Böyük insanın ömür anları...”

 

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli liderinin 90 illiyinə həsr olunmuş kitab-albomun təqdimatı olub. Böyük insanın ömür anları...” albomunda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar toplanıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəşrə yazdığı “Ön söz”də deyilir: “Hər bir xalqın tarixi salnaməsi qələbə və məğlubiyyət, tərəqqi və tənəzzülün əks olunduğu səhifələrlə zəngindir. Hər bir tarixi dövr ölkəsinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynayacaq nadir şəxsiyyətlər yetişdirir. Azərbaycan üçün belə şəxsiyyətlərdən biri ömür səhifələri böyük bir epoxanın aynası kimi ölkə tarixinin müəyyən bir dövrünü özündə əks etdirən Heydər Əlirza oğlu Əliyev oldu”.

Bu fotoalbom vasitəsilə ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək arzusu ilə yaşamış, bu arzunu həqiqətə çevirmiş Heydər Əliyevin ömür salnaməsi təqdim olunur və buradakı şəkillərin əksəriyyətini tarixi sənəd adlandırmaq olar.

Mehriban xanım Əliyeva daha sonra yazır: “Albomda yer almış fotoşəkillər öz emosional məzmununa görə çox fərqlidirlər. Bəzilərində əhəmiyyətli tarixi hadisələr əks olunub, digərlərində isə Heydər Əliyev qeyri-rəsmi şəraitdə, ailəsinin, doğmalarının, dostlarının əhatəsindədir. Heydər Əliyev həyatının fotoşəkillərdə həkk olunmuş müxtəlif anları onun şəxsi keyfiyyətlərinin, heyrətamiz yaradıcı enerjisinin, müdrikliyinin, məsuliyyət və fenomenal işgüzarlığının əyani sübutudur”.

Albomda ulu öndərin ilk dəfə işıq üzü görən fotoşəkilləri də dərc olunub. Fotolar Azərbaycanla yanaşı, Rusiya Federasiyası və digər ölkələrin arxivlərindən toplanıb.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 5.