Bu naxışlarda gözəllik, xeyirxahlıq, sevgi əksini tapıb”

 

Bizim üçün belə bir əhəmiyyətli hadisə məhz dost Azərbaycan torpağında baş verdi

 

Xəbər verdiyimiz kimi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında “Petrikov naxışları - XIX-XXI əsrlər Ukrayna dekorativ-ornamental rəngkarlığı” nominasiyası “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib. Bu münasibətlə dekabrın 6-da «Marriott Absheron» hotelində Ukrayna nümayəndə heyəti tərəfindən “Petrikov naxışları” sərgisi və ustad dərsləri keçirildi.

 

Sərgini Ukraynanın Dnepropetrovsk vilayətinin Petrikov rayon sovetinin sədri Nataliya Kovalenko və “Petrikov naxışları” ustaları - Valentina Panko, Lyudmila Brija, Nikolay İşşuk, Olqa Qavrilenko, Konstantin Boqomaz, Dmitri NedviqaTatyana Kostoqlod təqdim edirdilər. Sərgidə bənzərsiz üslubda tərtib olunmuş suvenirlər (panno, sancaqlar, vazalar, boşqablar, qadın bəzək əşyaları və s.) nümayiş etdirilirdi.

Nataliya Kovalenko qəzetimizə açıqlamasında bildirdi ki, Ukrayna dekorativ-ornamental rəngkarlığının əsrarəngiz nümunəsi olanPetrikov naxışları”nın UNESCO siyahısına salınması onlara sonsuz sevinc bəxş edib: “Bizim üçün belə bir əhəmiyyətli hadisə məhz dost Azərbaycan torpağında baş verdi. Bu sənətin tarixi çox qədimdir. Təsəvvür edin ki, Petrikov qəsəbəsində elə bir ailə yoxdur ki, onun ən azı bir üzvü bu sənətlə məşğul olmasın. Petrikov naxışları rənglərlə, simvollarla zəngindir. Hər bir naxışın öz mənası var. Bu naxışlarda gözəllik, xeyirxahlıq, sevgi və dəyər əksini tapıb”.

Ölkəmizə ilk dəfə gəldiyini deyən müsahibimiz Bakı ilə tanışlığın onda zəngin təəssürat yaratdığını dedi: “Şəhərdə müasirliklə qədimliyin vəhdətini görmək mümkündür. Burada gördüyümüz qonaqpərvərliyi heç vaxt unutmarıq. Elə bil öz ölkəmizdə, doğma şəhərimizdəyik. Təqdim etdiyimiz nominasiya UNESCO-nun siyahısına daxil edildikdən sonra qaldığımız hoteldə bizim üçün bir təbrik mərasimi təşkil etmişdilər. Təsəvvür edə bilməzsiniz, bu bizi nə qədər sevindirdi. Ümumiyyətlə, Ukrayna və Azərbaycan xalqları həmişə mehriban olublar, bir-birilərini seviblər və hörmət ediblər».

Qeyd edək ki, Ukrayna sərgisinə qatılanlar eksponatları böyük maraqla izləyir, təşkilatçılara müxtəlif suallar verir, eyni zamanda ukraynalı ustaların nümayiş etdirdikləri «Petrikov naxışları» ornamentinin işlənmə texnikasını öz gözləri ilə görmək imkanından yararlanırdılar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 7.