“Sərvətlə dolu sandıq”

 

Yaponiya jurnalında Azərbaycan mətbəxi haqqında məqalə

 

Yaponiyanın nüfuzlu, əsasən dünya xalqlarının mətbəxindən bəhs edən və yüz min tirajla nəşr olunanDancyu” jurnalının son nömrəsində Azərbaycan mətbəxi haqqında məqalə dərc olunub.

Məqalədə “Yamazaki Baking” şirkətinin elan etdiyiDünya xalqlarının un məmulatları” layihəsi çərçivəsində Azərbaycanın un məmulatlarının və milli mətbəxinin nümunələrinə həsr edilmiş təqdimat barədə söz açılır. Bildirilir ki, Azərbaycan qədim və zəngin mədəniyyətə malik olmaqla yanaşı, özünəməxsus mətbəxi ilə də tanınır. Milli mətbəx nümunələrinin reseptləri nəsildən-nəslə ötürülərək bu günə qədər gəlib çıxıb. Azərbaycan mətbəxini sərvətlə dolu sandığa bənzədən məqalə müəllifləri xalqımızın qonaqpərvərliyini, qonaq üçün açdığı süfrənin zənginliyi ilə fərqləndiyini xüsusi vurğulayırlar. Bildirilir ki, bu süfrədə hər cür yemək - balıq və ət məhsulları, müxtəlif meyvələrdən hazırlanmış və xüsusi tamı ilə seçilən rəngarəng şirniyyat olur.

Yüksək poliqrafik keyfiyyəti ilə seçilən jurnalda Azərbaycan milli mətbəxinin nümunələrinin əks olunduğu rəngli fotolara da geniş yer verilib.

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 6.