Budapeştdə dahi bəstəkar Qara Qarayevin musiqisi səslənib
Azərbaycan
Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü
ilə zəmanəmizin böyük bəstəkarı,
müasir Azərbaycan musiqi
məktəbinin yaradıcılarından biri
Qara Qarayevin 95 illik yubileyi Budapeştdə
qeyd olunub.
Bu münasibətlə Macarıstan paytaxtının mərkəzindəki “Duna Palota” sarayında “Dunay” simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət “Memory” adlı konsert proqramı təşkil edilib.
Konsertin əvvəlində çıxış edən macar musiqişünası Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən, onun zamanı qabaqlayan simfonik musiqisinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən danışıb.
Macar dirijoru Andraş Deakın rəhbərliyi altında “Dunay” simfonik orkestri bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa edib. İki hissədən ibarət konsertdə, həmçinin macar bəstəkarı İştvan Boqaşın və dahi alman bəstəkarı Lüdviq Van Bethovenin əsərləri səslənib.
Böyük uğurla keçən konsertdə Budapeşt musiqi ictimaiyyətinin
nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak
ediblər.
Mədəniyyət.- 2013.- 20
dekabr.- S. 10.