Kamran Hüseynov
surəti
Bu real obrazı müəlliflər müəllifi Həyat özü yaradıb...
Hə, tarixən
tək elə bədii ədəbiyyat surətləri yox, ali
istehsalat, iqtisadiyyat, dövlət, hökumət obrazları da
olub, var, olacaq. Hər ikisində müsbətləri də
olur, mənfiləri də. Bu bölgüdəkilərin
oxşarlıq-fərqlilikləri də bəlli. Amma bunlar
arasında (bəzən fərqinə
varmadığımız) predmet fərqi də var: ədəbiyyat
əsasən “ola bilən”ləri, həyat isə yalnız
“olan”ları təqdim edir...
...Mənsəbdə aydınlıq üçün balaca bir mənbə-mənşə epizodu: Deyirlər, Kamranın atası Əsəd kişi ailə qurmaq istərkən ortaya bir əmma çıxır. Belə ki, sevgilisi bəy nəsli olduğundan qız evi bu izdivaca qol qoymaq istəmirmiş. Nəhayət, onlar qızla oğlanın biri-birlərini bərk sevdiklərini görüb, oğlan evinin qarşısında elə bir şərt-sövdə qoyurlar ki, yerinə yetirə bilməsinlər və bunlar da bəhanə edib qızı verməsinlər. Amma bu “əmma”nı yaxşı duyan ağbirçək - 9 ay, 9 gün, doqquz saatdan sonra Kamranın nənəsi olası dünyagörmüş Şahsənəm arvad əhvalatı eşidərkən soruşur ki, qız evi nə istəyir, Əsəd cavab verir ki, çoxlu düyü, yağlı qoçlar və bir dənə də diri dana. Şahsənəm nənə “burda nə var ki?” deyib, xərci-xəsaratı hazırlatdırır, gedib “hə”ni alır və qız evinin həyətindən çıxanda arxaya qanrılıb deyir:
Sizə
verdik bir dana,
Sizdən
aldıq bir sona,
Di
qalın yana-yana!
Bax, belə...
Bu surət öz mənəvi sir-sifətini həmin o
şifahi xalq əda-ədviyyatından alıb...
Bu
obrazın himi Qubadlının Çərəli adlı
ucqar... (üç nöqtə duruxmama
Balzakın “Dahilər ucqarlarda doğulur, Parisdə
ölür” deyimi səbəb oldu) bir kənddə qoyulub. Bu canlı əsərin o vaxtlar yazılmayan “yaş
kağızı” (doğum şəhadətnaməsi)
hesabıyla - 15 dekabr 1913-cü ildə. Amma
sözügedən “surət”in sonralarkı universal inkişaf
dinamikası, 93 illik ömrün biri-birindən maraqlı və
mübariz dirilik fəsilləri, iş, əməl, nəsil-şəcərə
keyfiyyətləri him edir ki, bu bünövrə çox qədimlərdən
atılıb. Yəni, “İş insanın cövhəridir”,
“Adam var ki, - adamların naxışıdır”,
“...yamanlığa yaxşılıq - ər kişinin
işidir”, “Ağac bar gətirdikcə...” kimi atalar
sözü və zərb-məsəlləri, “Hamının
gedəni gəldi, Bəs mənim balam hanı” kimi bayatı
hikmətlərini özündə ehtiva edən belə bir
fenomen doğurub-yoğurmaq tək elə bir cüt ata-ana
işi ola bilməzdi. Belə bir olu
üçün ulu babaların, üzü sulu
nənələrin qan-gen damlaları lazım. Belə bir ultra
iş-güc, elit-intellekt varlıq üçün zəngin
folklor ab-havalı, Aşıq Pəri, Sarı Aşıq
butalı Zəngəzur mahalı, Nəbi-Həcər
qaçaq-qoçaqlı Qubadlı elatı gərək.
Amma... bütün bu məkan-məskənlər bir yana, ona hər
yerdən bir köynək və... minbir göynək yaxın
olan Çərəli!..
O balaca, o
ucqar kəndin bu böyük övladının, nəticə
etibarilə ünlü Azərbaycan oğlunun memuarından iri
(və “məqsəd”li) bir parça:
“Qədimlərdə bu kəndin adı Çiyələkli
olub. Hər yazağzı bu kəndin ətraf yamacları
al-qırmızı çiyələk talalarına
bürünərdi. Baxana elə gəlirdi
ki, gömgöy otların üzərinə qıpqırmızı
yaylıqlar səriblər. Ətri də
ki, adamı bihuş edir.
Kəndimiz Hərtiz dağının ətəyində
yerləşir. Dəniz səviyyəsindən 1073 metr
hündürlükdə olan bu dağın arxası qalın
meşəlik, güneyi otluq, yamyaşıl çəmənlik,
aləmi tamaşaya çağıran, çiçəyi-çiçəyinə
qovuşan bir yer! Qış səngiyər-səngiməz,
hamı çalışardı ki, oralardan bir parça torpaq
çəpərləyib, biçənək eləsin.
Mənsə o vaxtlar uşaq idim və oralara ancaq tamaşa edərdim...
Xudaya, o biçənəklərdəki çiçəklərə
nə qədər kəpənək qonardı! Qəzəl-qəzəl
çiçəklər və gözəl-gözəl, alabəzək
kəpənəklər!..”
Yuxarıda
mötərizəarası verdiyim “məqsəd”imin
açması isə bu ki, deməzsizmi, belə bir gözəl
ədəbi-bədii fraqmentin müəllifi əgər orada
orta təhsil alsaydı, maddi ehtiyac üzündən paytaxta
vaxtından xeyli əvvəl yox, həmin o təbii Hərtiz,
Bərgüşad-Həkəri peyzajstanında, Şahsənəm
nənə kimi doğal, canlı portretlər diyarında
yetkinlik yaşının tamamınadək qalıb gəlmiş
olsaydı, böyük ədib də ola bilərmiş...
Yaxşı
ki!..
“İkibaşlı” arzu-nidadır bu. Yəni onun tək
elə ədib olmamasıyla deyil, həm də - heç zaman
yazar qıtlığı çəkməmiş
xalqımızın bu praktik istedadlısının yazmaq
peşinə getməyib, yazdırmaq işinə qol
qoymasıyla ilgilidir. Var - tarixi yaradanlar, var - onu yazanlar. Axı yaradanlar yaratmasa, yazanlar nə yazacaqlar?!
Necə ki, o özü də yazılarının birində Səməd
Vurğuna istinad-ilgili sözlər deyib: “Vəzifədə
işləyərkən ürəklə iş aparmaq
üçün, ən birinci, təmiz olmalısan. Yoxsa bəzi
vəzifə əyanları kimi, saat 8-9-da işə gəl,
tanışlarınla danış, sonra çay iç, saat
12-də get yeməyə, 14-də nahardan qayıt, 18-də evə
get... Beləsi bəzən telefona da cavab vermir,
istəmədiyi adamı qəbul etmir. Bu əyan
heç kəsə gərək deyil. Səməd
Vurğun yaxşı deyir: “Gecə fikir, gündüz fikir. Nə
yurd salır, nə dam tikir...”
Yuxarıdakı
“yaxşı ki...” yarımbaşlığı bunlarla
bitmir...
Yaxşı
ki, o illərdə “sovetlər Bakısı”nın neft sənayesi
fəhlə qıtlığı çəkirmiş, yoxsa
işçi axtarışına çıxanlar Qubadlı-Zəngilan
səfəri də etməz, cibində 50 qəpik olan Kamran da
oradan yığılan 200 nəfərlik “binəsiblər dəstəsi”nə
qoşulub dəmiryol stansiyasına gəlməzdi. Orada isə
- onsuz da gec-gec gələn qatarın “əlavə gecikmə
xoşbaxtlığı sayəsində” iki vaqon taxıl
yükləyib, irəlicədən edilən “sövdə-müqavilə”dəki
100 manat əvəzinə, evində yaxaladığı
stansiya rəisindən 20-cə manat qoparmaqla, bərkə-boşa
düşməz və nəhayət, Bakıya yetib, “Duda”
zavodundan başlanan əzab-əziyyətli, namus-vicdanlı fəhləlik,
briqadirlik, rəislik, katiblik pillələri qalxıb, şərəf-şöhrətli
Baş nazir müavini (o vaxtlar Respublika Nazirlər Soveti sədrinin
müavini) postuna yüksəlməzdi.
Neft sənayesindən
başlanan və subay-salıq fəhləlik qazancı ilə
uzaq-ucqardakı ailəsinin, briqadir-rəislik zamanları ətrafındakı
imkansızların, katiblikdə el-elatın, Baş nazir
müavinliyində doğma məmləkətinin
çırağını yandırma yolunun adlı-sanlı
Yolçusu olub Kamran Hüseynov...
O yol...
O yol
çox uzun olub - özünün sürdüyü 93 illik
ömür yolundan çox uzun. Həm müstəqim,
həm məcaz-mənəvi mənada. Memuar
və digər kitablarında dolayısıyla öz universal
obrazını da canlandırmış bu çox ciddi
Kişi, yeri gəldikcə şeirləyib də deyə, bu məqamda
bir şairin (Qabilin) “Qış gecəsi uzun olur, çox
uzun, Lakin onu utandırdı - hörükləri bu
qızın” misralarını xatırlamaya bilmirəm. Və
həmin “o yol”la əlaqədar, başqa bir ədibdən
(Anardan) iqtibasa da ehtiyac duyuram: “Qəzetimizdə səhv
getmişdir: “Hər şey zəhmətkeşlərindir” əvəzinə,
oxunmalıdır: “Hər şey zəhləmgetmişlərindir”.
Hə, indi arxayınca yazmaq olar ki, Kamran Hüseynov ilk zəhmətkeşliyə
başladığı həmin “Duda” zavodunun yataqxanasından
Binə orta məktəbinədək 5 kilometrlik yolu 500 dəfədən
çox gedib-gəlib. “Yekə kişi”
yaşında birinci sinif şagirdlərilə oturmasıyla
çox çətin bir utanmamaq yolu keçib. Fəhm-fərasətilə
bir ildə dörd sinif, üç ildə tam orta məktəb,
ardınca texnikum bitirmək, iş-güc çoxluğundan
Xarkov (Tikinti Sənaye İnstitutu) və Moskvada
yarı-yarımçıq, 1938-ci ildə daxil olduğu
Bakı Neft-Kimya İnstitutunda isə tam ali təhsil
magistral-yolu...
Və yaxşı ki, çoxdan bəri
çoxlarının, bu an isə mənim yazımın qəhrəmanı
olan bu real obraz haqda çox yazılıb. Yəni burada Kamran
Hüseynov aləmini detallaşdırmağa, öz şirəli
diliylə desəm, - həyat və fəaliyyətinin “cikinə-bikinə”
getməyə - tutalım, Ümumittifaq Həmkarlar
İttifaqları Mərkəzi Şurasının katibi,
Sumqayıt şəhər, Mingəçevir, Cəlilabad, Binəqədi
rayon partiya komitələrinin birinci katibi işlədiyi,
M.C.Bağırovun “Ey, Sultan bek (qəhrəman Laçın
balası Sultan bəyə “namyok”la), sabahdan Mingəçevirə
gedirsən, məlum və məşhur SES-i sən tikirsən!”
əmrini necə yüksək peşəkarlıq və əzmlə
yerinə yetirməsi dönəmləri ilə əlaqədar
geniş abzaslar açmağa ehtiyac yoxdur. Qulu Məhərrəmli,
Mehdi Mükərrəmoğlu, Esmira Fuad və başqa
imzalı həmin o gözəl mətbu yazılarda, şair
Vaqif Bəhmənlinin “İlin beşinci fəsli. Kamran”, publisist Xeybər Göyyallının
“Görkəmli adamların həyatı” seriyasında
çap etdirdiyi “Kamran Hüseynov” kitablarında bu mükəmməl
xalq və dövlət adamının, aydın ictimai xadimin
obrazı hərtərəfli surətdə canlanır.
Zər qədrini...
zərgərlər, ər qədrini isə - az-çox istisnalarla - hamı
bilir. İyirmi beş il əvvəl məni
Qubadlıdan Cəbrayıla gətirən bir qoca taksi
sürücüsü də həmin hamıdan biri. “Yola
körpü” üçün sözarası dedim “nə rahat
yoldu bu yol”, həmin sürücü dastani bir “Eloğlu Kamran”
söhbəti saldı. Bəlli oldu ki, bir vaxtlar bu
sürücü Nazirlər Kabinetinə - Kamran Hüseynovun adına fasiləsiz məktublar yazır, cavab məktubları
isə rayon partiya komitəsində it-bata
salınırmış. Həmin cavab məktublarında
vəd edilirmiş ki, yolları daha bərbad olan Kəlbəcər
rayonunda işləri başa vuran kimi, növbə
Qubadlınındır. Və məsələ həmin
sürücünün son sözlərindəki kimi həll
olunur: “Ee, bu yolun on-on beş il əvvəlki
günlərini görəydin! Yol döyüldü ha,
maşın gedəndə təkərlər
“dıp-bıdı-bıdım” eləyirdi! Allah Kamran müəllimin
canını sağ eləsin, hamı kimi, bizim də
canımızı bu yolsuzluq zülmündən qurtardı!”
Bu məqam
yadıma düşən başqa - “yad” (Belinski) bir deyimin də
bir suyu Kamranlığa çəkir: “Sən bir musiqi,
mahnı haqda saatlarla danışıb, səhifələrlə
yazsan da, müsahibin, yaxud oxucun bundan çox az bəhrələnəcək.
Lakin sən onu bircə kərə səsləndir!”
Bu fikri
Kamran Hüseynovla bağlı qənaətimə də
transfer etmək olar. Yəni ona dair nə qədər
“və sair”, “və ilaxır” yazsan da... hələ o deyil, o
olmayacaq. Lakin onu bircə kərə görəydin!..
Təəssüf
ki, mən də onu yalnız bir jurnalist kimi görə bildim o
vaxtlar...
Daha bir əcnəbi mütəfəkkirin fikrindən isə,
onu görmədən də xatircəmlənmək olar. Böyük Tolstoy yaxın
dostlarından birinin “- Necəsən, necə yaşayırsan,
Lev Nikolayeviç” sualına belə cavab verir: “- Allaha
şükür, narahatam!..”
Böyük
şairimiz Bəxtiyar Vahabzadənin aşağıdakı
sözlərini isə elə hamının fikri kimi qəbul
etmək olar: “Sən öz ədalətin və həqiqətsevərliyinlə,
xeyirxahlığın və alicənablığınla,
işlədiyin bölgələrdə qurduğun fabrik və
zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla,
məktəb və uşaq bağçaları ilə
özünə abidə ucaltmısan. Sənin
bu əməllərin dərin hörmətini
qazandığın xalqının yaddaşında əbədi
yaşayacaq. Çünki sən
xalqının böyük oğlu, Vətənin əsl vətəndaşısan,
Kamran!”
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 13
dekabr.- S. 10.