“Məmməd Araz poeziyaya dərk olunan tarix gətirdi”
Dekabrın
9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Akademik Milli Dram
Teatrında müasir Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət
mükafatı laureatı Məmməd Arazın (1933-2004) 80
illiyinə həsr olunmuş təntənəli
yubiley gecəsi keçirildi. Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev,
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev, digər rəsmilər,
millət vəkilləri, elm və mədəniyyət
xadimləri, ədəbi ictimaiyyətin nümayəndələri
iştirak edirdilər.
Teatrın foyesində Məmməd Arazın kitabları, onun ədəbi irsinə həsr edilmiş tədqiqat əsərləri və müxtəlif dövri nəşr nümunələrindən ibarət “Poeziyamızın Məmməd Araz zirvəsi” adlı sərgi təşkil olunmuşdu.
Yubiley gecəsində çıxış edən ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xalq şairinin 80 illiyinin geniş tədbirlərlə qeyd edildiyini, yubiley tədbirlərinin ölkəmizin ədəbi-mədəni həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdırdı. Bildirildi ki, il ərzində ali və orta məktəblərdə, mədəniyyət ocaqlarında, müxtəlif mərkəzlərdə, ümumiyyətlə, ölkəmizdə bir Məmməd Araz əhval-ruhiyyəsi yaşanmaqdadır.
Məmməd Arazı Azərbaycan poeziyasının nəhəng simalarından biri kimi xarakterizə edən Nizami Cəfərov şairin ədəbiyyatımıza yeni üslub, yeni modellər, yeni düşüncə konstruksiyaları gətirdiyini dedi: “Məmməd Araz poeziyaya dərk olunan tarix gətirdi. Onun vurğusu, intonasiyası, ritmi Azərbaycan poeziyasının damarlarından axıb keçdi”.
Nizami Cəfərov görkəmli söz ustadının etnoqrafik bir şair kimi ədəbiyyata gəldiyini dedi: “Əlbəttə, şair gərək ədəbiyyata belə gəlsin. Millətinin, torpağının ruhunu, vətənin əhval-ruhiyyəsini, coğrafiyasını gətirsin. Əgər belə olmasaydı, onun şeirləri bu qədər təsirli alınmazdı. Məhz bunun nəticəsi idi ki, Məmməd Araz Azərbaycanın böyük şairlərindən birinə çevrildi”.
Qeyd olundu ki, alovlu qələm sahibi siyasi poeziyanın ən gözəl nümunələrini yaradıb. Azərbaycan tarixinə onun qədər dərindən müdaxilə edən, ona gələcək kimi baxan ikinci bir şair təsəvvür etmək çox çətindir. Şair inamla, yüksək milli ideologiya ilə ədəbiyyata gəldi. Sovet dövründə bu o qədər də asan deyildi. Buna görə şair dəfələrlə təqiblərə, təzyiqlərə məruz qalsa da, bu onun yaradıcılıq iradəsini sındıra bilmədi. O, ömrü boyu milli ruhu özündə daşıyan iddiasından əl çəkmədi. Məhz bu keyfiyyətlərinə görə ədəbiyyat və mədəniyyətimizin böyük hamisi ulu öndər Heydər Əliyev Məmməd Arazın həm şəxsiyyətini, həm də yaradıcılığını həmişə yüksək qiymətləndirir, onu qoruyurdu.
Məmməd Araz yaradıcılığı o səviyyəyə gəlib çatmışdı ki, onun haqqında danışmaq ümumən Azərbaycan poeziyası, ədəbi-ictimai fikrinin səviyyəsi haqqında danışmaq demək idi. Məmməd Araz deyirdi ki,
Azərbaycan - mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola
bilər.
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə
toxuna bilər.
Bu mənada Məmməd
Araz xalqın üslubunu ifadə edən sənətkar kimi ortaya çıxmışdı. Ən ağır
zamanlarda onun poeziyası susmadı, döyüşdü. Məmməd Araz Vətən daşından, onun nə demək olduğundan, eləcə də bir-birinə daş atan vətən
övladlarından danışırdı.
Onun ədəbi irsi mürəkkəb polemikalarla
dolu bir yaradıcılıqdır. Heç bir şeiri təsadüfən meydana çıxmayıb, onların
hər birinin konkret ünvanı var.
Məmməd Arazın poeziya dili mürəkkəbdir. Bəzən olduqca
sadə, aydın ifadələr arxasında
ciddi mətləbləri
ehtiva edən anlayışlar, mülahizələr
dayanır. Buna görə də Məmməd Araz həm də bizim dilimizin tarixində, düşüncəmizin
modernləşməsində bir hadisədir. Məmməd
Araz misra-misra yazmırdı. O, fikir-fikir,
ideya-ideya yazırdı.
Amma bunu o qədər mükəmməl bir konstruksiya ilə təqdim edirdi ki, bu da
onun bir şair kimi orijinallığından xəbər
verirdi.
Bu gün demək
olar ki, hər kəsin bir Məmməd Arazı var. Şair öz idealları ilə ədəbi, ictimai, ideoloji, mədəni bir obrazdır. Şeirləri qədər mükəmməl,
yaradıcılığı qədər canlı bir obrazdır.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının
sədri, Milli Məclisin
deputatı Fəttah Heydərov Məmməd Arazla olan münasibətlərindən
danışdı, onu
sadiq dost, böyük
söz sərrafı kimi dəyərləndirdi:
“Hər kəs bu gün Məmməd
Araz haqqında ən gözəl sözlər söyləyə
bilər. Onun kitabları stolüstü
kitablarımız, şeirləri
qəlbimizin şeirləridir.
Ölkəmizin hansı bölgəsinə
gedirsən, Məmməd
Arazı xatırlayırsan.
Çünki o, vətənin hər
bir guşəsinə
şeirlər həsr
edib. O, mehriban insan, sadiq dost idi. Məmməd Arazın təkcə
şeirləri yox, söhbətləri də
ədəbiyyat idi”.
Xalq şairinin ailəsi adından çıxış
edən yazıçı-publisist,
Milli Məclisin deputatı
Aqil Abbas Məmməd Arazın 80 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi haqqında
Prezident İlham Əliyevin imzaladığı
sərəncamın əhəmiyyətindən
danışdı, tədbirin
təşkilinə görə
dövlət başçısına,
Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Tədbirin bədii hissəsində tanınmış incəsənət
ustaları şairin dillər əzbərinə
çevrilmiş şeirlərini
səsləndirdilər, sözlərinə
bəstələnmiş mahnıları
ifa etdilər.
Fariz Yunisli
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 3.