Rəşid Behbudovun doğum günü qeyd olundu
Dekabrın
14-də dünya şöhrətli
müğənni, bənzərsiz ifaçı, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anadan
olmasının 98-ci ildönümü ilə
əlaqədar sənətkarın adını daşıyan
2 saylı onbirillik musiqi
məktəbində xatirə tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva Rəşid Behbudovun həyat və yaradıcılığından danışdı, dahi müğənnini nəsillərə örnək sənətkar adlandırdı: “Rəşid Behbudov ifaçılıq sənəti ilə bizim üçün böyük bir məktəb qoyub getdi. Onun ifaları gələcək nəsillər üçün əvəzolunmaz sərvətdir”.
Qeyd olundu
ki, görkəmli estrada
və opera müğənnisi Rəşid
Məcid oğlu Behbudov
1915-ci il dekabrın 14-də Tiflisdə anadan olub. Valideynləri
Tiflisə Şuşadan
köçüblər. Atası Məcid Behbudov
məşhur xanəndə olub. Rəşid
Behbudov dünyanın onlarla
ölkəsində qastrol səfərlərində
olub, bir çox dildə mahnılar ifa
etməsi ona dünya
şöhrəti qazandırıb. O, “Arşın mal alan” (1945) və “Bəxtiyar” (1955) filmlərində
aktyor kimi əsas rollarda çəkilib.
Musiqi məktəbinin uğurlarından
da danışan Qəmər Quliyeva təhsil ocağının
yetirmələrinin “Eurovision” kimi dünya miqyaslı mahnı yarışmasında yüksək
səviyyədə iştirak
etdiklərini, ölkəmizə
qalibiyyət gətirdiklərini
dedi.
Sonra unudulmaz
müğənninin repertuarından
mahnılar 2 saylı musiqi məktəbinin yetirmələrinin ifasında
səsləndi. İfaçılar arasında 2011-ci ildə “Eurovision” mahnı
müsabiqəsinin qalibi
olmuş Eldar Qasımov, 2013-cü ildə
bu beynəlxalq musiqi yarışmasının
ikincisi Fərid Məmmədov və
“Junior Eurovision-2013” mahnı müsabiqəsinin xüsusi
mükafatçısı Rüstəm
Kərimov da var idi.
İfaçıların çıxışları tamaşaçıların
alqışları ilə
qarşılandı.
Dövlət Mahnı Teatrında
anım gecəsi
Dekabrın 14-də
SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr edilmiş daha bir anım tədbiri
korifey ifaçının
qurub-yaratdığı və
bu gün adını daşıyan
Dövlət Mahnı
Teatrında keçirilib. Musiqili gecədə
Milli Məclisin deputatları, mədəniyyət
xadimləri, musiqi ictimaiyyətinin təmsilçiləri,
Rəşid Behbudovun ailə üzvləri - qızı və nəvəsi iştirak edirdi.
Tədbirin əvvəlində Rəşid
Behbudovun ifasında mahnı səslənib. Mahnı Teatrının
solisti, Əməkdar
artist Gülyanaq Məmmədova
tədbir iştirakçılarını
salamlayaraq Rəşid
Behbudovun Azərbaycan musiqi mədəniyyətinin
inkişafına dəyərli
töhfələrindən, milli musiqi sənətinin
xaricdə təbliğ
edilməsi sahəsində
böyük xidmətlərindən
danışıb. Qeyd
olunub ki, bu il sənətkarın anadan olmasından 98, onun yaratdığı Mahnı
Teatrının fəaliyyətə
başlamasının 45 ili
tamam olur.
Gecədə Mahnı Teatrının musiqi və rəqs kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.
Fariz Hüseynov
Mədəniyyət.- 2013.- 18
dekabr.- S. 7.