Azərbaycanda
teatr təhsilinin təşkili
Mədəniyyət və İncəsənət Universiteti - 90
Hər
bir xalqın mənəvi və estetik tərbiyəsində,
dünyagörüşünün formalaşmasında incəsənətin,
o cümlədən insan zəkasına və hisslərinə
güclü təsir göstərən teatr sənətinin
üzərinə çox mühüm vəzifələr düşür. Təbii ki,
teatrın sosial həyatda öz ictimai, bədii-estetik
funksiyasını yerinə yetirməsi ilə əlaqədar
teatr tədrisi məktəbləri cəmiyyət
qarşısında böyük məsuliyyət
daşıyır. Bu məktəblər teatra istedadlı
qüvvələrin gəlməsini təmin edir, sənətkarlıq
səviyyəsinin yüksəldilməsinə və milli mədəniyyətdə
yeni teatr fikrinin yaranmasına təkan verir.
Azərbaycanda teatr təhsilinin tarixi Dövlət Teatr Məktəbinin yaradıldığı 1923-cü ildən başlanır. Bu tarixədək yarım əsr ərzində milli teatrımız ciddi yaradıcılıq uğurları qazanmış, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov və başqa görkəmli dramaturqların, Cahangir Zeynalov, Məhəmməd bəy Əlvəndi, Əbülfət Vəli, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və başqa tanınmış aktyor və rejissorların sayəsində böyük inkişaf yolu keçmişdir. Teatrımızın sədaları nəinki Azərbaycanın müxtəlif guşələrinə, ondan xeyli uzaqlara gedib çatırdı. Aktyorlarımız böyük müvəffəqiyyətlə Gürcüstana, Dağıstana, Türkmənistana, Özbəkistana, Tatarıstana, Volqaboyuna, Krıma, Osetiyaya, eləcə də İrana, Türkiyəyə qastrol səfərlərinə gedir, müsəlman Şərqinin bir çox ölkələri və xalqlarında səhnə sənətinin yaranmasına və inkişafına ciddi təsir göstərirdilər.
Bu müvəffəqiyyətlərlə yanaşı, dövlət tərəfindən müdafiə edilməyən və heç bir maddi yardım almayan milli teatrımız məhrumiyyətlərə və çətinliklərə məruz qalırdı. Teatr sənətçilərinin peşəkar təhsil almaması, onlar üçün xüsusi teatr tədrisi ocağının yoxluğu, vəsait çatışmazlığı ciddi problemlər yaradırdı. Teatr kadrlarının yetişdirilməsinə bir o qədər əhəmiyyət verilmirdi. Bu missiyanı pərakəndə şəkildə şəxsi yaradıcılıq təcrübəsini nəsillərdən-nəsillərə ötürən milli səhnənin görkəmli ustaları həyata keçirirdilər. Belə sənətkarlar öz yaradıcılıqları, estetik baxışları ilə milli aktyor məktəbinin və onun pedaqoji proqramının bünövrəsini qoysalar da, xüsusi teatr tədrisi məktəbi olmadığına görə aktyorların yetişdirilməsi işi kortəbii, sistemsiz gedirdi. Nəticədə ayrı-ayrı istedadlarla yanaşı, səhnədə professionallıq baxımından hazırlıqsız çoxsaylı naşı həvəskarlar da çıxış edirdi ki, bu da milli teatrın inkişafını ciddi şəkildə ləngidirdi.
Professional səhnə təliminin zəruriliyini dərindən duyan aparıcı aktyor və rejissorlar tamaşanın hazırlığı zamanı aktyorların təliminə, tərbiyəsinə xüsusi diqqət və vaxt ayırırdılar. Bu sahədə Həbib bəy Mahmudbəyov, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi sənətkarlar daha məhsuldar fəaliyyət göstərirdilər. Müasirlərinin xatirələrinə görə, bu teatr xadimləri məşq zamanı tamaşanın hazırlanması işi ilə yanaşı, aktyorların sənətkarlığının artırılmasına, onların biliklərinin genişləndirilməsinə, sənətə ciddi münasibət bəsləmələrinə çalışır və bunun üçün xüsusi vaxt ayırırdılar.
Bundan başqa, onlar aktyorluq sənəti üzrə
ayrıca dərslər də təşkil etməyə
çalışırdılar. Bu barədə Xalq artisti
Hacıağa Abbasov öz xatirələrində yazır:
«...Aktyorlarımızın səhnə sənətini öyrənmək
məsələsində Cahangir Zeynalovun böyük zəhməti
olmuşdur. O vaxtlar Bakıda, məşhur Polonskinin dəstəsində
Pyotr Krayevski adlı bir tanınmış komik var idi. Bu adam
rus teatr tarixi və səhnə sənəti sahəsində
savadlı və təcrübəli bir artist idi. Cahangir onu evinə
dəvət edir, Mirzəağa Əliyev, mən və
başqalarını komediya və komizm sənətkarlığı
haqqında məlumatlandırmaq üçün Krayevskinin
söhbətlərini təşkil edərdi. Bu, demək olar ki, bizim
üçün balaca bir teatr məktəbi idi».
Teatr təhsilinin vacibliyini teatr xadimləri ilə
yanaşı, mütərəqqi ictimaiyyət nümayəndələri,
ziyalılar da başa düşürdü və bu haqda dəfələrlə
məsələ qaldırır, müxtəlif təşəbbüslərlə
çıxışlar edirdilər. Belə ki, 1912-ci ildə
“Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsində
aktyor Mirzəağa Əliyevin Xarkov teatr məktəbinə
daxil olmasına şərait yaratmaq və ona yardım etmək
üçün iki tamaşanı aktyorun xeyrinə göstərmək
barədə məsələ qaldırılmışdı.
Belə bir cəhd 1916-cı ildə A.M.Şərifzadəni
də Xarkovdakı İlyin teatr studiyasına göndərmək
üçün edilmişdi. Ancaq H.Ərəblinskinin
oxuması üçün göstərilən təşəbbüs
müəyyən səbəblərə görə bir nəticə
verməmişdi.
Teatr təhsilinin vacibliyi məsələsi mətbuat səhifələrində
də dəfələrlə qaldırılmışdı. Məsələn, “Səda”
qəzetinin 1911-ci il nömrələrinin
birində çap edilmiş “Teatr və musiqi” adlı məqalədə
teatrın bir çox vacib məsələləri ilə
yanaşı, aktyor və rejissor kadrlarının
yetişdirilməsi problemi də gündəmə gətirilmişdi.
“Kaspi” qəzetinin 1913-cü il 13 avqust tarixli nömrəsində
dərc edilmiş “Bizim səhnəmiz” adlı məqalədə
də Azərbaycan teatrının qarşısında duran məsələlərdən
bəhs olunur, professional aktyor və teatr məktəbinin zəruriliyi
irəli sürülürdü.
Azərbaycanda aktyorların təhsili məsələsinə
“Açıq söz” qəzeti də dəfələrlə
öz səhifələrində yer vermişdi. Qəzetin 1916-cı il 20 oktyabr nömrəsində “Bir münasibətlə”
adlı məqalədə müəllif Azərbaycan
aktyorlarının peşə hazırlığının
artırılması yolunu onların Rusiyanın teatr məktəblərinə
göndərilməsində görürdü. Həmin
qəzetin 4 noyabr nömrəsində isə
“Əbülüla” tamaşası ilə bağlı
yazılmış məqalədə aktyorların səhnə
dilindəki nöqsanlardan xüsusi söhbət
açılır, bu problemə tamam başqa yöndən
yanaşılırdı. Məqalədə deyilirdi:
«Bunu görüncə dram cəmiyyəti Moskvaya artistlik sənətini
öyrənməyə adam göndərmək
əvəzinə, nə olurdu, burada bir kurs təşkil edəydi
də, məxsus bir ədəbiyyat müəllimi dəvət
edib, o vasitə ilə artistlərimizə dil öyrədəydi».
Bu illərdə aparıcı aktyor və rejissorlar bu
problemin həlli üçün müəyyən praktik
addımlar da atırdılar. Belə ki, 1915-ci ilin oktyabrında
H.Sarabski və H.Ərəblinski ilə birlikdə bir qrup
aktyor Müsəlman Dram Cəmiyyəti nəzdində
aktyorların təlimini təşkil etmək
üçün xüsusi kurs açmağa təşəbbüs
göstərmiş, lakin bu ideyanı həyata keçirmək
mümkün olmamışdı. 1917-ci ildə
Bakıda fəaliyyət göstərən teatr
truppalarını birləşdirən Müsəlman Artistləri
İttifaqı yaradıldı. Həmin
ilin dekabrında ittifaqın nəzdində Azərbaycan
teatrı tarixində ilk dəfə olaraq tədris studiyası
təşkil edildi. Bu studiyaya aktyor
A.M.Şərifzadə rəhbərlik edirdi. Lakin bu studiya çox yaşaya bilmədi. 1918-ci ilin martında erməni daşnaklarının
Bakıda törətdiyi soyqırımı və talanlar
zamanı Müsəlman Artistləri İttifaqının
binası yandırıldı, studiyanın məşğələləri
və dərsləri dayandırıldı. 1919-cu ildə isə H.Sarabskinin rəhbərliyi ilə
Fəhlə klubu nəzdində teatr studiyası
yaradıldı.
Bundan başqa, bu illərdə qısamüddətli
kurslar, ayrı-ayrı məşğələlər də təşkil
edilirdi. O
dövrdə Bakıda fəaliyyət göstərən rus
truppalarının aparıcı aktyor və rejissorları
vaxtaşırı Azərbaycan aktyorları tərəfindən
dəvət olunurdu. Burada onlar öz həmkarları
qarşısında teatr sənətinin müxtəlif problemlərinə
aid söhbətlər aparır, aktyor peşəkarlığının
yüksəldilməsinə kömək edən məşğələlər
keçirirdilər.
1920-ci il mayın 18-də Azərbaycan hökumətinin
qərarı ilə respublikadakı bütün teatrlar, kino və
musiqi müəssisələri milliləşdirildı. Onların fəaliyyətinə rəhbərlik etmək
üçün Respublika Xalq Maarif
Komissarlığının İncəsənət şöbəsinin
nəzdində teatr bölməsi yaradıldı və
yazıçı-dramaturq Ə.Haqverdiyevə həvalə
edildi. Həmin ilin oktyabr ayında verilmiş qərara əsasən
«...aktyorların sırasını həqiqətən
istedadlı, incəsənəti sevən adamlarla təmin etməkdən
ötrü...» Dövlət Dram Studiyası təşkil
olundu. Studiyada Azərbaycan və rus
bölmələri fəaliyyət göstərməyə
başladı. Burada oxuyanlar arasında
sonralar Azərbaycan aktyorluq sənətinin tanınmış
simalarına çevrilən Mirseyfəddin Kirmanşahlı,
İsmayıl Hidayətzadə, Ağasadıq Gəraybəyli
də vardı.
Ə.Haqverdiyevin
1921-ci il 11 may tarixli məktubunda göstərildiyi
kimi, studiya «teatr pedaqogikasının arzusuna xidmət etmək
və müsəlman gənclərini məşğələlərə
cəlb etmək yolu ilə...» Azərbaycan səhnəsinə
«...kifayət qədər təhsilli aktyorlar və təlimatçı-rejissorlar...»
verməyi qarşısına məqsəd qoymuşdu. Amma bu məsələlərin həyata keçirilməsi
çoxlu maneələrlə rastlaşırdı; qızlar
studiyaya gəlmirdi, təqaüd fondu yox idi, təhsil
alanların əksəriyyəti müxtəlif yerlərdə
işlədiyinə görə, məşğələlərə
müntəzəm vaxt ayıra bilmirdilər. Bu və başqa çətinliklərlə
rastlaşan studiya bir neçə aydan sonra öz fəaliyyətini
dayandırmağa məcbur oldu.
Bakıda Dövlət Dram Teatrının nəzdində
də studiya açmaq məsələsi o illərdə
teatrın rəhbəri vəzifəsində işləmiş
Rza Təhmasib tərəfindən
qaldırılmışdı. Məqsəd əvvəlki
kimi «...türk artistləri arasında
savadsızlığın ləğvi» idi. R.Təhmasib
belə hesab edirdi ki, «...indiki truppadan başqa cür yüksək
sənətkarlığa cavab verən ifa gözləmək
düzgün olmazdı... Ancaq elmi cəhətdən
hazır işçilər teatr işini həm öz ölkəsində,
həm də imkan daxilində başqa Şərq ölkələrində
yüksəkliyə qaldırar və müəyyən nəticələr
əldə edə bilərlər». Eyni zamanda o, gənc
artistlərdən on nəfərinin Moskva ali
dram kurslarına göndərilməsini də təklif edirdi.
Azərbaycanda teatr təhsili probleminin həllində
görkəmli müğənni, SSRİ Xalq artisti
Şövkət Məmmədovanın xidmətləri xüsusi
qeyd olunmalıdır. O, 20-ci illərin əvvəllərində respublika rəhbərliyinə
dəfələrlə yazılı və şifahi müraciətlər
edərək teatr kadrlarının təlim və təhsilinin
təşkili məsələsini qaldırırdı və
bunun üçün bir sıra təşkilati tədbirlərin
görülməsini təklif edirdi.
Şövkət xanım 1922-ci ildə Xalq Maarif
Komissarlığına göndərdiyi məktubda Azərbaycan
teatr akademiyasının yaradılmasını, habelə «Teatr
və incəsənət» adlı xüsusi jurnalın nəşr
olunması məsələsini qaldırırdı. Onun fikrincə,
bu tədris müəssisəsinin əsas məqsədi «...təkcə
öz istedadı ilə deyil, eyni zamanda nəzəri və təcrübi
hazırlığı və səhnə ifasının
mükəmməlliyi ilə səhnədə teatrı yeniləşdirmək
iqtidarına malik Azərbaycan aktyorunu...» hazırlamaqdır.
Məktubda akademiyanın yaradıcılıq işlərinə
rəhbərlik etmək üçün bədii
şuranın təşkili məsələsi, «...müsəlman
qızlarının səhnəyə cəlbi
üçün daha əlverişli şərait yaratmaq» məqsədilə
Qadınlar klubunun tədris ocağının işinə cəlb
edilməsi fikri irəli sürülürdü.
Xalq Maarif
Komissarlığının 1922-ci il
oktyabrın 25-də keçirdiyi kollegiya iclası Ş.Məmmədovanın
məlumatını müzakirə edərək qərara
alır: «...çoxlu elmi qüvvələrin olmasını tələb
edən teatr akademiyasının açılması məsələsi
vaxtsız qoyulmuş məsələ hesab edilsin. Teatr sənəti xadimləri kadrlarının
hazırlanması məqsədilə Maarif
Komissarlığı tərəfindən
hazırlanmış Nizamnaməyə müvafiq olaraq Dramatik
Teatr Məktəbi açılsın». Daha sonra göstərilirdi:
«...müsəlman qadınlarının ictimai həyata cəlb
edilməsi, onlarda teatra maraq oyadılması məqsədilə
Müsəlman Qadınlar Klubu teatr məktəbinin təşkilinə
daha geniş cəlb edilsin».
1922-ci il noyabrın 1-də Maarif
Komissarlığı Azərbaycan Dövlət Teatr Məktəbinin
açılması haqqında qərar çıxardı. Şövkət Məmmədova məktəbin
müdiri, Azərbaycan Teatr Muzeyinin yaradıcısı
Ağakərim Şərifov isə onun müavini təyin
olundu. 1923-cü ildə Dövlət Teatr
Məktəbinə ilk qəbul keçirildi.
Beləliklə, 90 yaşını qeyd edən
bugünkü Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti müasir inkişaf səviyyəsinə
belə mürəkkəb prosesləri arxada qoyaraq gəlib
çatıb.
Azərbaycan teatrının çoxillik
axtarışları və yaradıcı insanların təşəbbüsləri
ilə bu təhsil ocağının ərsəyə gəlməsi
nəinki ölkəmizin, eyni zamanda bütün müsəlman
Şərqinin həyatında mühüm tarixi hadisə idi.
Fikrət Sultanov,
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2013.- 20
dekabr.- S. 12.