Yarpaq ömrü

 

Düşüncə

 

 

Payızın son günləri. Artıq qış qapını döyür. Səhərin soyuq küləyi ağacların budaqlarını titrədir. Saralıb büzüşmüş yarpaqlar bu titrəyişə tab gətirməyərək torpaq üzərinə səpələnir, sarı xalıya bənzəyirlər.

 

Sakitlikdə küləyin üşüdücü uğultusubir də yarpaqların ağaclardan qoparaq töküldüyü yerdə xışıltı yaratması insan qəlbini titrədir, onda nə isə başqa duyğu, başqa xatirə yaradır. İnsan duyğulanır, düşünür, öz-özlüyündə götür-qoy edərək elə hey, nə isə axtarır və axtardığı suallara cavab tapmağa çalışır.

Mən də həmin gün vıyıltı ilə əsən küləkdən qorunmağa çalışaraq ora-bura çırpınan budaqlarabir də xəzəl olub yerdə xışıldayan yarpaqlara baxdıqca qəlbimdə nə isə qəribə bir duyğu yarandı. Bu duyğu məni kövrəltdi, hardasa qəlbimin gizli bir yerində sızıltı, kədər hiss etdim o anda!

Həmin anda bu soyuğa, şaxtaya tab gətirən ağacla ömrü boyu əlləşib-vuruşan, çörəkpulu qazanmaq üçün min bir əziyyətə qatlaşan insanları müqayisə etdim. Ağaclar da insanlar kimidir, hər cür sazağa, soyuğa dözür, budaqlardan hər payızda saralıb yerə tökülən yarpaqların arxasınca həsrətlə, nisgilliklə deyil, ümidlə baxırlar. Bu ümid işığı onları yaşadır. Yenə yaz gələcək, ağaclar tumurcuqlayacaq. Payızda onları tərk edib gedən yarpaqların yerində yeniləri yaranacaq, yaşıl qol-budaqlar ağacların gövdəsini etibarlı dost kimi əhatəyə alacaq. Meyvə ağacları öz barları, gül-çiçəklər ətirli ləçəkləri ilə insanları sevindirəcək, onların qəlblərinə fərəh gətirəcək, ruhən, mənən onlara xoş duyğular bəxş edəcək. Quşlar isə ağacların budaqları üzərinə qonaraq şirin nəğmələr oxuyaraq insanlara xoş əhval-ruhiyyə bəxş edəcək. İnsanlar isə bu gözəllikdən zövq ala-ala həmin ağacın altında dincələcək, rahatlanacaqlar. Bax buna görə də ağaclar payızın, qışın soyuq sazağına, tufanına tab gətirə bilir, onların qarşısında qürurla dayana bilirlər.

İnsan! Bəşər tarixinin yaradıcısı, qurucusu, dəyərli işi, əməli ilə dünyaları fəth edən varlıq. Öz savadı, biliyi, zəhmətsevərliyi ilə bu günümüzün real həyatında mühüm rollar oynayan dünyamızın dəyərli varlıqları. Bu gün biz tariximizi birər-birər vərəqlədikcə hər nə varsa onun başında sənin adının, sənin əvəzsiz zəhmətinin olduğunu görürük. Sənin xidmətlərin nəticəsində bu gün dünyamız dəyişir, şəhər və rayonlarımız günü-gündən abadlaşır, böyüyür, gözəlləşir. İllər keçdikcə insanlarımız daha çox bilik, savad qazanaraq, daha böyük işlər görərək daha uca zirvələr fəth edirlər.

Amma bu qədər gücə, qüvvəyə, qüdrətə malik olan insanın dünyadan köçərək torpaq altında əbədi yatdığını düşünmək ağır gəlir. Ona görə də torpağa qarışan insan cismi ilə torpağa qarışaraq orada çürüyən yarpaqları müqayisə etdim.

Bəli, yarpaqlar payızda çürüyür. Yazda isə yenidən ağaclara bəzək verərək onları daha da gözəlləşdirir. Torpağa qovuşan insan isə orada özünə əbədi məskən tapır. Düzdür, bu dünyada onun çox izi, çox əməli qalır. Amma özü isə heç vaxt geri qayıda bilmir. Yalnız adı, əməli xatirələrdə qalır.

Mən ona görə də torpağa tökülüb orada çürüyən və yazda yenidən qayıdacaq yarpaqları, bir daha heç vaxt geri qayıda bilməyəcək insanla müqayisə etdikdə yarpaqlara qibtə hissi ilə baxdım, ağacları bəxtəvər hesab etdim. Ürəyimin hansı yerindəsə qəribə bir hiss məni özünə çəkdi və düşündüm: kaş insan davaxtsa geri dönə biləydi. Kim bilir, onda nələr ola bilərdi. Payızın soyuq küləyi və bir də kədərli düşüncələr məni üşütdü, qəlbimi titrətdi və bu duyğularla evə dönməli oldum.

 

Məryəm Əliyeva,

Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı

 

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 15.