Əl əməyi, göz nuru

 

Qədim ənənələrə malik tikmə sənəti ilə sadə xanımlarla yanaşı, zəngin təbəqəyə məxsus qadınlar da məşğul olublar. Nəsillərdən nəsillərə keçərək günümüzədək gəlib çatan sənəti bu gün yeni-yeni elementlərlə süsləyən ustalarımız var.

 

Əsrlər öncə ölkəmizə səyahət edən tacirlər, səyyahlar və diplomatlar tikmə sənətinin inkişafı haqqında maraqlı məlumatlar toplayıblar. Hələ XIII əsrdə italyan səyyahı Marko Polo Şamaxıda və Bərdədə gördüyü yerli ipək məmulatlarının, zərif işləməli geyimlərin gözəlliyindən bəhs edib.

Araşdırmalarda göstərilir ki, Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyasının qədim tarixi var. Arxeoloji materiallara əsasən naxış salmanın müxtəlif növlərinin yayılma xüsusiyyəti müəyyənləşdirilib. Məsələn, bədii tikmələrdəki ornamentlərin sadə elementləri - düz və sınıq xətlər, ziqzaqların nöqtəvi ornamentləri, dairəciklər, üçbucaqlar, romblar erkən bürünc dövrünün (Azərbaycanda e.ə. III minillik) saxsı qablarında izləmək mümkündür.

XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şeirlərlə bərabər, zərif tikmələr müəllifi də olub. Muzeylərimizdə şairənin yüksək bədii xüsusiyyətlər kəsb edən bir neçə tikməsi saxlanılır. Muncuqlarla bəzədilən belə bədii tikmələrdən birini Natəvan 1858-ci ildə Azərbaycana gələn məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə edib. Əl işinin incəliyinə heyran qalan Düma onu “ən dəyərli hədiyyə” adlandırıb. Natəvanın əl işləri və rəsmləri Rusiyanın müxtəlif şəhərlərində təşkil olunan sərgilərdə nümayiş olunub. 1882-ci il Ümumrusiya sərgisinin Qafqaz şöbəsi vitrinində qoyulan sənət nümunələri içərisində Xan qızının mahud üzərində qızılı və gümüşü saplarla toxuduğu əsərlər xüsusilə seçilib.

XIX-XX əsrin əvvəllərində bədii tikmələr üçün xammal olaraq yerli istehsal olan qanovuz, darai və məxmərdən istifadə edilib. Bu materiallar əsasən Şamaxı, Basqal, Şəki, Gəncə, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanıb. Bədii tikmə üçün yerli ipək, yun saplardanyerli basmaqəliblərdən geniş istifadə olunub.

Məişətimizdə tikmələr əsasən güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, “quş gözü” texnikasında tikmə, basmanaxış, düymələmə, qurama, spiral şəkilli və s. formalarda hazırlanıb. Bu tikmə növlərinin ən qədimi qızılı və gümüşü saplarla işlənmiş bədii tikmələr olub. Belə əl işlərində əsasən çox sıx parçadan istifadə edilib. Qırmızı, tünd-qırmızı, bənövşəyi və yaşıl rəngli məxmər ən yaxşı material hesab edilib.

Azərbaycanın qədim bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənib. İpək parçalar üzərində mirvariya digər qiymətli daşlarla bəzədilərək işlənən təsvirlər heyranedici olur. Həmin əl işlərində qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq gülləri, sünbül, eləcə də nar, heyva, alça çiçəkləri, müxtəlif formalı yarpaqlar təsvir edilib. Eyni zamanda müxtəlif çalarlı incə mahud, atlas, tumac dəri üzərində də bədii tikmələr işlənib. Güləbətin adlanan bu tikmə növündə fabrik istehsalı olan qızıl və gümüş saplardan istifadə olunub.

Rəngli ipək saplarla işlənən bədii nümunələr arasında təkəlduz tikmələri daha geniş yayılıb. Təkəlduzçuluq üçün əsas material qismində yerliya xaricdə istehsal olunan qırmızı, qaratünd-göy rəngli məxmər və mahud işlədilib. Bu bədii tikmələrlə qadınlarla yanaşı, kişilər də məşğul olublar. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, ayaqaltı xalçalar və örtüklərə bəzək vurulub.

Bədii tikmələrin geniş yayılan növlərindən biriquş gözü” - ya rəngli ipəklə vurulan bəzəklərdir. “Düymələmə” bədii tikmələrinə araqçın, şəbkülah (gecə baş geyimi), canamaz, eləcə də yun geyimlərin bəzəklərində rast gəlinir. O, adi, su tikişi, astarüz arasında nazik yun, yaxud da pambıq təbəqəsi qoymaqla icra edilib. Mirvarimuncuqlu bədii tikmələrlə isə kostyumbir çox məişət əşyaları bəzədilib.

Ustalarımızın incə zövqlə hazırladıqları əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir. Azərbaycana aid olan xeyli tikmə sənəti nümunəsi Budapeştdəki “Dekorativ sənətlər” və “Şərq incəsənəti” muzeylərində saxlanılır. Bunlar ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir. Bu nümunələr içərisində XVI əsrdə Təbriz ustaları tərəfindən hazırlanan pərdə xüsusilə diqqəti çəkir. Dünyanın muzeylərində ölkəmizə məxsus 200-dən artıq xalq sənəti nümunəsi mühafizə olunur ki, onların da arasında xalça, parça, tikmə və digər bədii sənət nümunələri var.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 15.