Turizm filmlərində əsas məsələ
tamaşaçıya doğru mesajı
çatdırmaqdır
“Ölkənin turizm imkanlarını əks etdirən filmdə süni effektlərdən istifadə tamaşaçıda mənfi rəy oyada bilər”
Son dövrlər milli
kinomuzun inkişafı istiqamətində
görülən işləri nəzərə alaraq ölkəmiz üçün
yeni olan bir sahəyə toxunmaq istədik.
Diqqətli oxucularımız unutmuş olmaz ki, ötən ay Bakıda I Beynəlxalq Turizm
Filmləri Festivalı keçirildi.
Yarışmanın münsiflər heyətinin üzvü, Beynəlxalq Turizm
Filmləri Festivalı Komitəsinin avstriyalı direktoru Aleksandr Kummel (Avstriya) ilə
söhbətimizdə tədbirin yekunları, belə
festivalların turizmə töhfəsi və digər aktual məsələlərə toxunduq.
Müsahibim öncə gördükləri işlər barədə məlumat verdi:
- Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsi dünya üzrə 16 turizm filmləri festivalının təşkilinə rəhbərlik edir. Bir çox ölkələrdə festivallar reallaşdırmışıq. Deyə bilərəm ki, artıq 30 ilə yaxındır ki, turizm, kino, media ilə sıx əməkdaşlıq içərisindəyik. Müxtəlif ölkələrdə festivallar təşkil etmək həm maraqlı, həm də çətin işdir. Bu sizin dünyagörüşünüzə, mədəniyyətlərlə tanışlığınıza səbəb olduğu kimi sürprizlər də vəd edir. Fərqli coğrafiyanın, mədəniyyətin içərisinə düşürsünüz, müxtəlif yanaşmaların şahidi olursunuz.
- Bu baxımdan Bakı festivalı ilə bağlı nə deyə bilərsiniz?
- Bakı festivalı mənim üçün sürprizlər kateqoriyasına aiddir. Bu, ölkənizə ilk səfərimdir. Azərbaycanın bu qədər inkişaf etmiş, Avropa mədəniyyətinə yaxın bir ölkə olduğunu bilmirdim. Turizm Filmləri Festivalının Bakıda hansı səbəbdən təşkil edildiyini də bura gələndən sonra anladım. Çünki həqiqətən də Bakı, Azərbaycan görməyə dəyər yerdir. Festivalda münsiflər heyətinin və tamaşaçıların ixtiyarına yeddi nominasiyada 31 ölkədən 78 film verilmişdi ki, onlardan bir neçəsi olduqca maraqlı idi. Qaliblər arasında Azərbaycanın təqdim etdiyi “Odlar yurdu” filmi də var idi. ABŞ rejissoru Filip Baribunun azərbaycanlı həmkarı ilə birgə ərsəyə gətirdiyi film “Ekstremal turizm” nominasiyasında ən yaxşı ekran əsəri oldu. “Milli filmlər” nominasiyasında da Vasif Məmmədzadənin “Şəhər içində şəhər” filmi münsiflər heyətinin marağına səbəb oldu və mükafatlandırıldı. Onu deyim ki, turizm özü geniş sahə olduğundan nominasiyalar da müxtəlif idi. Ancaq ümumiləşdirsək, mədəni turizmdən tutmuş, ekoloji turizmə qədər bütün mövzular əhatə olunmuşdu. Bu cür festivalların keçirilməsinin əsas faydası ondan ibarətdir ki, filmlərə tamaşa edən insanlar tanış olmadıqları məmləkətlər barədə hərtərəfli məlumat ala bilirlər. Yerli əhalinin mədəniyyətindən tutmuş, ekoloji vəziyyətinə qədər bütün məsələlər bu filmlərdə əksini tapır, sanki virtual səyahət imkanı yaradır.
- Siz bir münsif kimi əsas hansı cəhətlərə üstünlük verirsiniz?
- Burada mənim şəxsi qənaətim o qədər də böyük rol oynamır. Təqdim olunan filmlərdən, təbii ki, xoşunuza gələnlər olur, ancaq peşəkar qiymətləndirmə baxımından yanaşdıqda gərək ekran əsəri bütün meyarlara cavab versin. Bu filmlərin özlərinə məxsus missiyaları var. Elə filmlər var ki, yalnız konkret auditoriyaya, elələri də var ki, geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulur. Məsələn, ekstremal turizm daha dar sahədir, bu filmlərin hədəfi həyəcanı, adrenalini sevən müəyyən bir kütlədir. Burada baxmaq lazımdır ki, film həmin qrup insanlara nə qədər informasiya verir, ölkənin ekstremal turizm imkanlarını nə qədər əhatə edə bilir. Bütün bunlar hamısı qiymətləndirmədə nəzərə alınır. İlk baxışdan uğursuz hesab etdiyiniz film hədəf qrupuna çatdırdığı mesaj baxımından ən dəyərli ola bilər və bu nüansa münsif daha diqqətlə yanaşmalıdır. Bunun əksi də eyni dərəcədə mümkündür. Əsas hədəf qrupuna verilən mesajın düzgün çatdırılması və mövzunun əhatə olunmasıdır. Digər məsələlər isə yardımçı xarakter daşıyır. Ancaq onu da etiraf edim ki, bir münsif kimi bu filmləri qiymətləndirmək, müəyyən meyarların olmasına baxmayaraq, çox çətindir. Bəzən düzgün qiymətləndirmə üçün özünüzü hədəf qrupunun yerinə qoymalısınız. Məsələn, film yaponlara ünvanlanıbsa, münsif özünü bu xalqın sadə nümayəndəsinin yerinə qoymalıdır, filmə onun nəzəri ilə baxmalıdır. Bu da çox zaman o qədər də asan olmur. Adətləri, etnik mənsubiyyəti, dini baxışları nəzərə almaq lazımdır. Ərəb ölkələri üçün çəkilmiş filmdə açıq səhnələrin yer alması nə qədər böyük səhvdirsə, avropalı auditoriyanı hədəf alan filmdə qadın obrazların olmaması bir o qədər yanlışdır.
- Bəzi filmlərdə müasir kinoda istifadə edilən texnikalardan, süni effektlərdən, demək olar ki, istifadə olunmamışdı. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu turizm filmlərinin özünün mahiyyəti ilə əlaqədardır. Bu gün müasir kino sənayesində istifadə edilən effektləri turizm filmlərinə gətirsək bu, tamam fərqli nəticələr yarada bilər. Bildiyiniz kimi, bu cür süni effektlər kinoda mövzunu, baş verən hadisəni şişirtmək, vizual baxımdan daha maraqlı etmək üçün istifadə olunur. Böyük auditoriya üçün nəzərdə tutulmuş, bədii xarakterli filmlərdə bu metodlardan istifadə qarşıya qoyulan məqsədə xidmət edir, filmin baxımlılığını artırır. Ancaq turizmlə bağlı filmlərdə istifadə olunduqda tamaşaçıların yanlış anlamasına səbəb olur, onları çaşdırır, bəzən isə şişirdilmiş reklam təsiri bağışlayır. Bu isə sənədli filmin bir qolu hesab edilən turizm filmlərinin məqsədinə xidmət etmir. Burada rejissor reallığı olduğu kimi əks etdirməyə, tamaşaçıya düzgün informasiya verməyə çalışmalıdır. Məsələn, siz adət-ənənənizi və ya şəhərinizin qədimliyini, turizm imkanlarının genişliyini əks etdirən bir filmdə süni effektlərdən istifadə ilə yalnız tamaşaçıda mənfi rəy oyada bilərsiniz. Bu baxımdan turizm filmlərinin öz auditoriyası var və onlara xitab etməyin ən optimal yolu budur.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 11.