Həmişəyaşar
Leyli-Gülxar...
Budəfəki tamaşa - “Leyli və Məcnun” Gülxar Həsənovanın 95 illiyinə həsr olunmuşdu
8 dekabr. Möhtəşəm Opera və Balet
Teatrı. Salon bir
daha (kim
bilir, neçənci kərədir) dahi Üzeyir bəy Hacıbəyli aləmi üstə köklənib.
Adətən, tamaşaçıları
daha çox gənclərdən ibarət
olan bu şərqi
şedevrin - “Leyli və Məcnun”un
bu axşamkı seyrçilərinin əksəriyyətini
ahıllar, qocalar təşkil edir...
Nədən ki, neçə gündü afişalar, kütləvi informasiya vasitələrindəki məlumatlar
bu tamaşanın Gülxar xanım Həsənovanın anadan
olmasının 95-ci ildönümünə
həsr edilməsindən
bəhs edir. Həmin ahıllardan
bir neçəsilə
həmsöhbətəm və
öyrənirəm ki,
onlardan biri - Nizami rayon Ağsaqqallar Şurasının sədri
Mayıl Əliyev Gülxar xanımın bacısı oğludur.
- Mayıl müəllim, yaşınızdan belə
məlum olur ki, siz Gülxar
xanımı səhnə
fəaliyyətinin elə
ilk günlərindən izləmisiz...
- Hə, elədir. Əlavə edim ki, mən
Gülxar xanımın
oğlu - görkəmli
aktyor Hamlet Qurbanovla bir sinifdə oxumuşam. Xalq artisti, “Şöhrət”
ordenli, Azərbaycan qadınlarının qəhrəmanlıq
rəmzi olan əfsanəvi Ərəbzəngi
rolunun mahir ifaçısı Gülxar
Həsənova 87 illik
ömrünün yetmişini
Azərbaycan incəsənətinə
həsr edib. O,
1918-ci ildə Şəmkir
rayonunun Bayramlı kəndində nüfuzlu bir bəy ailəsində
doğulub.
Atasını 1930-cu ildə itirən Gülxar orta məktəbi bitirdikdən
sonra Bakıya gəlir. Tibb məktəbinə
qəbul olunur, Əli Bayramov adına klubda
dram dərnəyinə yazılır,
kiçik rollarla çıxış edir.
Bu gənc qızın
güclü, məlahətli
səsini aşkar etsələr də, inqilabçı Həmid Sultanova təqiblər başladığından hər
şey korlanır.
Qohum-əqrəbasıyla birgə, gənc
Gülxar da “Sultanova” soyadına görə təzyiqlərə
məruz qalır.
Hətta
onu Tibb Məktəbindən xaric edirlər. Ona təklif edirlər
ki, babası Hacı Həsən ağanın adını soyad kimi götürsün.
Beləliklə, gənc Gülxar
Sultanova teatr ictimaiyyətinə Gülxar
Həsənova kimi tanınır.
Məlahətli, şaqraq səsi aşkarlanandan və dahi Üzeyir bəy də onu bir neçə
dəfə yoxladıqdan
sonra ona birbaşa Leyli rolunu oynamağı təklif edir. Gülxar xanım
danışırdı ki,
bu təklifin sevincindən günlərlə
yerə-göyə sığmayıb.
Leyli müvəffəqiyyətindən sonra “Əsli və Kərəm” operasında Əsli, “Aşıq Qərib” operasında Şahsənəm
və operettalarda bir sıra rollar
alır.
- Bəstəkarların “şah
əsər”i olduğu
kimi, ifaçıların
da...
- Hə, Gülxar xanımın səhnə
həyatında ən
böyük, ən maraqlı obrazı Müslüm Maqomayevin “Şah İsmayıl” operasındakı əfsanəvi
Ərəbzəngi rolu
olub! Bu obraz - sanki Gülxar xanımın səsinə,
səhnə jestlərinə,
boy-buxununa biçilmişdi!
Elə ona görə də küçədə-bazarda
ona “Ərəbzəngi
gəlir, Ərəbzəngi
gedir” deyirdilər.
Deyim ki, bugünəcən Azərbaycan
opera səhnəsində Gülxar
xanımın səsini,
səhnə hərəkətlərini,
obraza yanaşmasını,
Şah İsmayılla
əlbəyaxa döyüşdə
dizi üstə sürünə-sürünə oxuduğu “Kəsmə şikəstə”ni heç
kim göyərdə,
heç kəs təqlid edə bilmir.
- Deyirlər, Gülxar xanım şeir yazırmış...
- Bəli, o, həm də gözəl filoloq idi. Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini bitirmişdi.
- Bu an nədən pəjmürdə
olduz, Mayıl müəllim?..
- ...Gülxar xanımgil
3 qardaş, 2 bacı idilər. Qardaşları
Həmid, Nazim və Səlim ali savadlı
idilər. Həmid Sənaye İnstitutunu,
Nazimlə Səlim Pedaqoji İnstitutu bitirmişdilər. Hər
üçü müharibədən
qayıtmadı...
Gülxar
xanım o nakamlar haqda da şeir
yazmışdı:
Bacılar qardaşla öyünər
hər an,
Qardaşsız bacının günü bir qışdır.
Üç qardaşım vardı
mənim dünyada -
Üçü də cəbhədən
qayıtmamışdır...
- Gülxar Həsənova təqaüdə çıxandan
sonra səhnə arxasında da çox çalışdı...
- Bəli, Gülxar xanım səhnədən
ayrıldıqdan sonra
pedaqoji fəaliyyətə
başladı, opera səhnəsinə
çox tələbə
hazırladı.
Onun əməyi layiqincə qiymətləndirildi, Xalq artisti fəxri adına layiq
görüldü, müstəqil
Azərbaycanın “Şöhrət”
ordeni ilə təltif edildi, dünyadan köçəndə
dəfni dövlət
tərəfindən yüksək
səviyyədə təşkil
edildi. İndi də ki, gördüyünüz kimi,
“Leyli və Məcnun” operasının
bugünkü tamaşası
Gülxar Həsənovanın
95 illik yubileyinə həsr olunmuşdur.
* * *
Yüz kərədən
çox Leyli və Məcnun olmuş xalq artistləri Nəzakət
Teymurova və Mənsum İbrahimovun oynadıqları tamaşa
alqışlarla qarşılandı. Bu alqış
selindən unudulmaz sənətkara, Leylisi ilə səhnəmizdə
və sənətsevərlərin
yaddaşında silinməz
iz qoymuş Gülxar xanıma da pay düşürdü...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 11.