İrəvan
teatrının sənət axtarışları
Yola salmağa
hazırlaşdığımız 2013-cü il Cəfər
Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrının həyatında sənət yenilikləri,
qastrol səfərləri, premyeralarla yadda qalıb. İl ərzində sənət
ocağının repertuar planına daxil olan tamaşalar,
yeni və bərpa olunmuş
səhnə əsərləri teatrsevərlər tərəfindən
maraqla qarşılanıb.
Bu sırada teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda hazırlanan iki tamaşanı - A.Lindqrenin “Damda yaşayan Karlson” və İftixarın “Qurtuluş dastanı”nı vurğulamaq yerinə düşərdi. O.İzzətoğlunun quruluşunda dövlət sifarişi ilə hazırlanan E.İoneskonun “Stullar” tamaşasını isə ümumilikdə teatrın uğurlu işlərindən saymaq olar. Bundan əlavə, Xalq yazıçısı Anarın ədəbi irsinə də müraciət edən teatr onun “Qaravəlli” (A.Məmmədovun quruluşunda) əsərini fərqli yozumda tamaşaçılarla görüşdürüb.
Kollektiv ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırladığı “Nurlu ömrün anları” (müəllif və rejissor İ.Piriyev) tamaşasını təqdim edib.
Gələcək planlara gəlincə, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev bizimlə söhbətində 2014-cü ildə dövlət sifarişi ilə hazırlanacaq iki tamaşa barədə məlumat verdi: “Yeni ildə rejissor Firudin Məhərrəmovun quruluşunda şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi”, yenə dövlət sifarişi ilə teatrın baş rejissoru Oruc İzzətoğlunun quruluşunda Xalq yazıçısı Elçinin səhnələşdirməsində görkəmli ədib İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” əsərinin tamaşası hazırlanacaq. İkinci tamaşa İlyas Əfəndiyevin 100 illiyi münasibətilə səhnələşdiriləcək. Yeni tamaşalar siyahısını yazıçı-dramaturq Xeyrəddin Qocanın “Vəzifə dəlisi” (rejissor Oruc İzzətoğlu) və şair-dramaturq Kamal Abdullanın “Bir, iki, bizimki” (rejissor Gümrah Ömər) əsərləri davam etdirəcək”.
İftixar Piriyev 2013-cü ilin aktyor və yazar kimi öz həyatında da uğurlu məqamlarla yadda qaldığını dedi: “May ayında ulu öndərimiz Heydər Əliyevin 90 illiyi münasibətilə müəllifi olduğum "Qurtuluş dastanı" adlı tarixi-xronikal dram Oruc İzzətoğlunun quruluşunda tamaşaya qoyuldu və Akademik Milli Dram Teatrının səhnəsində uğurla oynanıldı. 2009-cu ildə səhnəyə qoyulan Aqşin Babayevin "Xilaskar" əsərindən sonra "Qurtuluş dastanı"nda ikinci dəfə ümummilli liderimizin bədii obrazını yaratmaq mənə qismət oldu. “Soyqırımı tarixinin dastanı”, “İşıqlı, nurlu sabah”, “Müstəqil vətənin memarı” mənzum əsərlərim, “Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı monoqrafiyam və bu günlərdə “Sevgilim” adlı poemam kitab halında işıq üzü görüb. “Müstəqil vətənin memarı” poemam Türkiyədə də çap olunub. “Dan yeri söküləndə” və “Eşqin tikan dairəsi” qəm komediyalarım bu il Gəncə Dram Teatrının səhnəsində və Tiflis Azərbaycan Dram Teatrında tamaşaya qoyulub. “Eşqin tikan dairəsi” bu yaxınlarda Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə keçirdiyi 2+1 eksperimental teatr festivalında nümayiş olunub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb”.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2013.- 13
dekabr.- S. 7.