Cəbhə xəttindən teatr mənzərəsi

 

Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin mədəni həyatı, sənət yenilikləri barədə danışarkən Füzuli Dövlət Dram Teatrının fəaliyyətini xüsusi qeyd etmək gərəkdir.

 

Sənət ocağının direktoru Vaqif Vəliyevlə bu ilin yekunlarına nəzər saldıq: “2013-cü il kollektiv üçün uğurlu olub. Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun olaraq teatrımızda bir-birindən maraqlı tamaşalar hazırlanıb. Bu sırada Hüseynbala Mirələmovun bir çox teatrlarımızın repertuarında yer alan “Xəcalət” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı xüsusilə qeyd etmək istərdim. Teatrımızın baş rejissoru Asif Şirinovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə əsərində rolları Vaqif Rəhimov, Şəlalə Nəsirova, Asif Şirinov, Sevinc Məmmədova, Əli Hüseynov, Aygün Cəfərova, Elşən Gözəlov və başqaları ifa edirlər. İbrətamiz mövzu, irəli sürülən ideyalar və aktyorlarımızın səmimi oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanır”.

Teatr milli dramaturgiyaya, klassik nümunələrə də yer ayırır: “Bu il dövlət sifarişi ilə görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını teatrsevərlərin ixtiyarına verdik. Quruluşçu rejissoru Asif Şirinov olan tamaşanın musiqi tərtibatı Nizami Süleymanovun təqdimatında maraqlı və yaddaqalan idi. Əsas obrazları Vaqif Rəhimov, Sevinc Məmmədova, Asif Şirinov, Habil Hacıyev, Məryəm Məmmədova, Elçin Məmmədov, Nicat Süleymanzadə canlandırdılar”.

Səhnə həyatı qazanan daha bir əsər Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” pyesidir. Tamaşaya teatrın istedadlı aktyoru Vaqif Rəhimov quruluş verib: Unudulmaz satira ustasının qələminin məhsulu olan bu nümunə bizim teatrın repertuarında özünə möhkəm yer tutub. Əsər Qaçaq Qarayev, Elza Vəliyeva, Şəlalə Nəsirova, Əsmər İbrahimovanın təqdimatında özünəməxsus səhnə təcəssümü tapıb”.

Direktor bildirdi ki, teatrın kollektivi tarixi hadisələr və əlamətdar günlərlə bağlı tədbirlərdə də fəal iştirak edir: “Ənənəvi olaraq rayonun idarə və müəssisələrində, orta məktəblərdə, hərbi hissələrdə çıxış edirik. Mövzu rəngarəngliyinə nail olmaq məqsədilə yeni tamaşalarla yanaşı bərpa tamaşaların da sayını artırmışıq”.

Teatrın aktyor heyətinin əsas etibarilə gənclərdən ibarət olduğunu qeyd edən həmsöhbətim bu xüsusda çətinliklərinin olmadığını dedi: “Hazırda teatrda repertuardan kənar Şəbnəm Tofiqqızının “Taleyin bir üzü” əsərinin məşqləri gedir. Asif Şirinovun quruluş verdiyi tamaşanın rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir”.

Kollektiv 2014-cü ildə fərqli mövzulu əsərlərə yer verəcək: “Qarşıdakı ildə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, İ.Əfəndiyevin “Bizim qəribə taleyimiz”, E.Abdullayevanın “ qayıq” və S.Dağlının “Təzə gəlin” əsərlərini səhnələşdirəcəyik”.

 

H.Nizamiqızı

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 11.