“Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs
Siyahısı”nda dörd yeni
nümunə
Azərbaycanla yanaşı, Qvatemala, Monqolustan və Uqandanın nominasiyaları da qəbul olundu
Bakıdakı “Marriott Absheron” hotelində
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası davam edir.
Dekabrın 4-də günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən iclasda UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na təqdim olunan nominasiya fayllarının müzakirəsi davam etdirildi. Xatırladaq ki, bu siyahıya ümumilikdə 11 nominasiya təklif edilmişdi.
Dekabrın 3-də keçirilən iclasda Azərbaycanın təqdim etdiyi “Çövkən - Qarabağ atüstü oyun ənənəsi” nominasiyası və Qvatemalanın dini ayinlərlə bağlı “Paach festivalı” qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi qəbul olunmuşdu.
Dekabrın 4-də keçirilən iclasda qalan nominasiyalara baxıldı. Gərgin müzakirələr və işgüzar diskussiyalar şəraitində keçən iclasda bəzi dövlətlərin təkliflərində yetərli məlumatlandırma və əsaslandırılmanın olmadığı bildirildi.
Makedoniyanın xalq ifaçılığı ilə bağlı müraciəti bu səbəbdən qəbul olunmadı. Meksikanın müraciəti (“Virikutaya ziyarət”) də eyni səbəblə komitədən keçmədi. Uqandanın Pakko xalqlarının qədim adqoyma xalq adəti ənənəsi (“Batooro, Banyoro, Batuku, Batagvenda və Banyabindi Empaako ənənəsi”) ilə bağlı nominasiya ilkin olaraq qəbul edilməsə də, sonrakı müzakirələrin gedişində bu ölkənin müraciətinə müsbət baxıldı və komitədə təsdiqləndi.
Həmçinin Monqolustanın xəttatlıq sənəti (şaquli yazılmış hərflər) ilə bağlı nominasiyası da müzakirələrdən sonra qəbul edildi. Monqolustan və Uqanda nümayəndələri bu qərara görə Hökumətlərarası Komitəyə təşəkkürlərini bildirdilər.
Botsvana, İndoneziya və Keniyanın təqdim etdikləri nominasiya faylları komitədən keçmədi.
Beləliklə, Hökumətlərarası Komitənin 8-ci sessiyasında UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na dörd ölkənin - Azərbaycan, Qvatemala, Uqanda və Monqolustanın təqdim etdiyi nominasiyalar qəbul olundu.
Bu məsələ ilə bağlı müzakirələr başa çatandan sonra UNESCO-nun təlimatına əlavə və dəyişikliklər edilməsi irəli sürüldü. Çin, Braziliya və İspaniyanın aktiv iştirakı ilə keçən müzakirələrdə 10-a yaxın təlimata əlavə və dəyişiklər edildi. Digər iştirakçı ölkələr tərəfindən hər hansı etiraz bildirilməyən əlavə və dəyişikliklər komitə tərəfindən təsdiq edildi.
S.Musa
Mədəniyyət.- 2013.- 6
dekabr.- S. 6.