“Xalqa
xidmət edən şəxsiyyətlər xatirələrdən
heç vaxt silinmir”
Dekabrın 17-də
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Akademik Milli Dram Teatrında görkəmli ictimai-siyasi
xadim Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamına əsasən keçirilən tədbirdə
dövlət və hökumət rəsmiləri, millət vəkilləri,
elm, mədəniyyət xadimləri,
ictimaiyyət nümayəndələri iştirak
edirdi.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində dövlət xadimini həyat və fəaliyyətinin müxtəlif anlarının əks olunduğu fotosərgi ilə tanış oldular.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kamran Hüseynovun müxtəlif dövlət vəzifələrində fəaliyyətindən söz açdı, respublikamızın sosial-iqtisadi inkişafı, eləcə də mədəniyyət və turizmin tərəqqisi üçün baza rolunu oynayan işlərinə nəzər saldı: “Adətən biz böyük teatr, konsert salonlarında yazıçıların, incəsənət xadimlərinin yubiley tədbirlərini keçiririk. Düşünürəm ki, xalqımızın taleyində mühüm rol oynayan, ümumi inkişafımıza xidmət etmiş hər bir insanın xatirəsi əzizdir. Onların keçdiyi ömür yolu, iş sahəsindən asılı olmayaraq, xalqımızın mədəni-mənəvi sərvətinə çevrilir. Çünki dəyərli soydaşlarımızın qurub-yaratmaq əzmi, fəaliyyətləri gələn nəsillər üçün ən yaxşı nümunədir”.
Qeyd olundu ki, XX yüzillikdə öz əməlləri ilə xalqın yaddaşında iz qoyan görkəmli dövlət xadimləri arasında Kamran Hüseynovun özünəməxsus yeri var. Nazir Kamran Hüseynovun ömür yolu, örnək fəaliyyəti barədə danışdı. Bildirildi ki, Kamran Hüseynov 1940-60-cı illərdə Bakı, Sumqayıt, Mingəçevir, Neftçalada müxtəlif partiya-təsərrüfat vəzifələrində çalışıb, 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri, 1993-cü ildən ömrünün sonunadək isə Ticarət və Sənaye Palatasının müşaviri işləyib: “Onun keçdiyi ömür yoluna nəzər saldıqda Kamran Hüseynovu əsrin yaşıdı da adlandırmaq olar. Onun mənəvi varlığında, dünyagörüşündə bütöv bir yüzilliyin izləri mövcuddur”.
Yubiley münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunan “İlin beşinci fəsli. Kamran” kitabı barədə də məlumat verən Əbülfəs Qarayev Kamran Hüseynovun devizə çevrilmiş sözlərini xatırlatdı: “O, demişdir: “Taleyimdən razıyam. Oxutmadılar oxudum, böyütmədilər böyüdüm, öyrətmədilər öyrəndim”. Əslində bu sadə sözlərdə böyük həyat fəlsəfəsi var və bu fəlsəfə Kamran Hüseynovun azərbaycanlı, vətəndaş amalını ayna kimi əks etdirir”.
Nazir çıxışında Kamran Hüseynovun ölkədə mədəniyyət ocaqlarının, turizmin inkişafı üçün əsas olan müalicəvi istirahət komplekslərinin tikintisində xidmətlərini də qeyd etdi, onun əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev dəyərli kadr, təcrübəli dövlət adamı kimi Kamran Hüseynova yüksək qiymət verib: “Bu gün cənab Prezident İlham Əliyevin sərəncamı ilə Kamran Hüseynovun yubileyinin qeyd olunması bir daha sübut edir ki, xalqa xidmət edən görkəmli şəxsiyyətlərin əməyi xatirələrdən heç vaxt silinmir”.
Tədbirdə çıxış edən millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev respublikamızda aparılan irimiqyaslı quruculuq işlərində Kamran Hüseynovun fəaliyyətindən danışdı.
Dövlət xadiminin qızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova atasının 100 illiyinin qeyd olunması ilə bağlı sərəncama görə ailəsi adından ölkə başçısına minnətdarlığını bildirdi, yubiley tədbirlərinin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi.
Tədbir Kamran Hüseynovun həyat məqamlarını əks etdirən video-çarxın nümayişi və konsert proqramı ilə davam etdi. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Ansamblının (dirijor Ağaverdi Paşayev) müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Gülyanaq Məmmədova, vokalçılar Anar Şuşalı, Aqşin Abdullayev, İlahə Əfəndiyeva, xanəndə və aşıqların ifasında rəngarəng musiqi nömrələri təqdim olundu.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2013.- 18
dekabr.- S. 2.