“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”

 

Dekabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda ulu öndərin xatirəsini anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar ümummilli liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Natiq vurğulayıb ki, güclü hafizəyə və fenomen yaddaşa malik Heydər Əliyev ədəbiyyata həmişə böyük qiymət verib.

Xalq yazıçısı bildirib ki, digər qonşu respublikalarda yazıçıların qurumlarının ləğv edilməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində AYB dövlətin himayəsi ilə bu gün də fəaliyyət göstərir.

Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov, qurumun katibləri - Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev ulu öndərlə bağlı xatirələrini söyləyib, dahi şəxsiyyətin ədəbiyyata xüsusi qayğısından danışıblar.

Mərasimdə şair Oqtay Rza dahi liderə həsr etdiyi şeirini oxuyub. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Qobustan” jurnalının şöbə müdiri Maarif Soltan, şair Adil Cəmil və başqaları Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, o cümlədən mədəniyyətin uğurlu inkişafından, mədəniyyət və incəsənət xadimlərinə, onların yaradıcılığına verdiyi qiymətdən söhbət açıblar.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 3.