UNESCO Qobustan və İçərişəhər
qoruqlarına “gücləndirilmiş mühafizə statusu” verib
Azərbaycan Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin Bürosuna üzv seçilib
18-19 dekabr tarixində Parisdə UNESCO-nun
baş qərargahında Silahlı
Münaqişələr Zamanı Mədəni Mülkiyyətin
Qorunması üzrə Komitənin 8-ci iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
İclasın gündəliyində duran bir sıra məsələlərlə yanaşı, Komitənin Bürosuna seçkilərin keçirilməsi, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması üzrə Komitənin tövsiyələrinin və “Gücləndirilmiş mühafizə statusu” üçün edilmiş müraciətlər üzrə qərarların qəbul edilməsinə dair müzakirələr aparılıb.
Büroya Komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, Kamboca və Mali, məruzəçi qismində isə Salvador seçilib. Qeyd edək ki, Azərbaycan davamlı olaraq iki ildir ki, Büroya üzv seçilir. Azərbaycanın yenidən Büroya üzv seçilməsi ölkəmizin işğal edilmiş ərazilərində mədəni mülkiyyətin qorunması ilə bağlı məsələnin davamlı olaraq Komitədə müzakirə edilməsinə imkan yaradacaq.
Komitə üzvlərinin yekdilliklə qəbul etdiyi qərara əsasən Qobustan və İçərişəhər qoruqlarına hərbi münaqişələr zamanı “Gücləndirilmiş mühafizə statusu” verilib.
Sessiyada işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib. Sənəddə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və ölkəmizin maraqlarına uyğun olan digər aspektlər əksini tapıb.
Sənədin nəticələr hissəsində
işğal edilmiş
ərazilərdə mədəni abidələrin qorunması
ilə bağlı vəziyyətin monitorinq
edilməsi məqsədilə UNESCO texniki
missiyalarının göndərilməsinin mümkünlüyü
qeyd edilib. Ermənistanın işğal edilmiş ərazilərə müşahidə
missiyalarının göndərilməsi və işğal edilmiş ərazilərdə
mədəni mülkiyyətin qorunması məsələsinin
BMT Təhlükəsizlik Şurası və Baş
Assambleyasına çıxarılmasına etiraz
etməsinə baxmayaraq, sənədin qəbul
edilməsinin qarşısını ala
bilməyib. Komitənin əksər üzvləri Azərbaycanın
maraqlarına uyğun olan
müddəaları dəstəkləyiblər.
Mədəniyyət.- 2013.- 20
dekabr.- S. 3.