“Xalqlarımız mədəniyyətə dərin sevgi bəsləyir”

 

Ciampaolo Kutillo: “Mədəniyyət qurumlarımız və universitetlərimiz arasında əlaqələri daha da genişləndirmək niyyətindəyik”

 

İtalyanlardan söhbət düşərkən bu xalq ilə azərbaycanlılar arasında bənzərliklərdən də bəhs edilir. İtalyanlar da azərbaycanlılar kimi istiqanlı, eyni zamanda emosionaldırlar. Bu gün iki ölkə arasında əməkdaşlıq ən müxtəlif sahələrdə inkişaf etdirilir. Mədəni əlaqələrimizin tarixi isə qədim köklərə dayanır. İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo ilə söhbətimizdə də ölkələrimiz arasında tarixi-mədəni əlaqələrə toxunduq.

 

- Cənab səfir, Azərbaycanla İtaliya arasında əlaqələrin tarixi qədimdir. Qobustandakı qayaüstü yazıda iki min əvvəl Roma legionunun bu torpaqlara yürüşündən bəhs edilir. Orta əsrlərdə Venesiya səyyahları və tacirləri Azərbaycana səfər ediblər. Bu gün biz tarixi mənbə kimi onların qeydlərindən istifadə edirik. Bununla bağlı nə deyə bilərsiniz?

- Doğrudan da əlaqələrimizin qədim tarixindən bəhs edən bu faktlar çox dəyərlidir və şəxsən mənim üçün böyük maraq kəsb edir. Amma onu da deyim ki, qədim romalıların Azərbaycanda olması, eləcə də, Orta əsrlərdə Venesiyadan tacirlərin bu ölkəyə səfər etməsi məni təəccübləndirmədi. Ta qədim zamanlardan italyan səyyahları, tacirləri dünyanın müxtəlif yerlərinə - Amerikadan Çinə, Hindistandan YaponiyaAfrikaya qədər gedib çıxıblar. Bu baxımdan bizim dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycanla, Qafqazla qədim tarixi-mədəni əlaqələrimiz var. Bu ölkələrə səfər edən tədqiqatçılar, alimlər, sənətkarlar, ustalar, eləcə də tacirlər çox vaxt italyan sülhpərvərliyini təcəssüm etdiriblər.

 

- Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin mövcud vəziyyətini və perspektivlərini necə dəyərləndirirsiniz? İtaliyanın Azərbaycanla əməkdaşlıqda əsas prioritetləri nədir?

- Azərbaycanla İtaliya arasında ikitərəfli əməkdaşlığın qurulmasında şübhəsiz ki, enerji aparıcı sektordur. İtaliya Azərbaycanın bu sahədə ən böyük ticarət tərəfdaşıdır. Bu ilin avqustunda Bakıda keçirilən görüş zamanı Prezident İlham Əliyev və Baş nazir Enriko Letta iqtisadi əlaqələrimizin yüksək səviyyəsini əks etdirən "Enerji əməkdaşlığına dair Birgə Bəyannamə" imzalayıblar. Bu günlər isə Azərbaycanı İtaliya ilə bağlayacaq yeni layihəyə - Transadriatik qaz kəməri layihəsinə start verilir. Bundan əlavə, İtaliya "nou-hau" texnologiyalarına görə dünyada nüfuza malikdir. Həmçinin italyan brendlərinin və dizaynının Bakıda təzahürünü nəzərə alsaq, daha geniş əməkdaşlıq üçün böyük potensialın olduğuna əminəm. Biz də gələcəkdə bu istiqamətlərdə hərəkət etməyi düşünürük. Eyni zamanda biz gələcəkdə iqtisadiinvestisiya əlaqələrinin genişləndirilməsinə də çox böyük əhəmiyyət veririk.

 

- Ölkələrimiz arasında mədəni əlaqələrlə bağlı nə deyə bilərsiniz? Azərbaycan mədəniyyəti İtaliyada kifayət qədər tanınırmı?

- Son bir necə ildə Azərbaycan özünü xaricdə tanıtmaq, təbliğ etmək üçün çox işlər görür. Bu işlər sayəsində Avropada, o cümlədən İtaliyada insanlar Azərbaycan haqqında daha çox məlumat əldə edirlər. Əgər İtaliya ilə bağlı bir neçə nümunəyə istinad etsək, məsələn, sizin ənənəvi Venesiya Biennalesində çox gözəl pavilyonunuz olur. Bundan başqa, Azərbaycan dünyanın ən mühüm tikililərindən olan Romanın Kapitoli muzeyinin bölmələrindən birinin bərpasına yardım edir. Milan şəhərində keçiriləcək “Expo-2015” dünya sərgisində iştirak etmək hər bir ölkə üçün böyük imkandır və mən deyərdim ki, Azərbaycan buna ciddi hazırlaşır.

 

- Mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək üçün nə etmək lazımdır?

- Ümumiyyətlə, bizim xalqlarımız mədəniyyətə dərin sevgi bəsləyir və özlərinin dərin köklərə malik qədim mədəniyyətləri ilə fəxr edirlər. Biz Azərbaycanda italyan dilinin öyrənilməsi, eyni zamanda mədəniyyət sahəsində qarşılıqlı mübadilənin daha da genişləndirilməsi ilə bağlı təkliflər vermişik. Universitetlərimiz və mədəniyyət qurumlarımız arasında inkişaf edən əlaqələri daha da təşviq etmək üçün mədəniyyət, elm, incəsənət və texnologiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik. Mən şadam ki, İtaliyanın gözəlliklərinə, qonaqpərvərliyinə və təbiətinə, incəsənətinə, tarixinə, mətbəxinə Azərbaycan vətəndaşları tərəfindən maraq gündən-günə artır. 2013-cü ildə biz turist vizaları ilə bağlı səfirliyə müraciətlərin sayının artmasının şahidi olmuşuq. Əlbəttə, bu çox pozitiv ənənədir. Eyni zamanda Azərbaycanı biznesturist məkanı kimi seçən italyanların da sayında artım müşahidə olunur. Əlbəttə, biz bu meyllərin daha da artması üçün ikitərəfli fəaliyyətimizi, addımlarımızı davam etdirəcəyik.

 

- Cənab Kutillo, səfir təyinatından öncə Bakıda olmusunuzmu və ümumiyyətlə, ölkəmiz haqqında təəssüratınız necədir?

- Mən ilk dəfə Bakıya bu il avqustun sonlarında gəldim. Baxmayaraq ki, mənə bu ölkənin əldə etdiyi uğurlar barədə danışmışdılar və eyni zamanda mən özümçoxlu məlumatlar oxumuşdum, lakin burada gördüklərim gözləntilərimin hüdudunu aşdı. Bakının müasir mənzərəsi heyranedicidir. Ölkənizin qədim tarixi və parlaq mədəniyyət nümunələri, gənc nəslin müasir dünyagörüşü məni özünə cəlb edir.

 

- Necə düşünürsünüz, insanlarımız arasında oxşar və fərqli xüsusiyyətlər hansılardır?

- Şübhəsiz ki, insanlarımız arasında çoxlu oxşarlıqlar var. Bu bənzərliklərdən biri bizim oxşar coğrafi mövqeyimizdir - Aralıq dənizi regionuQafqazda dünya sivilizasiyasının iki qədim yuvası yerləşir. Eyni zamanda, oxşarlıqlarımız bizim gündəlik həyatımızda da öz əksini tapır və onlardan bəziləri - ailə bağları, qonaqpərvərlik bizim qarşılıqlı münasibətlərə və dostluğa yanaşmamız üçün vacib dəyərlərimizdir.

 

- Azərbaycanın regionlarına səfər etməyə vaxt tapmısınızmı?

- Təəssüf ki, hazırda mənim Bakıdan kənara səyahət etmək üçün kifayət qədər vaxtım yoxdur. Amma mən bunu səbirsizliklə gözləyirəm. Mənə səyahətlə bağlı maraqlı yerlər haqqında danışıblar. Hələ ki, məni Azərbaycanın dağları daha çox cəlb edir. Mən yürüş etməyi və ənənəvi mədəniyyətlə harmoniyada olan gözəl təbiətdən zövq almağı xoşlayıram.

 

- İncəsənətimizdən, musiqimizdən zövq almaq imkanınız olub?

- Bakıda izlədiyim konsert proqramlarından çox təsirlənmişəm. Burada insanların muğam musiqisi ilə yanaşı, klassik musiqi, caz musiqisi haqqında dərin bilikləri var. Caz musiqisini mən də çox sevirəm. Vaqif və Əzizə Mustafazadələrin musiqilərindən zövq almışam. Bakıda gənc və istedadlı caz ifaçılarının konsertlərində iştirak etdiyimə görə də çox məmnunam.

 

- Milli mətbəximizlə aranız necədir?

- Bəzi yerli dostlarıma minnətdaram ki, sizin milli mətbəx nümunələrinizi dada bilmişəm. Yeməkləriniz əladır. Fərqi yoxdur ki, bu yeməklər evdə və ya restoranlarda hazırlanır, çox dadlıdır. İtaliya ilə müqayisədə Azərbaycanda daha çox yemək növlərinə rast gəlmək olar. Azərbaycanda olduğu kimi, İtaliyada da milli mətbəx nümunələrində mədəniyyətin əks olunduğunu görmək olar. Yeməklərimiz bir növ insan həyatının gözəl hadisələrini qeyd edirbu nöqteyi-nəzərdən də mədəniyyətlərimiz arasında oxşarlıqlar var.

 

Mehparə

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 10.