Hökumətlərarası Komitənin gələcək fəaliyyəti müzakirə edildi

 

Növbəti illər üçün nominasiya qovluqlarının sayı gərgin diskussiyalara səbəb oldu

 

Dekabrın 5-i günün ikinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının növbəti iclası keçirildi.

 

İclasda komitənin 2014-cü il üçün məşvərətçi və köməkçi qurumun yaradılması ətrafında müzakirələr aparıldı. İlk olaraq təqdim olunmuş qərar layihəsi nəzərdən keçirildi və 16 maddə qəbul edildi. Həmçinin AlbaniyaBurkina Fasonun təklifləri əsasında sənədə müvafiq olaraq iki maddə əlavə edildi. Bir sıra ölkə təmsilçilərinin rəy və təklifləri nəzərə alınmaqla sənəd qəbul olundu.

2014-cü il üçün məşvərətçi və köməkçi qurumların yaradılması maraqlı fikir mübadiləsi ilə yadda qaldı. Gələn il üçün məşvərətçi qurumun yaradılması və onun texniki şərtləri nəzərdən keçirilərkən nominasiya qovluqlarında, formulyar səhifələrdə düzəlişlər müzakirə edildi.

Həmçinin müvafiq dövr üçün köməkçi qurumun yaradılması və onun texniki şərtləri nəzərdən keçirildi. Braziliya, Nigeriya, İspaniya, Albaniya, Çexiya, Qrenadanın təmsilçiləri məsələ ilə bağlı təkliflər irəli sürdülər, birgə müzakirələrdə katiblik çərçivəsində hazırlanan sənədlər barədə fikir bildirdilər. Qeyri-maddi mədəni irs nümunələrinin qorunma tədbirləri, onun maliyyə istiqamətləri ətrafında da geniş fikir mübadiləsi aparıldı.

İclasın sədri şərtlər toplusunun qəbul edildiyini diqqətə çatdırdıqdan sonra birbaşa siyahı məsələsini də müzakirəyə təqdim etdi. Məşvərətçi orqanda 6 QHT və 6 müstəqil ekspertin təmsil olunmalı olduğunu, həmçinin onların coğrafi müxtəlifliyinin önə çəkilməklə bütün regionları əhatə etməsi fikirləri irəli sürüldü. Təklif olunan qurumlar və təmsilçilər ətrafında müzakirələr aparılsa da, namizədlərin təsdiqlənməsi və qərarın bununla bağlı bəndi növbəti iclasa saxlanıldı.

Digər müzakirə olunan məsələ 2014-cü il üçün təqdim olunmuş nominasiya qovluqlarının sayı və 2015-2016-cı illərdə müraciət olunması mümkün sayılan fayllar oldu. Bildirildi ki, bu sənəd vasitəsilə Komitə 2015-2016-cı illərdə nəzərdən keçirilə biləcək faylları müəyyən edəcək. Həmçinin 2014-cü il üçün faylların sayı barədə məlumat verildi və müzakirələr aparıldı. Bu məsələ ətrafında uzun fikir mübadiləsi edən iştirakçılar tərəfindən keçmişdə aparılan hesablamalara nəzarət mexanizmi, faylların say sıralaması fikir ayrılıqlarına səbəb oldu. Qovluqların say məsələsi, operativlik xətrinə onun məhdudlaşdırılması barədə rəylər üzv dövlətlərin təmsilçilərinin diqqətinə çatdırıldı.

Qovluqların sayının 80-ə endirilməsi və bununla da mexanizminin imkanlarına müvafiq ola biləcəyi əsas gətirildi. Latviya, Nikaraqua, Albaniya, Azərbaycan, Peru, Belçika və digər ölkələrin nümayəndə heyətləri məsələ ətrafında təkliflərini səsləndirdilər, bu həssas olduğundan incəliklə araşdırılması üçün say məhdudiyyətinə toxundular. Növbəti iki il üçün ildə 40 qovluğun nəzərdən keçirilməsinin real olduğu bildirildi. Bəzi ölkələrin nümayəndələri isə qovluqların tərtibat forması istiqamətində əlavə səylərin göstərilməsini və bu zaman say məhdudiyyətinin də aradan qalxa biləcəyini vurğuladılar.

Bənd-bənd bölünməklə geniş müzakirələrə səbəb olunan məsələ barədə çıxışlarda faylların iki ildən birya hər il olmaqla nəzərdən keçirilməsi də müzakirəyə çıxarıldı. Bu təklifə tərəfdar olanlarla yanaşı, narazı ölkələrin də fikirləri dinlənildi və faylların sayının 50-yə çatdırılması təklif olundu. Çex Respublikası, Nikaraqua, İspaniya, Çin kimi üzv ölkələr isə fayl saylarının ümumi azalmasını nəzərə almaqla illik baxılmalı nominasiyalar üzrə sayın 150 müəyyən olunmasını israrla irəli sürdülər. İclas öz işini məhz bu nüans ətrafında davam etdirdi, ən müxtəlif say və fəaliyyət mexanizmi təklifləri dinlənildi, müzakirələr aparıldı.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2013.- 6 dekabr.- S. 5.