Şəki səhnəsində
“Mahir aradüzəldənlər”
Əsaslı təmir
və yenidənqurmadan sonra teatrsevərlərin ixtiyarına
verilən S.Rəhman adına Şəki Dövlət Dram
Teatrında bərpa olunan tamaşalarla yanaşı, yeni səhnə
əsərlərinin də məşqləri gedir.
Teatrın direktoru Hikmət Nəbilinin sözlərinə görə, tanınmış ispan dramaturqu Xose Eceqarayın “Mahir aradüzəldənlər” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın tamamlanma işləri aparılır. Səhnə əsərinə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Quruluşçu rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı İlqar Saatovdur: “Maraqlı və aktual mövzunu əhatə edən tamaşada əməkdar artistlər Qəmər Məmmədova, İqrar Salamov, aktyorlar Rəhim Qocayev, Xanlar Həşimzadə, Akif Yusifov və başqaları rol alıb. Tamaşanı bu ayın sonuna təhvil verməyi düşünürük”.
Direktor qarşıdan gələn Yeni il bayramı və məktəblilərin qış tətili günləri ilə bağlı repertuarda müəyyən dəyişikliklər edildiyini dedi: “Məktəblilərin mənalı istirahəti üçün maraqlı səhnə nümunələrimizdən Mehman Musabəylinin “Ayı tək qalanda” nağıl-tamaşasını hazırlayırıq. Son məşqləri gedən tamaşa tətil günlərində balaca teatrsevərlərimizin ixtiyarına veriləcək”.
Teatrın repertuarına, həmçinin Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, Jan Batist Molyerin “Aldadılmış ər”, “Xəsis” və digər tamaşalar da daxil edilib.
Direktor növbəti ilə nəzərdə tutulan qastrol səfərləri, dəvətlər barədə də məlumat verdi: “Teatrımız 2014-cü ildə Türkiyənin Adana və Konya, Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərlərində keçiriləcək ənənəvi festivallara dəvət alıb”.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2013.- 11 dekabr.- S. 13.