Qarabağ xalçası BMT-nin
Vyana ofisində
Dekabrın 16-da BMT-nin Vyana ofisində Azərbaycan xalçasının
təqdimatı olub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qarabağ məktəbinin nümunəsi
olan xalçanı bu ilin may ayında
Avstriyaya rəsmi səfəri zamanı bu quruma hədiyyə
edib. Xalça ofisin əsas
binasının ən
gözəgəlimli hissəsində
asılıb. Mərasimdə Azərbaycanın Avstriyadakı
səfiri və beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi Qalib İsrafilov və BMT-nin Vyana ofisinin
baş direktoru Yuri Fedotov iştirak ediblər.
Baş direktor Azərbaycan xalq sənəti nümunəsi
ilə BMT-nin ofisini zənginləşdirdiyinə
görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Xalçanın yanında
yerləşdirilmiş lövhə
üzərində ingilis
və Azərbaycan dillərində bu sözlər yazılıb:
“Qarabağ xalçaçılıq
məktəbindən ənənəvi
Azərbaycan xalçası.
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən
ianə edilmişdir.
14 may 2013-cü il”.
Qeyd edək
ki, ənənəvi olaraq BMT-nin Vyana ofisinə müxtəlif ölkələrdən
maddi-mədəniyyət nümunələri,
rəsmlər və heykəltəraşlıq əsərləri
hədiyyə edilir. Vyana ofisində BMT sisteminə daxil olan bir
sıra beynəlxalq təşkilatların, o cümlədən
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi,
Atom Enerjisi üzrə
Beynəlxalq Agentlik,
BMT-nin Sənaye və İnkişaf Təşkilatı, Nüvə
Silahlarının Hərtərəfli
Qadağan Olunması üzrə Müqavilə
Təşkilatı və
digər mühüm qurumların mərkəzi
qərargahları yerləşir.
Bina daxilindəki təşkilatlarda
ümumilikdə 3000-dən çox əməkdaş
çalışır.
Mədəniyyət.- 2013.- 18
dekabr.- S. 5.