Bakıda Rusiya filmləri həftəsi

 

“Ümidvarıq ki, təqdim ediləcək filmlər azərbaycanlı kinosevərlərin ürəyincə olacaq

 

Dekabrın 5-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, “Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə Rusiya filmləri həftəsinə start verildi. Bununla əlaqədar Rusiyadan gələn kino xadimlərinin iştirakı ilə Nizami Kino Mərkəzində mətbuat konfransı keçirildi.

 

Tədbiri açıq elan edən Əməkdar incəsənət xadimi, rejissor, kinoşünas Ayaz Salayev Azərbaycanda Rusiya filmləri həftəsinin keçirilməsini müsbət hal kimi dəyərləndirdi, son illər iki ölkə arasında kino sahəsində qarşılıqlı əlaqələrdən söz açdı.

Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk film həftəsinin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Jurnalistlərin sualını cavablandıran qonaq qeyd etdi ki, bu gün Rusiyada müxtəlif janrda filmlər çəkilir, amma necə ki, Rusiya tamaşaçısı Azərbaycanda çəkilən filmlərdən xəbərsizdir, eləcə də Azərbaycan tamaşaçısı son dövrdə Rusiya kinosunda baş verənlərdən yetərincə xəbərdar deyil.

"Fest-film" studiyasının baş direktoru İrina Korçagina dünyanın müxtəlif ölkələrində kino həftələrində iştirak etdiklərini, Bakıya gətirdikləri ekran əsərlərinin seçilən, ən çox tamaşaçı rəğbəti qazanan filmlər olduğunu bildirdi.

Qeyd olundu ki, bu gün Rusiyada il ərzində dövlət sifarişi ilə 87, özəl sektorda isə 37 qısametrajlı film çəkilir. İrina Korçagina Bakıda təqdim ediləcək filmlərin azərbaycanlı kinosevərlərin ürəyincə olacağına əminliyini ifadə etdi.

Rejissor İqor Qriqoryev Rusiya kinosunda tanınmış Azərbaycan sənətçilərinin olmasından fəxrlə danışdı və 15 il əvvəl Bakıya gəldiyini, ancaq bu gün tamamilə zəngin bir şəhərlə tanışlığından məmnunluğunu ifadə etdi. Azərbaycanda sənədli film çəkmək arzusunda olduğunu dilə gətirən rejissor iki ölkə arasında kino sahəsində əməkdaşlığın uğurlu olacağına inandığını dedi.

Sonra film həftəsinin açılışı oldu. Rusiyanın Azərbaycandakı səfirliyinin baş müşaviri Aleksandr Qladkov çıxış edərək film həftəsinin keçirilməsini iki ölkə arasında mədəni əlaqələrin növbəti uğuru kimi dəyərləndirdi. Mədəni sahələrdə bundan sonra da davamlı layihələrin həyata keçiriləcəyini vurğuladı.

Kino həftəsinin ilk ekran əsəri Andrey MalyukovunMatçfilmi oldu. Filmi izləyənlər arasında mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev, kino xadimləri vardı.

Qeyd edək ki, Rusiya filmləri həftəsinin proqramına uyğun olaraq 6 dekabr saat 19:00-da "Mən yanında olacağam", 7 dekabr saat 19:00-da "Casus", 8 dekabr saat 19:00-da "İki gün", 9 dekabr saat 13:00-da "Kino ərazisində müharibə", saat 19:00-da "Metro" 10 dekabr saat 13:00-da "Ku! Kin-dza-dza" filmləri nümayiş olunacaq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 6 dekabr.- S. 8.