Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul etdi

 

“Görüşdən-görüşə bizə edilən müraciətlər, verilən təkliflər, qaldırılan məsələlər daha çox ictimai əhəmiyyət kəsb edir

 

Dekabrın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəki şəhərindəki Olimpiya İdman Kompleksində Şəki, Mingəçevir, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından vətəndaşları qəbul etdi.

 

Qeyd olunan bölgələrdən 30-a yaxın sakin Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı xahiş və təklifləri səsləndirildi.

Müraciətlər mədəniyyət və tarixi abidələrdə yarımçıq qalmış bərpa işlərinin tamamlanması, çövkən atüstü oyununun inkişafı məqsədilə mərkəzin yaradılması, əhalinin daha çox məskunlaşdığı böyük kəndlərdə müasir klub tipli müəssisələrinin inşası, iri yaşayış məntəqələrində günün tələblərinə cavab verən kitabxanaların açılması, yerli mədəniyyət müəssisələrinin ixtisaslı kadrlarla təmin olunması, Şəki şəhərində "Yumor" festivalının təşkili, yeni Turizm İnformasiya Mərkəzinin yaradılması, musiqi məktəblərinin çalğı alətləri və dərs vəsaitləri ilə təminatı, işlə təmin olunma və digər sosial məsələlərlə bağlı idi.

 

* * *

Biz də qəbula yazılanların bir neçəsinin fikirlərini dinlədik.

Şəki sakini Təranə Mahmudova rayonun Fazil kəndi ərazisində yerləşən “Təpəbaşı” nekropolu ilə bağlı nazirə müraciət edəcəyini dedi: Bu qədim nekropolun ərazisində bərpa işləri aparıldı, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ətraf ərazilərdə abadlıq işləri görüldü. Bu işlər təbii ki, bizi sevindirir. Çox istərdik ki, “Təpəbaşı” nekropolunda yarımçıq qalmış bərpa işləri yaxın zamanlarda tamamlansın, bu yer Şəkiyə gələn turistlərin baş çəkəcəyi məkanlardan birinə çevrilsin”.

Naftalan şəhərindən Qiyas Məmmədov musiqi məktəbində saz sinfində dərs dediyini, ancaq təqaüd yaşı çatdığına görə işdən azad edildiyini bildirdi. “Mən başa düşürəm ki, bu, qanunun tələbidir. Ancaq bir məsələ var ki, mənim dərs dediyim musiqi məktəbində başqa saz müəllimi yoxdur. Mən də cənab nazirlə görüşdə xahiş edəcəyəm ki, daha bir-iki il işləməyimə imkan yaradılsın. Nə qədər ki, səhhətim imkan verir dərs demək, şagird yetişdirmək istəyirəm”.

Qax rayonundan qəbula yazılmış Fikrət Ramazanov isə çövkən milli atüstü oyununun inkişafı məqsədilə rayonun Zəyəm kəndində mərkəzin yaradılmasını təklif edəcəyini bildirdi. “Qax rayonunda atçılığın inkişafı, eyni zamanda atüstü oyunların keçirilməsi üçün imkanlar mövcuddur. Bildiyiniz kimi, qədim atüstü oyunumuz çövkən UNESCO-nun siyahısına daxil edildi. Bu onu göstərir ki, dövlətimiz mədəni irsimizə, qədim oyunlarımızın yenidən həyat qazanmasına böyük diqqət göstərir”.

 

* * *

Vətəndaşların müraciətlərini dinləyən Əbülfəs Qarayev yerli sakinlərin bölgə üçün əhəmiyyətli mövzulara laqeyd qalmamasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Nazir jurnalistlərə müsahibəsində qeyd etdi ki, bütün xahiş, təklif və təşəbbüslər diqqətlə nəzərdən keçiriləcək və lazımi tədbirlər görüləcək. “Bu, bizim bölgələrdə vətəndaşlar üçün keçirdiyimiz sayca on birinci qəbuldur. Sevindirici haldır ki, görüşdən-görüşə bizə edilən müraciətlər, verilən təkliflər, qaldırılan məsələlər daha çox ictimai əhəmiyyət kəsb edir. İlk qəbullarda insanlar daha çox şəxsi məsələlərlə bağlı müraciətlər edirdilərsə, artıq bizə ünvanlanan xahişlər, verilən təkliflər regionun inkişafı ilə bağlı, bu bölgəyə daha çox turist cəlb olunması, adət-ənənələrin qorunması, həmçinin inkişafa, tərəqqiyə doğru addımlar barədə olur. İnsanların artıq gələcək haqqında düşünmələri bizi çox sevindirir”.

Nazir onu da bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən mütəmadi olaraq keçirilən bu görüşlər bölgələrdə sakinlərin problemləri ilə yerində tanış olmaqmüvafiq tədbirlər görmək imkanı verir: "Şəkidə də, digər bölgələrdə olduğu kimi, Azərbaycan Prezidentinin regionların inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramlarına uyğun bir çox məsələlər öz həllini tapmışdır. Eyni zamanda mədəniyyət sahəsində də mühüm işlər görülmüşdür. Qəbul zamanı bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı, tarixi abidələrin qorunması, yeni turizm informasiya mərkəzlərinin yaradılması ilə bağlı çox dəyərli təkliflər, müraciətlər olundu. Biz onların üzərində işləyəcək, həllinə nail olacağıq. Bildiyiniz kimi, Şəki və ətraf rayonlarda xeyli tarixi abidə bərpa olunub, Şəkidə müasir tələblərə cavab verən teatr binası istifadəyə verilib. Bundan əlavə, UNESCO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil edilən çövkən oyunu üzrə növbəti "Prezident Kuboku" yarışlarının Şəkidə keçirilməsi, bu yarışda 20 komandanın iştirakı olduqca sevindiricidir. Bütün bunlar mədəni irsimizin qorunub saxlanılmasına, inkişafına töhfədir və təqdirəlayiq haldır ki, bölgələrimizdə bu işlərə əhali tərəfindən böyük maraq göstərilir".

Əbülfəs Qarayev ölkədə mədəniyyət və turizm sahəsində dövlət proqramlarının icra olunduğunu və əhali tərəfindən qaldırılan bütün məsələlərin tədricən həllini tapdığını vurğuladı. Nazir sosial məsələlərlə bağlı müraciətlərin də lazımi instansiyalara çatdırılacağını, həllinə köməklik göstəriləcəyini qeyd etdi.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 5.