“Bakı İpək Yolunun qapısıdır”

 

Argentina qəzetində ölkəmiz haqqında məqalə

 

Argentinanın «Clarin» qəzetində «Bakı İpək Yolunun qapısıdır» adlı məqalə dərc edilib. Məqalə müəllifləri əvvəlcə Xəzər sahilində yerləşən Bakının qədim mədəniyyətindən söhbət açırlar.

 

Qeyd edilir ki, 2012-ci ildə keçirilmiş «Eurovision» mahnı müsabiqəsi dövründə bir çox ölkələrin televiziya tamaşaçıları Azərbaycanın paytaxtını, onun lüks hotellərini və memarlığını özləri üçün ilk dəfə kəşf ediblər. Orta əsrlərdə Pekini İstanbulla birləşdirən Böyük İpək Yolu karvanları Bakıdan keçirdi.

Müəlliflər daha sonra Qafqaz sıra dağlarından Cənuba doğru yerləşən Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verirlər. Məqalədə deyilir ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edib. Ölkədə bütün dinlərə tolerant münasibət mövcuddur.

Məqalədə zərdüştiliyin Azərbaycanda yaranması da xatırladılaraq qeyd edilir ki, XVIII əsrdə Bakı yaxınlığında atəşpərəstlərin məbədi - Atəşgah tikilib. Zəvvarlar bu gün də həmin məbədlə maraqlanırlar.

Yazıda bildirilir: «Bu gün Azərbaycan çoxsaylı əcnəbilər üçün cəlbedici turizm diyarına çevrilir. Bakı şəhəri vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olub. Azərbaycanda Naftalan adlı bir şəhər var. Ən qədim dövrlərdən bu diyara üz tutan səyyahlar Naftalanda müalicəvi əhəmiyyətə malik olan neft vannası qəbul edirdilər».

Məqalənin sonunda müəlliflər XIX əsrdə Bakıda neft sənayesinin inkişaf etməsi, sonralar şəhərin infrastrukturunda və simasında baş vermiş müsbət dəyişikliklər barədə söhbət açırlar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 9.