Mədəni irsimizin rəngarəng təqdimatı

 

UNESCO Hökumətlərarası Komitəsinin sessiyası çərçivəsində təşkil edilən sərgilər əcnəbi qonaqlara zəngin təəssürat bəxş edir

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində «Abşeron Marriott» hotelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sərgi açılıb. Tədbir müddətində davam edən sərgidə Azərbaycanın turizm potensialının, mədəniyyətinin, musiqisinin, xalq oyunlarının, milli adət-ənənələrinin, çay dəstgahının təbliğ edilməsi məqsədilə hər gün bir istiqamət üzrə nümayiş təşkil edilir.

 

«Tikmə nümunələri üçün xarici qonaqların sifarişlərini çatdıra bilmirik»

 

Tədbirin ilk günü sərgi milli musiqi alətlərinin hazırlanmasına həsr olunmuşdu. Burada tar, kamança, ud, qopuz, nəfəs alətləri ustalarının işləri böyük maraqla qarşılandı.

İkinci gün sərgidə əl işləri sənətkarlığı nümayiş etdirilirdi. Xalça sənəti, təkəlduz, tikmə, məxmərtel, sanama, kəlağayı kimi sənət nümunələrinin istehsal prosesləri canlı olaraq tədbir iştirakçılarına göstərilirdi. Sərgiyə paytaxtla yanaşı, Şəkidən, İsmayıllının Basqal kəndindən də ustalar dəvət edilmişdi.

Şəkili Güləndam Alxasova təkəlduz sənəti üzrə ustadır. Sərgiyə araqçın papaqlar, telefon qabları və s. gətirib. Usta bu nümunələrin xarici qonaqların böyük diqqətinə səbəb olduğunu deyir: “Təkəlduz sənəti dünyanın heç bir yerində yoxdur, bu sənətin ustaları ancaq Şəkidədir. XVII-XVIII əsrlərdə bu tikmə növü ilə ancaq kişilər məşğul olub. XIX əsrin əvvəllərində qadınlar da bu işə maraq göstərməyə başlayıb. Qadınların barmaqları incə olduğuna görə onlarda naxışlar daha səliqəli alınırdı. Bundan sonra bu sənətlə qadınlar məşğul olmağa başladı. Bu sənət Şəkidə itib-batmaqda idi. Artıq 10 ilə yaxındır Azərbaycanda turizm sahəsi inkişaf etməyə başladıqdan, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəki 2010-cu ildə Azərbaycanın “Sənətkarlıq Paytaxtı” seçildikdən sonra bu sənət də inkişaf etməyə başladı. Çox vaxt araqçın papaq, telefon qabı üçün Şəkiyə gələn xarici qonaqlardan aldığımız sifarişləri çatdırmağa çətinlik çəkirik. İndi Şəkidə hər iki ailədən birində bu sənətin ustaları var».

Tikmə ustası Mehriban Xəlilzadə isə Bakıdandır. Dediyinə görə, tədbirdə iştirak edən Koreya, Fransa, Nigeriya və s. ölkələrdən olan qonaqlar əl işləri ilə yaxından maraqlanıblar. Qonaqlar tikmə texnikalarına, naxışların mənasına aid suallar verirlər.

 

Azərbaycan mətbəxinin UNESCO siyahısına salınması üçün müraciət ediləcək

 

Üçüncü gün çay dəstgahı nümayiş etdirilirdi. Məlumdur ki, çay dünyanın əksər ölkələrində içilir. Amma Azərbaycanda bu, dəstgah formasında təqdim olunur.

Sərgidə Milli Kulinariya Mərkəzinin üzvləri tərəfindən Azərbaycanın milli şirniyyatları olan şəkərbura, paxlavanın hazırlanması, naxışlanması prosesi nümayiş etdirilirdi. Ekspozisiyada həmçinin 15 növ kəklikotu, müxtəlif meyvələrdən hazırlanmış mürəbbələr, digər şirniyyatlarımız da vardı. Bundan əlavə, sərgidə Milli Kulinariya Mərkəzinin gördüyü işlər, iştirak etdiyi beynəlxalq tədbirlər barədə məlumatlar, Azərbaycan mətbəxinə aid kitablar yer almışdı.

Mərkəzin direktoru Tahir Əmiraslanov Azərbaycan mətbəxinin UNESCO-nun siyahısına salınması üçün müraciət edilməsini vacib sayır: “Bildiyiniz kimi, ayrı-ayrı yeməklərimiz xüsusilə mənfur qonşularımız tərəfindən təhriflərə məruz qalır. Mətbəximizi qorumaq üçün mütləq bu quruma müraciət edəcəyik».

Qeyd edək ki, sərgi sahəsi elə qurulmuşdu ki, qonaqlar asanlıqla yaxınlaşıb istədikləri məlumatı ala bilirdilər. Onlar böyük maraqla şəkərburanın, paxlavanın hazırlanması ilə maraqlanır, prosesi yaxından izləyirdilər. Bəziləri şəkərburanın üzərini naxışlamağa çalışırdılar. Sonra isə hazır təamlarla çay içirdilər.

 

«Ömrümdə belə dadlı şirniyyat yeməmişəm»

 

Qonaqlardan bəzilərinin fikirləri ilə maraqlandıq. Nigeriyalı Babagana Abubəkr gördüklərindən çox təəccübləndiyini bildirdi: «Səhərdən bunun (əli ilə şəkərburanı göstərir) hazırlanmasına baxıram. Nə qədər incəlik tələb edən bir işdir. Bilirsiniz, ən maraqlısı nədir? Bu qədər zəhmət hesabına hazırlanmış bir şey bir dəqiqənin içərisində yeyilir. Amma çox dadlıdırlar. Etiraf edim ki, ömrümdə belə dadlı şirniyyat yeməmişəm. Burda lazım olan məlumatları yazıb götürmüşəm, gedəndə xanımıma verəcəyəm. Bəlkə bacarıb bişirə bildi» (gülür).

Babagana Abubəkrin dostu Cozef Okieriakhini isə, deyəsən, mürəbbələrimiz maraqlandırırdı. O, müxtəlif meyvələrdən hazırlanmış mürəbbələrə maraqla baxırdı. Dediyinə görə, onun ölkəsində belə şey bişirilmir.

 

Meydana aşıq gəldi

 

Dördüncü gün qonaqlar Azərbaycanın aşıq sənəti ilə tanış oldular. Səhnədə kiçik, orta və yaşlı nəsli təmsil edən aşıqların çıxışları bir-birini əvəz edirdi. Burada aşıqların deyişməsi, dastan danışması kimi məqamlar da öz əksini tapmışdı. Aşaq Yanvarın ifasında «Koroğlu» dastanından danışılan bir boy isə təkcə yerli insanların deyil, qonaqların da böyük marağına səbəb olmuşdu.

Qeyd edək ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısı”na daxil edildiyindən müxtəlif ölkələrin bu qurumdakı təmsilçiləri aşıqlarla yaxından maraqlanırdılar.

 

Ölkəmizin təbliğinə xidmət edən layihə

 

Tədbirin sonrakı günlərində nümayiş olunacaq istiqamətlərlə bağlı məlumatları mədəniyyət sahəsində ekspert, Avropa Mədəniyyət Parlamentinin üzvü, sərginin təşkilatçılıq işlərini koordinasiya edən Cahangir Səlimxanovdan alırıq. Onun sözlərinə görə, dekabrın 6-da sərgi şəbəkə sənətinə həsr olunacaq. Bu məqsədlə Şəkidən şəbəkə sənətilə məşğul olan ustalar dəvət olunub: «Düşünürük ki, bu, qonaqların marağına səbəb olacaq».

Sessiyanın altıncı günü, dekabrın 7-də isə xalq oyunları və meydan tamaşaları, açıq havada nümayiş olunan rəqslər göstəriləcək. Cahangir Səlimxanov deyir ki, ənənəvi saray rəqslərindən fərqli olaraq, bu rəqslər insanda bir qədər fərqli ab-hava yaradır: «Qonaqlar üçün yallı, tulumzurna rəqsləri göstəriləcək. Naxçıvanın Şərur rayonundan tulumçu gələcək. Bu, çox nadir alətdir. Ancaq Azərbaycanın dağ rayonlarında olur. Bundan əlavə, maral oyunu və kilimarası xalq tamaşaları da göstəriləcək. Bunların hər biri 5-10 dəqiqəlik tamaşadır. Yəqin ki, son iki gündə təşkil edilən sərgi də qonaqlarımızın marağına səbəb olacaq. Hesab edirəm ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə belə sərgilərin təşkili çox vacibdir. Bu, ölkəmizin təbliğinə xidmət edən, çox düzgün düşünülmüş bir layihədir».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 6 dekabr.- S. 7.