“Azərbaycanın
əldə etdiyi nailiyyət bizi də sevindirir”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyəti ilə görüşüb
Dekabrın
4-də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
UNESCO Hökumətlərarası Komitəsinin 8-ci
sessiyasında iştirak edən
Qırğızıstan parlamentinin
deputatı və bu ölkənin qeyri-maddi mədəni irs
üzrə Milli Komitəsinin sədri Karqanbek
Samakovun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul etdi.
Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən Əbülfəs Qarayev mötəbər tədbirdə iştiraklarına görə nümayəndə heyətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının ölkəmizdə keçirilməsi bütün türk dünyasının uğurudur.
Qırğızıstan mədəniyyətinin zənginliyindən söz açan nazir qırğız xalqının qeyri-maddi mədəni irs nümunələrinin bu zənginliyin mühüm hissəsini təşkil etdiyini bildirdi. Qədim ənənələr, ailə institutunun möhkəmliyi, keçmişə hörmət üzərində qurulan bu irsin UNESCO-nun siyahısına daxil edilməsinin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, bu cür xüsusiyyətlər bütün türk dünyasına xas olan keyfiyyətlərdir.
Səmimi qəbula görə nazirə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri bu cür mötəbər bir təşkilatın sessiyasının dost və qardaş ölkə Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, təşkilati məsələlərin yüksək səviyyədə həll olunması, türk dünyasına xas qonaqpərvərliyin nümayiş etdirilməsi, Azərbaycanın əldə etdiyi nailiyyət qırğız nümayəndə heyətini də sevindirir.
Sessiyanın işinə uğurlar arzulayan Karqanbek Samakov qırğız xalçasını Əbülfəs Qarayevə hədiyyə etdi. Hədiyyəyə görə minnətdarlığını bildirən nazir Qırğızıstan nümayəndə heyətinə sessiyadakı fəaliyyətlərində uğurlar arzuladı. Sonda birgə xatirə şəkli çəkildi.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 6
dekabr.- S. 8.