Sirli bənövşə”

 

Məhsəti Gəncəviyə həsr edilən sənədli-bədii filmin təqdimatı

 

Dekabrın 18-də Nizami Kino Mərkəzində orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairə və mütəfəkkir, 900 illik yubileyi UNESCO tərəfindən qeyd edilən Məhsəti Gəncəviyə həsr edilmişSirli bənövşə” sənədli-bədii filminin təqdimatı keçirildi.

 

Tədbiri Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə açaraq film barədə qısa məlumat verdi. Sonra yaradıcı qrup səhnəyə dəvət olundu.

Filmin ssenari müəllifi Sara Oğuz Nəzirova çıxış edərək bildirdi ki, bu il görkəmli azərbaycanlı şairə Məhsəti Gəncəvinin 900 illiyi UNESCO tərəfindən dünya səviyyəsində qeyd olunur. Şairənin yubileyi ilə bağlı Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasına uyğun olaraq, dövlət sifarişi ilə “Yaddaş” studiyasında “Sirli bənövşə” adlı sənədli-bədii film çəkilib. Ssenari müəllifi filmin adına da aydınlıq gətirdi: “Məlumdur ki, şairənin əsl adı Mənicə olub. Bunun da mənası bənövşə deməkdir. Məhz ona görə də filmə “Sirli bənövşə” adı verilib”. Qeyd olundu ki, Məhsəti Gəncəvi haqqında dünyanın müxtəlif ölkələrində maraqlı fakt və məlumatlar var. O öz dövründə çox hörmətə və nüfuza malik şairə olub. Orta əsrlərdə rübailərin ən gözəl yaradıcıları səviyyəsinə qalxa bilib. Əsərləri Şərqin hər yerinə yayılıb və sevilib. Şairə, musiqiçi olmaqla bərabər, həm də sufi təriqətinin tanınmış, hörmətli nümayəndəsi, habelə dövrünün yaxşı təhsil almış, geniş dünyagörüşlü qadınlarından olub. İslam dünyasının Bəlx, Nişapur, Herat, Xorasan, İraqs. şəhərlərini gəzib. Bir müddət Sultan Səncərin sarayında yaşayıb. Xalq öz sevimli şairəsinin həyatı ilə bağlı xeyli əfsanə və rəvayət yaradıb. Eyni zamanda "Məhsəti və Əmir Əhməd" adlı dastan da yaranıb.

Filmin quruluşçu rejissorussenari müəllifi Şamil Nəcəfzadə nəzərə çatdırdı ki, ekran əsəri artıq xaricdə bir sıra festivallarda təqdim edilib. Bildirildi ki, XII əsrdə müsəlman ölkəsində daxilən azad, əqidəsinə və mənəviyyatına sadiq bir şairə olması hamını heyrətləndirib. Məhsəti Gəncəvinin rübailərində qəddar insanlar, xalqı incidən hökmdarlar və yalançı din xadimləri tənqid olunur.

Filmin elmi məsləhətçisi Zəhra Allahverdiyeva qeyd etdi ki, ekran əsərində şairənin həyatı, şəxsiyyəti, Azərbaycan ədəbiyyatı tarixində yeridünyagörüşü əksini tapıb.

Çıxışlardan sonra sənədli film nümayiş olundu. Filmin süjeti Məhsəti Gəncəvi haqqında elmi yazan və xəyallarında özünü şairənin obrazında canlandıran gənc tədqiqatçı qız və onun topladığı materiallar üzərində qurulub. Rollara Günel Məmmədova, Bəhruz Vaqifoğlu, Əjdər Zeynalov, Hacıbaba Məmmədov və İlqar Musayev çəkiliblər.

Filmin quruluşçu operatoru Nizami Abbas, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Cavid İmamverdiyevdir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 9.