“Dünyadan nə gözəl bir insan getdi”
Dünyaya gələnin bir gün bu
dünyadan köçəcəyi
yaranışdan üzü
bəri bütün insanlığa məlumdur. Hər bir insan itkisi beləcə
ürəkləri göynədir,
doğmalarına, yaxınlarına
qəm-qüssə, nisgil
gətirir. Bir də bu, həyatın
çətin yollarında
sınaqlardan alnıaçıq,
üzüağ çıxan,
nəcib insani keyfiyyətləri ilə hamının ürəyində
özünə yurd-yuva
quran bir alim-müəllim itkisi ola...
Filologiya
elmləri doktoru,
professor, Bakı Dövlət
Universitetinin Azərbaycan
ədəbiyyatı tarixi
kafedrasının müdiri,
filologiya fakultəsinin
dekanı olmuş Firidun Cəlal oğlu Hüseynovun vaxtsız ölümü
də, təkcə ailə üzvləri üçün deyil, bütövlükdə respublikamızın
elmi-pedaqoji ictimaiyyəti
üçün böyük
itki oldu.
Bu il ədəbiyyatşünas
alimin 80 illik yubileyi tamam olur. Firidun Hüseynov gözəl
müəllim, görkəmli
pedaqoq, istedadlı natiq idi. Onun mühazirələri elmi səviyyəsi, aydın, səlis üslubu, zəngin faktik materialı ilə həmişə tələbələrin
böyük rəğbətini
qazanıb, onları milli mədəniyyəti sevməyə, ədəbiyyatımızı
dərindən öyrənməyə
həvəsləndirib. Firidun Hüseynovun professor
Mir Cəlal ilə birlikdə yazdıqları
“XX əsr Azərbaycan
ədəbiyyatı” dərsliyi
neçə illərdir
ki, ali məktəb
tələbələrinin, ədəbiyyat müəllimlərinin
stolüstü kitabı
kimi istifadə olunur. Bu gün, alimin özü həyatda olmasa da, onun yaşının
80-ci ili təkcə ailə üzvləri, dostları,
tələbələri tərəfindən
deyil, Azərbaycanın
bütün elm ocaqlarında
yad edilir.
Dekabr ayının
14-də Yasamal rayonundakı
Heydər Əliyev Mərkəzində də
Firidun Hüseynovun yubileyi qeyd olundu.
Professorun
həyat və fəaliyyətindən bəhs
edən filmin nümayişi ilə başlayan tədbirdə filologiya elmləri doktorları, professorlar Tofiq Hacıyev, Nizami Cəfərov, Cahangir Məmmədli, Aqşin Babayev, Xalq şairi, dramaturq Nəriman Həsənzadə, BDU-nun elmi
işlər üzrə
prorektoru, professor İsmayıl
Əliyev, şair, ədəbiyyatşünas, Əməkdar
mədəniyyət işçisi
Ayaz Vəfalı və başqa elm, mədəniyyət xadimləri,
Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
əməkdaşları, yubilyarın
ailə üzvləri
və yaxınları
iştirak edirdi.
Yubiley tədbirində
Firidun Hüseynovun həyat və elmi fəaliyyətindən
bəhs edən çıxışlar dinlənildi,
onunla bağlı xatirələr danışıldı. Qeyd olundu
ki, o, həm elmdə, həm də təşkilatçılıqda
öz fəallığı
ilə seçilir, tələbələrə doğma
ata qayğısı göstərirdi.
Sonda alimin ailəsi adından çıxış edən
Araz Hüseynov tədbir iştirakçılarına
təşəkkürünü bildirdi.
Xatırladaq ki, tanınmış
alim Firidun Hüseynov “Əli Nəzminin yaradıcılığı”,
“Cəlil Məmmədquluzadə
nəsrində əsas
problemlər”, “Sənət
və əməl dostları”, “N.Nərimanovun
bədii nəsri haqqında”, “Tənqidçi
və ədəbi proses”, “Adi əhvalatlarda
böyük həqiqətlər”,
“Satirik gülüşün
qüdrəti”, “Molla Nəsrəddin və mollanəsrəddinçilər” kimi tədqiqat əsərlərinin müəllifidir.
Şəbnəm Babaşova,
Səbail rayon MKS-nin metodika
və biblioqrafiya şöbəsinin müdiri
Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 14.