“Yağış”ın
izləri
Son illər İran
kinematoqrafçılarının çəkdiyi ekran əsərləri dünyada
geniş tamaşaçı
auditoriyası toplayır. Bu mənada
tanınmış rejissor Məcid Məcidinin
“Yağış” filmi (2001) mövzu və problemin ekran həlli baxımından maraqlıdır.
Filmdə qonşu Əfqanıstanda baş verən vətəndaş müharibəsindən sonra İranda məskunlaşan qaçqınların ağır vəziyyəti təsvir olunur. Memarın (Məhəmməd Rza Naci) rəhbərlik etdiyi ağır tikintidə qanunsuz işləyən Nəcəf (Qulam Əli Bakşi) yarımçıq tikilidən yıxılaraq ağır yaralanır. Ac-yalavac qalan ailəni dolandırmaq onun yeniyetmə övladının üzərinə düşür. Rəhmət (Zəhra Bəhrami) adı ilə təqdim olunan bu çəlimsiz gəncin tikintiyə işləməyə gəlməsi hər kəsi təəccübləndirir. O, ağır sement torbasını qaldırarkən aşırır və onu mətbəx işinə keçirirlər. İşinin nisbətən yüngülləşməsini düşünsə də, bu dəfə gənc Lətifin (Hüseyn Abidini) qəzəbinə tuş gəlir.
Gənclə ədavətini davam etdirən Lətifin onun gətirdiyi çayı içməməsi, mətbəxdəki qab-qacağı sındırması, başına yuxarı mərtəbədən sement tökməsi onlar arasındakı ziddiyyəti daha da gərginləşdirir. Lətif təsadüfən mətbəxin pərdəsi arxasında uzun saçlarını darayaraq yığıb gizləyən Rəhmətin oğlan deyil, qız olduğunu görməsi hadisələrin məcrasını dəyişir. Bəlli olur ki, onun əsl adı Barandır (“baran” farsca “yağış” deməkdir).
Beləliklə, nifrət məhəbbətlə əvəzlənir, Lətif eqoist oğlandan qayğıkeş və alicənab insana çevrilir. Baranı tikintidə miqrantların qanunsuz işlədiyini aşkara çıxaran məmurlardan xilas etməsi, çətin vəziyyətdə olan qıza və ailəsinə kömək üçün dəfələrlə ağır sınaqlardan keçməsi onun təmiz və platonik sevgisinin mahiyyətini göstərməklə yanaşı, məhəbbəti uğrunda əsl fədakar olduğunu sübut edir...
Qəndəhardakı qardaşının ailəsindən məktub aldıqdan sonra təcili olaraq geri dönməyə qərar verməsi hadisələrin gedişatını dəyişərək filmin təsiredici sonluqla bitməsinə zəmin yaradır. Sonuncu səhnədə ondan ayrılıb gedən Baranın ayaqqabılarının palçıqda qalan izini yağış suları doldurur. Bu mənzərəyə baxaraq gülümsəyən Lətifin gözlərində bir ümid var: xəfif göz yaşlarını axıdan qara buludlar onların üzərindən çəkiləcək və tezliklə bu məsum sevginin günəşi doğacaq.
Film sadə, riqqətli və heyranedici sevgi hekayəsidir. Aktyorların ifası diqqətəlayiqdir. Onlar hadisələrin çoxunda astadan danışsalar da, emosiyalarını güclü şəkildə ifadə edirlər. Baran film boyu heç bir söz işlətmədən öz hisslərini yalnız mimika və jestlər vasitəsilə çatdırır.
Rejissor filmdə sevgini sübut etmək üçün təmasın əsas şərt olmadığını, qəlb birliyin əsl sevgi olduğunu demək istəyir. Bu mənada Lətifin bardaqdakı suyun yarısını içib, yarısını da bitkiyə tökməsi kimi detallar dediklərimizi sübut edir. Elə bu yüksək sənətkarlıq məziyyətlərinə görədir ki, «Yağış» filmi indiyədək müxtəlif beynəlxalq festivallarında 10-dək mükafat qazanıb.
Esmira Tahirqızı,
ADMİU-nun magistrantı
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 15.