmə alıb. Daha sonraNabukko”, “Ernani”, “Alzira”, “Maqbet”, “Riqoletto”, “Aida”, “Traviata”, “Otello”, “Falstaf” - ümumilikdə 26 opera bəstələyib: “Onu da deyim ki, o, gənc yaşlarında Milan konservatoriyasına qəbul edilməsə də, indi Milan Dövlət Konservatoriyası bəstəkarın adını daşıyır”.

Bəstəkarın yaradıcılığını üç mərhələdə səciyyələndirən K.Ələsgərli onu da vurğuladı ki, dahi bəstəkarın əsərlərində qəhrəmanların xarici görünüşüdaxili aləmi qarşı-qarşıya qoyulur. Cüzeppe Verdinin məşhur operaları dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanda da tamaşaya qoyulub.

Tədbirdə Azərbaycan Dövlət OperaBalet Teatrının solistləri - Əməkdar artist Gülnaz İsmayılova və Tural Ağasıyev, Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Əliyeva və Aydan Quliyeva böyük italyan bəstəkarının “Trubadur”, “Traviata”, “Sicilyada axşam ibadəti”, “Riqoletto” və “Taleyin gücü” operalarından partiyalar ifa etdilər.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 6 dekabr.- S. 14.