Sərnişin nəqliyyatında xidmətin təkmilləşməsi turizmin inkişafına dəstəkdir

 

“Ölkədən məmnun gedən əcnəbi ölkəmizə gəlmək istəyən üç adama, narazı gedən isə on adama təsir edə bilir

 

Turizm sektoru Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında xüsusi yer tutur, bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Amma inkişaf olan yerdə problemlərdən də qaçmaq mümkün deyil. Hazırda turizm sektoru təmsilçilərini narahat edən problemlərdən biri də sərnişin nəqliyyatı ilə bağlıdır.

 

Ölkəmizə gələn turistlərin heç də hamısı səfər müddətində turist şirkətləri və ya qaldıqları hotellərin nəqliyyat vasitələrindən yararlanmır. Onlar bir sıra hallarda ictimai nəqliyyatdan istifadə etməli olurlar. Lakin bu gün paytaxtımızda nəqliyyatın intellektual idarə olunması sahəsində mühüm işlər görülməsinə rəğmən, sərnişinlərə xidmət səviyyəsi, avtobuslarda təmizliyə riayət və s. məqamlarla bağlı vəziyyət heç də qənaətbəxş deyil. Sözsüz ki, bu, avtobusdan istifadə edən turistlərdə də müsbət rəy formalaşdırmır.

Xarici ölkələrdə turist cəlbi məqsədilə müxtəlif yeniliklər tətbiq edilir. Bu, turistlərin bilavasitə təmasda olduqları ictimai iaşə, ticarət və nəqliyyat sahəsində də özünü göstərir. Qardaş Türkiyənin bu sahədə geniş təcrübəsi var.

Turistlərə daha yaxşı xidmət təqdim etmək üçün ticarətlə məşğul olan şəxslər ingilis və ərəb dillərini öyrənməyə başlayıblar. Bu məqsədlə onlara kurslar təşkil edilib. Ticarətlə məşğul olan şəxslərin ən az iki dil bilməsi nəzərdə tutulur.

Eyni zamanda turistlərin daha rahat səyahət etmələrini təmin etmək üçün taksi sürücülərinə ingilis dili kursları keçilir. Xarici dil bilmək taksi sürücüsünə imkan verir ki, hansısa tarixi bir abidənin yanından keçərkən turistə ən azından onun haqqında qısa məlumat verə bilsin.

Türkiyədə, eləcə də turizmin inkişaf etdiyi digər ölkələrdə sərnişindaşıma nəqliyyatında müasir texnologiyalar geniş tətbiq olunur. Avtobuslar internet, naviqasiya sistemləri ilə təchiz edilib. Bütün avtobuslarda «ağıllı anons» və yazı sistemləri tətbiq edilib. Dayanacaqlara «ağıllı etiket» cihazları yerləşdirilib. Mobil telefonu yaxınlaşdırdıqda dayanacaqdan keçəcək avtobuslayolla əlaqədar məlumatları görmək mümkündür. Hətta «Android» tipli mobil telefon istifadəçiləri rəsm çəkərək dayanacaqdakı səfər saatlarını göstərən cədvəlin altındakı «barkodu» oxutmaqla avtobusun səfər müddətini öyrənə bilirlər. Sərnişindaşımada tətbiq edilən digər bir yeniliksə elektrikli avtobusların tətbiqidir ki, həmin avtobuslardan turistlər mobil telefon vasitəsilə keçdikləri yerlə bağlı məlumat ala bilirlər. Bu kimi yeniliklərin tətbiqi, təbii ki, ölkəyə gələn hər bir turist üçün əlverişlidir.

Qeyd etdiyimiz kimi, bizdə də bu sahədə müəyyən yeniliklər tətbiq olunur. ATİ-nin turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalovun fikrincə, Bakı şəhərində xırda tutumlu avtobusların iritutumlularla əvəz edilməsini müsbət hal kimi qiymətləndirmək olar: «Lakin hazırda bu sahədə problemlər hələ də var. İritutumlu avtobusların Bakının dar küçələrində bir-biri ilə ötüşməsi, sürücülərin kobud davranışları, avtobusları harada gəldi saxlamaları, sükan arxasında siqaret çəkmələri, telefonla danışmaları, radioya maqnitofona yüksək səs vermələri, sərnişinlərin haqlı iradlarına kobud cavab vermələri, avtobusların sınıq-salxaqlığı və s. kimi halları görmək olar. Hesab edirəm ki, əlaqədar qurumlar bu istiqamətdə bir sıra işlər görməlidir. KİV-lər də bu sahədə bir sıra problemlərin olduğunu mütəmadi olaraq qeyd edir. Amma problemlər qalmaqdadır. Tez-tez baş verən avtobus qəzaları da buna misaldır”.

Mütəxəssis deyir ki, xarici ölkələrə səfər zamanı bu sahədə fərqi görmək mümkündür: «Avtobuslar təmiz, oturacaqlar səliqəli, sürücülər nəzakətli, hamısı xüsusi formalarda, ancaq dayanacaqlarda minib-düşmək mümkündür, dayanacaqlar elan edilirs. Ölkəmizə gələn xarici qonaqların sayı ildən-ilə artır və, onların xeyli hissəsi Bakıda olarkən ictimai nəqliyyatdan istifadə edirlər. Təbii ki, biz əcnəbi qonaqların ölkəmizdən mənfi təəssüratla getməsini istəmirik. Ekspertlərin hesablamalarına görə, ölkədən məmnun gedən hər bir əcnəbi ölkəmizə gəlmək istəyən 3 adama, narazı gedən isə 10 adama təsir edə bilir. Bunun üçün, bir sıra sahələr kimi, sərnişindaşıma xidmətinin təkmilləşməsinə də ehtiyac var”.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 9.