Onun adı xalqımızın qəlbində
əbədi yaşayacaq
Ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümündə minlərlə insan Fəxri xiyabana gələrək dahi şəxsiyyətə hörmət və ehtiramını bildirib
Müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi
xadim, xalqımızın ümummilli
lideri Heydər Əliyevin vəfatından
on il keçir.
Ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyətdir.
Dahi Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur”, - deyən ulu öndər Heydər Əliyev 30 ilə yaxın bir müddətdə - istər sovet dövründə, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb.
Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər il olduğu kimi, ulu öndərin vəfatının onuncu ildönümü günündə də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri Fəxri xiyabanda xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-Taaladan rəhmət diləyirdilər.
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndi. Dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Ümummilli liderin vəfatının onuncu ildönümündə Mədəniyyət
və Turizm Nazirliyinin
kollektivi, mədəniyyət və turizm ictimaiyyətinin nümayəndələri
də Fəxri xiyabana gələrək dahi rəhbərə ehtiramlarını bildirib, məzarı önünə tər
güllər düzüblər.
Mədəniyyət.- 2013.- 13
dekabr.- S. 3.