Azərbaycan və Xorvatiya turizm əməkdaşlığını genişləndirmək istəyir

 

Dekabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Xorvatiyanın turizm naziri Darko Lorensinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

 

Xorvatiya turizm nazirinin müavini Zelimir Kramariç, Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastic və digər rəsmilərin də daxil olduğu nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev onları Bakıda görməkdən məmnunluğunu ifadə etdi. Azərbaycanın artan turizm imkanlarından bəhs edən nazir son illərdə ölkəmizin avropalı turistlər üçün maraqlı məkanlardan birinə çevrildiyini, Avropa ölkələri ilə bütün sahələrdə etibarlı tərəfdaşlığın yarandığını diqqətə çatdırdı.

Azərbaycanla Xorvatiya arasında enerji, sənaye və iqtisadiyyat sahələri ilə yanaşı, turizm sahəsində də uğurlu işbirliyinin olduğunu qeyd edən nazir bu əməkdaşlığın hər iki xalqın mənafeyinə xidmət etdiyini vurğuladı. Əbülfəs Qarayev Xorvatiyanın turizm sektorunda Avropanın qabaqcıl ölkələrindən biri olduğunubu sahədə əlaqələri inkişaf etdirməyin vacibliyini qeyd etdi: “Mən sizin ölkənizin turizm infrastrukturunun ən müasir tələblərə cavab verdiyini paytaxt Zaqrebdə olarkən gördüm. Son illərdə Azərbaycanın turizm infrastrukturunda da nəzərəçarpacaq yeniliklər baş verir, bu istiqamətdə böyük işlər görülür. Bu baxımdan hesab edirəm ki, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq daha da genişləndirilməlidir”.

Əbülfəs Qarayev xorvatiyalı həmkarını Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ilin aprel ayında Bakıda keçiriləcək toplantısına dəvət etdi, həmin tədbir çərçivəsində daha ətraflı və geniş tərkibdə müzakirələrin aparıla biləcəyini dedi.

Səmimi qəbula və Xorvatiyada turizmin yüksək inkişaf səviyyəsi ilə bağlı xoş sözlərə görə nazirə təşəkkür edən Darko Lorensin ölkəsində bu sahədə böyük işlər görüldüyünü, turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrildiyini vurğuladı. Bununla belə, o, qarşıdakı illərin turizm baxımından o qədər nikbinlik doğurmadığını və bunu nəzərə alaraq Xorvatiyada yeni infrastruktur layihələrinə start verildiyini dedi: “Bildiyiniz kimi, həm qlobal maliyyə böhranı, həm də turizmin bir sahə kimi öz xüsusiyyətləri bizi daha təkmil strategiya hazırlamağa vadar edir. Turizm fərqliliyi, yeniliyi sevir. Bizbu istiqamətdə fəaliyyətə başlamışıq. Hesab edirəm ki, xidmətlərin təkmilləşdirilməsi sahəsində də uğurlu əməkdaşlıq qura bilərik”.

Azərbaycanın turizmin inkişafı ilə bağlı əngəlləri daha tez aşa biləcəyinə ümidvar olduğunu deyən xorvatiyalı nazir bu istiqamətdə ölkəmizə lazımi dəstəyi göstərməyə hazır olduqlarını vurğuladı.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 3.