Köhnə
şeirlərin təzə havası
Fəxrəddin Ziyanın “Şeiriyyətim şeirim” kitabı haqqında düşüncələr
Özünəməxsus poetik dünyası olan Fəxrəddin Ziyanın mənə bağışladığı “Şeiriyyətim, şeirim” adlı kitabından ilk oxuduğum misralar könlümü yaman tutdu:
Mənim Kəbəm də sən, Mədinəm də sən,
Bir daşın bəs eylər min heyrət üçün.
Bir ovuc
torpağın yetər, ey Vətən,
Yüzlərlə zəvvara ziyarət üçün.
Yaradıcı insanlar ələ qələm alandan həmişə
Vətəninə üz tutub, öz gücü, qabiliyyəti,
imkanı daxilində ona sevgisini, məhəbbətini bildiriblər. Sadəcə,
bu ərməğanların adı və müəllifləri
müxtəlif olub. Abbas Səhhətdən
üzü bəri Vətənlə bağlı neçə
şairimizin qızıldan dəyərli şeirləri
yaddaşımıza həkk edilib. Bu dərya
dərinləşdikcə hər dəfə yeni bir
bulağın çağlayışı da baş verir.
Həqiqətən də, dünya köhnə
dünyadır, sevgiləri təzədir. Bu
mənada Fəxrəddin Ziyanın Vətənə
ünvanladığı şeirlərində təkcə yurd
sevgisi, daha dəqiqi tərənnüm duyulmur. Bu
şeirlərdə həm də qəlbimizi neştərləyən
bir fəryad var. Şair adını andında, sevgisini
canında yaşatdığı Vətənin başına gətirilən
faciələri içindən keçirə-keçirə
“qeyrət Xocalıda, Şuşada qalıb” harayını
çəkərək bizi haqlı bir ittihamla üz-üzə
qoyur:
Dərdi
bir yandadır, nəfsi bir yanda,
Sərvət azarına tutulan millət.
Korlaşmış
qılıncı paslanır qında,
Söhbət azarına tutulan millət.
“Hardan başlanır vətən?” Fəxrəddin
Ziyanın şeirlərindən birinin adıdır. Cavab bəllidir. Sovet
dövründə bu mövzuda inşa yazdırardılar.
Bu başlanğıc Vətən də
SSRİ-nin bizə uzaq guşəsi, deyək ki, Kamçatka
olardı. Elə bişmiş toyuğun da
gülməyi tutan bu süni ideyalar da çox yaşamadı.
Əslində hər kəsin Vətəni
öz beşiyindən başlayır. Bu mənada müəllifin
“Masallı”, “Lənkəran”... adlı şeirlərinin ahəngindəki
yurdsevərlik təbiidir:
Sən mənim
dünyaya göz açdığım yer,
Sən mənə torpağı sevdirən məkan.
Sən mənim
ilhamla söz açdığım yer,
Sən mənə Vətəndə Vətənsən,
inan.
“Xanbulan” şeirində də şairin doğma yurda
bağlılığı, onun
füsunkarlığını böyük məhəbbətlə
vəsf etməsi qürur doğurur. Hələ ötən
əsrin sonlarında mən ilk dəfə Xanbulanda qonaq olanda
heyrətimdən özümə gələ bilmirdim. Ömrümdə keçirmədiyim bir əzab da mənə
qənim kəsilmişdi. Bunun iki səbəbi var idi:
öncə erməni tapdağında qalmış ana yurdum
Uruda oxşarlığı xəyalımı uzaqlara
apardı, sonra da övladlarımın yanımda olmamasına
təəssüflənirdim ki, onların bu qeyri-adi gözəllikdən,
mənzərələrdən xəbərləri yoxdur. Fəxrəddin
Ziyanın Xanbulan vurğunluğu mənim də o gözəl
məkana məftunluğumu yada saldı: “Təbiətin bu
ecazkar qüdrəti, yaradıbdı özü boyda heyrəti”.
Vətən torpağının gözəlliyinə
şeirləri ilə güzgü tutan şairin məramı
aydın, məqsədi bəllidir. “Ən müqəddəs qürurun,
namusun, arındır Vətən” qətiyyəti ilə
şeirlərinə torpaq ətri səpən Fəxrəddin
Ziya vətəndaş mövqeli şair olduğunu poetik
dünyası ilə təsdiq və etiraf etməyi bacaran, Vətənin
adına and yeri deyən, adi daşına əyilə bilən,
bir ovuc torpağını ziyarət ünvanı seçən,
özünü məhz onun qoynunda xoşbəxt görən,
gözəlliyinə heyran qalan, uğrunda ölməyi şərafət
sayan, ürək sahibidir. Onun təbiətə
baxışı, duyduqlarını mənalandırma qabiliyyəti
düşündürücü və maraqlıdır:
Bu yerlər
misallı təbiət hanı,
Ağarır çəməndə şeh qırov kimi?
Dağlar
yorğun düşmüş dəvə karvanı,
Şəlalə səslənir zınqırov kimi.
Həyatın bütün təzadları boylanan bu
kitabda dərdlərimiz misra-misra sinəmizə
sıxılır. Müəllifin bir etirafı bizə sanki ümid verir,
ya bəlkə də müəmmalara aydınlıq gətirir:
“Nə yaxşı ki, zaman yazır tarixi, Zamandan ki, bir mötəbər
tapılmaz”. Şairin “Mədhiyyəçi
yazarlara” adlı şeiri bu yaxınlarda tamamladığım
“Mədhiyyəbazlıq” adlı yazımda toxunduğum məsələ
ilə həmahəngdir. Doğrudan da hər
şeyin bir ölçüsü olmalıdır. Gözəllik də sərhədindən
çıxanda ən dəhşətli eybəcərliyə
çevrilir. Qərəz də,
yaltaqlıq da rəzalətdir. İstəsən
ki, bir insanı əyəsən, yolundan çıxarasan, onun
qarşısına yaltaq çıxart. Allah
heç kəsin əlindən xalqının
alqışını, beynindən isə öz
ağlını almasın. Bu iki amil
insanı həmişə ucaldır. Xalq şairi Qabildən
gəlmə bir fikri Fəxrəddin də özünəməxsus
şəkildə qabardır:
Tərif
ilə mədhiyyəni,
Lovğalıqla
fəxriyyəni,
Rüşvət
ilə hədiyyəni,
Rütbə
ilə səviyyəni
qarışdırma.
Tənqidçi
Vaqif Yusiflinin kitaba yazdığı rəydə bir fikir diqqətimi
çəkdi: “Fəxrəddin Ziya çox həssas
şairdir və bu həssaslıq o dərəcədə
güclüdür ki, şair yaşadığı
dövrün, dolaşdığı, təmasda, ünsiyyətdə
olduğu mühitin qüsurlarını, insanların bir-birinə
münasibətindəki mənfilikləri, cəmiyyətdə,
ictimai-siyasi həyatda yaranan xaosu, hərc-mərcliyi...
şerindəndə gizlədə bilmir”. Elə
Fəxrəddin Ziyanın məziyyətidir ki,
haqsızlığa, yalana, harınlığa,
insafsızlığa laqeyd qalmır. O, şeir yazmır
ki, şair olsun. Fəxrəddin Ziya məhz
şair doğulduğu üçün könlünü
şeiriyyətə bağlayıb. Kitabının əvvəlində
oxucusuna da xəbərdarlığını edib:
Şeirimdə
gəzməsin kimsə siyasət,
Mən nə iqtidaram, nə müxalifət.
Kitabdakı şeirləri oxuduqca müəllifin sözə
necə məsuliyyətlə yanaşması, məna və
çalarlarını ustalıqla duyması, poeziyanın
çətin yollarını səlis müəyyənləşdirə
bilməsi bir oxucu kimi məni çox sevindirdi. Sözə
ürəkdən bağlanması, onu doğru dəyərləndirməsi
Fəxrəddinin bir şair kimi uğurudur. Bu səbəbdən də hər misrası
urvatlıdır. Döyənək qafiyələrdən,
çürük fikirlərdən uzaqdır. Qəribə
bir etirafı ürəyimə yağ kimi
yayıldı və səmimiyyətinə “əhsən” dedim.
Əsl söz aşiqliyi budur:
Mən
dünyaya söz gətirdim özümlə,
Söz zinətdir, zəriflikdir gözümdə.
Görsəm
şeirə yük oluram sözümlə,
Ayağımdan asılmağa hazıram.
Kaş ki, bu məsuliyyəti dərk edənlərin
sayı çox olaydı. Yoxsa ədəbi
gülüstanımızı bürümüş alaq
otlarının əlindən yeni nəşrlərə
ehtiyatla yanaşmazdıq. Vaxtı ilə unudulmaz
Mikayıl Müşfiqin yana-yana yazdığı bu qədər
çox göyərməzdi:
Şairəm,
söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir.
Əlbəttə, hər kəs öz işi, peşəsi
ilə məşğul olsa yaxşıdır. Onda heç
zaman düzü əyrilər kəsə bilməz. Əfsuslar olsun ki, çox halda istedadlının
taleyi nadandan asılı olur. Oğru elə
bağırır ki, doğrunun bağrı yarılır, həyatımız
bu cür nakəslərdən xali deyildir. “Mənim
üçün həqiqət hər şeydən uca,
xalqın dərd-sərini yazmaq şərəfdir” - deyərək
sözün ləyaqət bayrağını qaldıran
şairin məramı aydın, qələmi kəsərlidir.
“Kamil olmaq imandandır...” əqidəsi ilə
yaşayıb-yazan Fəxrəddin Ziya seçilməyin,
ucalmağın yolunu da məhz elə qurub-yaratmaqda
görür.
Fəxrəddin Ziyanın böyük şairimiz Məmməd
Araza ünvanladığı silsilə şeirləri var.
“Xalqın yaşar ulusu sən, öndəri sən, söz
mülkündə at oynadan hünəri sən” misraları ilə
üz tutduğu ustadla dərdləşən müəllifin
qələmə gətirdikləri bizi də titrədir. Məmməd Arazın
dilimin əzbəri olan misralarını bu yerdə
xatırlatmasam ürəyim partlar: “Özünü
kiçiklər torundan qoru, fil tutur, şir tutur
hörümçək toru”. Elə təbiətdəki
nəhəngləri də bör-böcəklər,
qarışqalar məhv edib. Məmməd Araz şeirlərinə
köklənmiş şairin bizi düşüncələr
aləminə aparan poetik ricətləri içimizdən
keçir:
Haqqı
sədəqədir fağır olanın,
Qəlbi
qubar olar sağır olanın,
Ayıq
ol, yuxusu ağır olanın,
Yerinin, yurdunun daşı bilinməz.
Misraların
yükləndiyi hikmət adamı heyrətə gətirir:
“Baxırsan, çox şeylər oxşardı üzdə,
ha axtar, tapmazsan şəkəri duzda”; “Haqqsız dövrlərin
burulğanında ustadlar seçilməz, naşı bilinməz”;
“Ölənlə əbədi köç edib gedən,
körpəylə qayıdan candı bu gərdiş”; “Yetkin
harda olsa bitkin iş görər”; “Bir ovuc torpağı qalsa
yiyəsiz, demək sızıldayan yarandı Vətən”;
“Çaylarını elçi kimi göndərir, ümmanlara
işi düşüb dağların”; “Yurd dediyin müqəddəsin,
ocağından, külündən öp” və s.
Fəxrəddinin şeirlərinə musiqi libası da
biçilib. Tanınmış müğənnilərin nəfəsindən
qopan bu mahnılar dinləyicilər tərəfindən maraqla
qarşılanır. Gözəl nəğmələri
ilə könlümüzü oxşayan Xumar Qədimovanın
ifasında səslənən mahnıları daha çoxdur.
Hamısı da bir-birindən təsirli. Hər
dəfə eşidən də varlığımdan oluram:
Elə
bilmə unudulub o günlər,
Hər xatirən bir sehrdir, tilsimdir.
Mizrabından
ayrı düşmüş siməm mən,
Köklənmərəm, çalınmaram, ha dindir.
Ümumiyyətlə, bu şairin lirik şeirlərinin də
bir özgə havası var. Köhnə təzəliyin
içində qəlbi riqqətə gətirən məqamlar
çoxdur.
Misraların ahəngindən sanki qəmli ney
səsi duyulur. Lirik mənin könül
pıçıltıları, gileyləri o qədər səmimi,
təbii və sirayət edicidir ki... Bu
nidaların, sualların ahlarından boylanan misraların
yaratdığı aynada öz gəncliyini, sevdalı günlərini
görürsən. Oxucuya bu dərəcədə
yaxınlaşmaq, qəlbindən xəbər vermək, ötən
günlərinə aparmaq, heyrətləndirmək, gah
sevindirib, gah da kövrəltmək şair qələminin
qüdrətini göstərir. Bəzən
deyirlər ki, müasir yazarlardan yazanda onları çox tərifləməyin.
Sonra klassiklərdən danışmağa
söz tapa biləsən. Mən bu fikri qətiyyən
qəbul etmirəm. Çünki klassik
onsuz da adını, əbədiyaşarlığını
qazanıb. Əsas odur ki, fikir yürüdəndə,
tərif deyəndə yalan danışmayasan, təmənna
axtarmayasan. Onsuz da zövqlü oxucu, ədəbi
ictimaiyyət ağı qaradan əvvəl-axır seçir.
Bunun müqabilində hər kəsin qiymətini
vaxtında verəndə, ən azından dilə gətirəndə
Allaha da xoş gedər, bəndəyə də. Mənim düşüncəmə görə, Fəxrəddin
Ziyanın bir çox şeirləri bu mənada qabil və
qalib nümunələrdir.
Bu kitabda mənim üçün həqiqətən
gözlənilməz olan bir məsələdən də agah
oldum. Sən
demə, Fəxrəddin Ziya illər öncə
“salam-sağolumuz” olan, indi haqq dünyasında uyuyan
yazıçı-publisist Ağəddin Mansurzadənin,
şair Zülfüqar Qodmanlının qardaşı imiş.
Bu yuxa məqamda bir iftixar hissi keçirdim, əminlik
duyğusu yaşadım. Belə bir ailə
mühitində yaşayan Fəxrəddin Ziya ixtisasca həkim
olsa da, şeir yazmaya bilməzdi. Allah
vergisi, istedad öz yerində onun əsl müəllimləri
doğmaları olub. Əlbəttə, bu
qardaşların hər birinin ədəbiyyatımızda
öz yeri var.
Duyğu
və hisslərini misralarla qələminə söyləyən,
Məmməd Arazın fikrinə (Anadan, bacıdan gizlətdiyimi
kağızdan, qələmdən gizlətməmişəm)
istinadən şeirlərindən pünhan tutmayan Fəxrəddin
Ziyanın istəyi yazdıqlarının öz məkanına
tuş gəlməsidir:
Ruhunu
oxşayan hər misram ilə,
Ay əziz
oxucum, sənsən ünvanım.
Şair qardaşımızın ürəyi arxayın ola bilər. Ünvanı düz seçdiyindən göndərdiyi söz hədiyyəsi öz sahibinə çatıb. İndi bu töhfələr bizə nə qədər xoş gəlib, onu necə bəyənmişik, dəyərləndiririk, mən öz payıma təəssüratımı qələmə aldım. Bu da məndən sizə bir ərməğan olsun!..
Flora Xəlilzadə,
Əməkdar
jurnalist
Mədəniyyət.- 2013.- 13
dekabr.- S. 13.