“Qədim Qafqaz Albaniyasının izləri”

 

Qəbələ, Oğuz və Şəkiyə ikigünlük infotur zəngin təəssüratla yadda qaldı

 

Dekabrın 14-15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «A la Carte Travel» və «Gilan turizm» şirkətlərinin təşkilatçılığı ilə Qəbələ-Oğuz-Şəki marşrutu üzrə infotur gerçəkləşdi. “Qədim Qafqaz Albaniyasının izləri” adlı turda 34 turizm şirkəti və 16 media nümayəndəsi yer almışdı. İştirakçıları Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva, nazirliyin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, sektorun əməkdaşı Cəmil Kəlbəliyev, «A la Carte Travel»in direktoru Nəsib Usubov və «Gilan turizm»in rəhbəri Həsən Həsənov müşayiət edirdi.

 

Səfərimiz «Qafqaz Baku City Hotel»dən başladı. Bakıdan 225 km məsafədə yerləşən Qəbələyədək bələdçimiz, Azərbaycan Turizm İnstitutunun müəllimi Tofik İmanov bizi yolumuzun üzərində yerləşən tarixi məkanlar, abidələr barədə məlumatlandırırdı. İxtisasca tarixçi olan Tofik müəllimlə birlikdə «Qədim Qafqaz Albaniyasının izləri» ilə Azərbaycan tarixinə qısa ekskurs etdik.

Bələdçimiz deyir ki, əlverişli coğrafi mövqeyə malik Azərbaycan həmişə böyük dövlətlərin diqqət mərkəzində olub, çoxsaylı istilalara məruz qalıb. Bununla yanaşı, zaman-zaman Azərbaycan ərazisində Qafqaz və Yaxın Asiyanın tarixinə təsir göstərmiş mühüm dövlətlər yaranıb. Onlardan biri də eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinədək mövcud olmuş Qafqaz Albaniyası olub: “Bu turun əsas məqsədi də Azərbaycan ərazisində min ilə yaxın mövcud olmuş və izləri bu günədək gəlib çıxmış Qafqaz Albaniyasının tarixi irsinin əsas məqamlarına diqqəti cəmləşdirməkdir».

 

«Qafqaz Karvansaray Hotel» orta əsr memarlığını xatırladır

 

Günortaya yaxın «Qafqaz Yeddi Gözəl» hotelinə çatırıq. Hotelin qeydiyyat üzrə nəzarətçisi Xaqani Hüseynov bizə məlumat verərək bildirir ki, «Qafqaz Yeddi Gözəl» hoteli 2013-cü ildən fəaliyyət göstərir. 55 nömrədən ibarətdir. «Gilan Holdinq» sisteminə daxil olan hotel, hələlik 3 ulduz kateqoriyalı olsa da, gələcəkdə xidmətləri genişləndirib daha yüksək ulduz dərəcəsi almaq niyyətindədir.

«Qafqaz Yeddi Gözəl» hoteli ilə qısa tanışlıqdan sonra Qəbələ şəhərinin mərkəzindən 5 dəqiqəlik məsafədə yerləşən «Qafqaz Karvansaray Hotel»inə tərəf istiqamət götürürük. Xarici görünüşünə görə orta əsr memarlıq abidələrini xatırladan hotelin interyeri müasir art-deko üslubunda dizayn edilib. Hotel ümumilikdə 18000 kvadratmetr ərazini əhatə edir. 2013-cü ildə fəaliyyətə başlayan «Qafqaz Karvansaray Hotel»in açılışında Prezident İlham Əliyev iştirak edib. Hotel Qəbələ Beynəlxalq Hava Limanından 20 km məsafədə yerləşir.

Burada qonaqların istirahəti üçün hər bir şərait yaradılıb. Ümumilikdə 159 nömrədən ibarət hotelin bütün otaqlarında mini bar, seyf, telefon, kabelsiz internet, peyk TV kanallar, fen, istilik sistemi və 24 saatlıq xidmət mövcuddur. Hoteldə qalanlar SPA və sağlamlıq mərkəzi, buxar hamamı, masaj otaqları və qapalı hovuzdan istifadə edə bilərlər. Qonaqlara Azərbaycan və dünya mətbəxinə aid yeməklər təklif olunur.

 

Nic tolerantlığın kiçik modelidir

 

Səfərimizin birinci günü tanış olduğumuz məkanlardan biri də Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən qədim alban məbədi - Çotari kilsəsi oldu. Nic (udin dilində mənası su, bulaq deməkdir) Qəbələnin ən böyük yaşayış məskənlərindən biridir. Kəndin 10 min nəfərə yaxın sakini var. Onlardan 3700 nəfəri udinlərdir. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Udinlər vaxtilə Qafqaz Albaniyasının 26 tayfasından biri olub. Dünyada hazırda 6 mindən artıq udin var. Azərbaycanda onların sayı 4 min nəfərdir. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Gürcüstanda bu qədim xalqın nümayəndələrinə rast gəlmək mümkündür.

Nic qəsəbə icra nümayəndəsi Vidadi Mahmudovun bildirdiyinə görə, qədim alban abidəsi olan Çotari kilsəsi 1723-cü ildə, yerli sakinlərin yaşadığı 4 məhəllənin camaatı tərəfindən tikilib. Kilsənin həyətində bunun simvolu olaraq əkilən 4 çinar ağacı günümüzədək gəlib çıxıb. Kilsədə keşiş yoxdur, icma tərəfindən idarə olunur. 2003-cü ildə kilsənin təmirinə başlanıb, 2006-cı ildə yekunlaşdırılıb.

Vidadi Mahmudov deyir ki, Azərbaycan dövləti tərəfindən udinlərin öz dilini, mədəniyyətini, adət-ənənələrini qoruması üçün hər bir şərait yaradılıb: «2013-cü ilin oktyabr ayında Nicdə xristianlığın 1700 illiyi ilə bağlı böyük bir tədbir keçirildi. Qəsəbədə fəaliyyət göstərən orta məktəbdə uşaqlara 4-cü sinfə qədər udin dili dərsi keçilir. Udin əlifbası 52 hərfdən ibarətdir. Məlumat üçün bildirim ki, Gürcüstanda yaşayan udinlər demək olar ki, tamamilə gürcüləşdirilib. Nic qəsəbəsi isə Azərbaycanda tolerantlığın kiçik bir modelidir. Burada müxtəlif xalqlar bir-biri ilə çox mehriban yaşayır. Onlar bayramları birlikdə qeyd edirlər, bir-birinin toyunda, yasında iştirak edirlər, qız alıb-verirlər».

 

Qədim Qəbələ şəhərinin qalıqlarından muzey yaradılıb

 

Nic qəsəbəsi ilə tanışlıqdan sonra qrupumuz Qəbələdən 20 km məsafədə yerləşən qədim Qəbələ şəhər yerinə yola düşür. Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisində yerləşən bu məkanda arxeoloji tapıntılar əsasında muzey yaradılıb. Qoruğun əməkdaşı Mirazim Səmədovun sözlərinə görə, eramızın I əsrinin sonlarında xarici təhlükələrlə əlaqədar Qəbələ şəhəri strateji cəhətdən daha əlverişli olan, hazırda Səlbir və Qala adlanan əraziyə köçürülüb. Bu ərazi şəhərin əvvəlki yerindən təxminən 2 km şimal-qərbdə, Qaraçay və Covurlu çayları arasındakı şimal-cənub istiqamətində uzanan yüksək yayladan ibarətdir. Qəbələnin Qala və ya Covurqala adlanan hissəsi 12 hektar sahəni əhatə edir. Qala şimaldan xəndəklə, cənubdan orta əsrlərə aid möhtəşəm qala divarları ilə əhatələnib.

Qala ərazisində əsaslı arxeoloji qazıntılara 1961-ci ildən başlanıb. Qədim Qəbələ şəhərinin ərazisi 50 hektar, şəhər qala divarlarının uzunluğu 14 km olub. Hazırda onun az bir hissəsi arxeoloji qazıntılar nəticəsində üzə çıxarılıb.

Qala ərazisində 2008-ci ildən başlayaraq əsaslı arxeoloji qazıntılar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı, maliyyə dəstəyi ilə aparılır. Qazıntılar zamanı şəhərin antik dövr və orta əsrlərə dair qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilib. 2008-2011-ci illərdəki son araşdırmalar zamanı şəhərin qala qapılarından biri, gözətçi məntəqəsi və ona aid olan əşyalar aşkar edilib.

 

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyini üç ölkənin prezidenti ziyarət edib

 

Səfərimizin ilk günü son ziyarət etdiyimiz məkan Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi oldu. 1980-ci ildən fəaliyyət göstərən muzeyin əsas fondunda Qəbələnin və Azərbaycanın 2500 illik tarixini əks etdirən 14 minə yaxın eksponat mühafizə olunur. 13 bölmədən ibarət muzeydə arxeoloji, etnoqrafik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları var. Muzeyin həyətində açıq səma altında daş abidələrdən ibarət sərgi yaradılıb, daşyonma sənəti nümayiş etdirilir. Buradakı abidələrin tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Üstündə yazı olan daşlar X-XV əsrlərə aiddir.

Bu barədə bizə ətraflı məlumat verən direktor Xalis Məmmədov onu da bildirdi ki, muzeyi indiyə qədər üç ölkənin prezidenti ziyarət edib: «Azərbaycan Prezidenti İlham Əliyev, Latviyanın dövlət başçısı Valtis Zatlers və Qırğızıstan Prezidenti Roza Otunbayeva muzeyimizdə olub. Muzeyin iki filialı fəaliyyət göstərir. Ümumilikdə muzeyi ildə 20 minə yaxın insan ziyarət edir. Bunların arasında xarici ölkə vətəndaşları üstünlük təşkil edir. Qəbələdə keçirilən beynəlxalq tədbirlər də bu saya təsir göstərir».

 

Əsas hədəf turistləri bölgələrimizə cəlb etməkdir

 

Qəbələnin tarixi məkanları və abidələri ilə tanışlığı yekunlaşdırıb infotur təşkilatçılarının «Qafqaz Sport» hotelində təşkil etdiyi mətbuat konfransına qatıldıq. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bölgələrimizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən danışdı: “Nazirlik bölgələrimizin turizm imkanlarının turizm şirkətləri tərəfindən turpaket şəklində xarici turistlərə təqdim olunması istiqamətində bir çox işlər görür. «Qədim Qafqaz Albaniyasının izləri» marşrutu üzrə infotur da bu məqsədə xidmət edir. Məqsədimiz şimal-qərb bölgəsində yerləşən alban abidələri, tarix-mədəniyyət yadigarları, turizm-nümayiş obyektləri, eləcə də “Gilan Holdinq”in bölgədə yeni açılan və yüksək standartlara uyğun xidmət göstərən «Qafqaz» hotelləri ilə tanışlıqdır. Turizm şirkətlərinin bütün bunları görməsi, turpaket şəklində hazırlayıb təqdim etməsi vacibdir».

Sektor müdiri bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin əsas hədəfi regionlarımızı tanıtmaq, müxtəlif turist marşrutları yaratmaqla turistləri bölgələrimizə cəlb etməkdir: «Turizm şirkətlərinə də bu istiqamətdə fəal olmağı, yeni marşrut təklifləri ilə bizə müraciət etməyi tövsiyə edirəm. Bu istiqamətdə onların hər hansı bir layihələri nazirlik tərəfindən dəstəklənəcək».

 

«Qafqaz» Azərbaycanı dünyada tanıdacaq hotel brendidir

 

«Qafqaz Riverside Resort» və «Qafqaz Resort» mehmanxanalarının ön büro müdiri Süleyman Məmmədov «Qafqaz» brendi ilə tanınan mehmanxanalar haqqında məlumat verdi. Qeyd etdi ki, «Gilan Turizm»in hotelləri 2008-ci ildən fəaliyyət göstərir: “Həmin il ilk beşulduzlu «Qafqaz Resort» hoteli açıldı. 2010-cu ildə «Qafqaz Riverside», 2011-ci ildə «Qafqaz Sport», ardınca «Qafqaz Qəbələ City», «Qafqaz Yeddi Gözəl» və bu ilin oktyabr ayında «Qafqaz Karvansaray Hotel»in açılışı oldu. Ümumilikdə «Qafqaz» brendinə daxil olan Bakıda 3, Qəbələdə 6, Lənkəranda 1 hotel fəaliyyət göstərir. Qəbələdəki hotellərin 3-ü beşulduzlu, 1-i dördulduzlu, 2-si isə 3 ulduzludur.

Layihələrimiz davam edir. Gələcəkdə xarici ölkələrdə də bu brendə daxil olan hotellər qurmaq niyyətindəyik. Hazırda bu istiqamətdə Baltikyanı ölkələrdə və Gürcüstanda iş gedir. «Qafqaz» hotellərini qurmaqda məqsədimiz Azərbaycanın ilk hotel brendini yaratmaqdır. İnanırıq ki, gələcəkdə ölkəmizin turizmini və Azərbaycan hotelçiliyini bu brend vasitəsilə dünyada tanıda biləcəyik».

«A la Carte travel» şirkətinin direktoru Nəsib Usubov isə təqdim olunan mədəni turizm marşrutunun mahiyyəti haqqında danışdı. Onun sözlərinə görə, marşrutun əsas məqsədi Azərbaycanın qədim tarixə və köklü mədəniyyətə malik bir ölkə olduğunu bütün dünyaya tanıtmaqdır. «Qədim Qafqaz Albaniyasının izləri» mədəni turizm marşrutu artıq iki ilə yaxındır fəaliyyət göstərir: «Marşrutla maraqlananlar çoxdur. Almaniyadan, Rusiyadan gələn turistlərin əksəriyyəti bu marşrutla maraqlanır. Bir çox tanınmış turizm portallarında reklam veririk. Bu vaxta qədər yalnız bizim şirkət vasitəsilə 300-dən yuxarı xarici turist bu marşrutdan istifadə edib. Bütün marşrut boyu qonaqlarımızı istəklərindən asılı olaraq alman, ingilis, fars, rus, türk, fransız və italyan dilli bələdçilər müşayiət edir».

Şirkət direktoru qeyd etdi ki, «A la Carte travel»in təqdim etdiyi digər bir mədəni turizm marşrutu «Beş dövr - beş paytaxt» adlanır. Bakı-Şəki-Qəbələ-Gəncə-Bərdə-Bakı istiqamətində reallaşdırılan bu marşrut tarixən Azərbaycanın paytaxtları olan şəhərləri əhatə edir: «Xaricilər bu marşrutu da çox sevir. Marşrutu ötən yaydan istifadəyə vermişik. Azərbaycanda yol infrastrukturu elə inkişaf edib ki, artıq bütün bölgələrimizi əhatə edən marşrutlar təklif etməkdə heç bir çətinliklə qarşılaşmırıq. Bütün istiqamətlərə rahat getmək mümkündür. Marşrut yalnız xarici turistlər üçün deyil, yerli sakinlər də istədikləri zaman qrup şəklində bu marşrutla hərəkət edə bilər. Daxili turlarla bağlı layihələrimiz bundan sonra da davam edəcək. Biz uşaqlarımızı elə tərbiyə etməliyik ki, tariximizi dərindən öyrənə bilsinlər. Çünki onlar tarixi bilmədən vətəni sevə bilməzlər».

 

«Tufandağ» qış-yay turizm kompleksində 5 min nəfər istirahət edə biləcək

 

Səfərimizin ikinci günü Qəbələdə inşa edilən «Tufandağ» qış-yay turizm istirahət kompleksinə gəzinti ilə başladı. «Gilan Holdinq» Maliyyə-Sənaye Qrupu tərəfindən həyata keçirilən layihədə xizək və kanat yollarının tikintisini həyata keçirən «Leitner» şirkətinin direktoru İlkər Cumbul kompleks barədə iştirakçılara ətraflı məlumat verdi. Qeyd etdi ki, kompleks Azərbaycanda il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etmək məqsədilə yaradılır. Burada turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəb səviyyəli yollarda xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, hotel (mehmanxana) və digər xidmətləri təklif ediləcək.

Kompleksin inşası 2 mərhələdən ibarətdir. 1-ci mərhələnin inşasına 2012-ci ilin may ayında başlanıb, tamamlanması 2014-cü ilin oktyabr ayına planlaşdırılır. 2-ci mərhələnin inşası 2014-cü ilin yazında başlayacaq: «Hazırda birinci mərhələdə planlaşdırılan 4 kanat xətti tam inşa edilib, 10 xizək yolundan 5-ində əsas inşaat işləri başa çatıb. Bu qış mövsümündə kanat xətlərində gəzinti, hazır olan yollarda xizəklə sürüşmək, xizəklə sürüşmə təlimi, iaşə xidmətləri həyata keçiriləcək.

Kanat xətləri «Qafqaz Riverside Hotel»dən başlayır. 1-ci kanat yolu 1650 metr hündürlüyə qalxır. Digər yol isə Qəbələnin Duruca kəndinə gedir. Kənddən yuxarı qalxan yolun hündürlüyü 1950 metrdir. Xizək mərkəzində 15 xizək yolu var. Bu yollar bütün istiqamətlərdə uzanır. Ən uzun xizək yolu 1950 metrdir. Xizək həvəskarları dolanıb getməklə bu yolu 6 km-ə qədər uzada bilərlər. İki xizək yolunun yarışlar üçün istifadəsinə dair hazırda Beynəlxalq Xizək Federasiyası ilə danışıqlar aparılır. Kanat yolla Duruca kəndindən 2565 metr hündürlükdə yerləşən Şimal təpəsinə çıxmaq planlaşdırılır. Buradan şəlaləyə enmək üçün digər bir kanat yolu da inşa edilir. Xizək mərkəzi hər tərəfdən dağlarla əhatələndiyinə görə istirahət üçün çox əlverişlidir. Xizək sürmək vərdişlərinə yiyələnmək üçün də ayrıca xizək yolu var. Bunun üçün müxtəlif ölkələrdən mütəxəssislər dəvət ediləcək».

Şirkət təmsilçisi bildirdi ki, birinci mərhələ istifadəyə verildikdən sonra 2 min nəfər buradakı xidmətlərdən istifadə edə biləcək. İkinci mərhələ yekunlaşandan sonra isə bu say 5 min nəfərə çatacaq.

 

Kişdəki alban abidəsini ildə 2 mindən çox insan ziyarət edir

 

Həmin gün tanış olduğumuz daha bir məkan Oğuz Tarix-Diyarşünaslıq Muzeyi oldu. Muzeyin direktoru Adilə Xuduyeva bizi eksponatlar barədə məlumatlandırdı: «Oğuzun çox unikal təbiəti, zəngin flora və faunası var. Muzeyin ekspozisiyasının əsasını Oğuz rayonunda aparılan qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri, milli geyimlər, kənd təsərrüfatı alətləri, sənətkarlıq nümunələri, bitki və heyvanat aləmi təşkil edir. Muzey 4 bölmədən - təbiət, qədim dövr, sovet imperiyasının süqutu və müasir dövr bölmələrindən ibarətdir. Muzeyin binası 1822-ci ildə inşa olunub. Bir nəfər udin babasının şərəfinə tikdirib. Təsdiq olunmamış məlumatlara görə, əvvəllər kilsə kimi istifadə olunub. 1981-ci ildə bərpa olunub, 90-cı illərdən muzey binası kimi istifadə olunur».

«Qədim Qafqaz Albaniyasının izləri» ilə sonuncu baş çəkdiyimiz məkan Şəkinin Kiş kəndi ərazisində yerləşən qədim alban məbədi oldu. Abidə barədə məlumatı bələdçi Vüsalə Hüseynovadan alırıq. Onun dediyinə görə, məbəd eramızın I əsrində İsa peyğəmbərin həvarilərindən olan Yelisey tərəfindən tikilib. 2000 yaşı olan məbədin hündürlüyü 16 metr, divarlarının qalınlığı 1 metrdir: «Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəngdaşı və kirəc tozu ilə tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir və memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. 2000-ci ildə bərpası başa çatdırılıb, 2003-cü ildən isə muzey kimi fəaliyyət göstərir. Xüsusilə yay aylarında muzeyin ziyarətçiləri çox olur. İl ərzində məbədi 2 min nəfərdən çox insan ziyarət edir. Onların arasında əcnəbilər də çoxdur. Azərbaycan, ingilis, rus, türk dillərində bələdçilər turistlərə lazımi məlumatları çatdırır».

Səfərimiz Şəkinin mərkəzində yerləşən «İssam» hoteli ilə tanışlıqla yekunlaşdı. Hotelin baş meneceri Səbuhi Ağaməmmədli bildirdi ki, burada qonaqların hər bir rahatlığı təmin olunur. Canlı musiqi, ləziz Azərbaycan mətbəxi, qapalı hovuz, istilik sistemi ilə təmin olunmuş geniş otaqlar və əlavə xidmətlər 24 saat qonaqların ixtiyarındadır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 7.