Şeiri
çiçək, sözü ləçək Əbülfət
Şeirlərinə
vurğun kəsiləndən bəri, haqqında bir neçə
dəfə yazmışam. Hər dəfə də dilimin əzbəri
olan misraların ilə poetik dünyana açar tapmağa
çalışmışam. Onu da deyim ki, indən belə də
sənin poeziyandan yüz dəfə yazsam, yenə heyrətimi
gizlətməyəcəm ki, qardaş, sən bu fikri necə
tapmısan?
Bəxtəvər ipəkqurdları -
ölür evinin içində...
Bu dəfə sənə bir etirazım var. Sinəsi söz ocağı olan, Əbülfət! Axı, ipəkqurdunu hansı həmcinsi incidib yuvasından perik salır ki?! İnsandı insana zülm edən. Bizi də məhz insan adlanan erməni vəhşiləri qoymadılar ki, öz komamızda - bəlkə də daha dürüstü - sarayımızda, mülkümüzdə yaşayaq, sonda da doğma torpağımızın qoynunda haqq dünyasına qovuşaq. Şeirlərinin dərd yükü cızdağımı necə çıxardır, bir bilsəydin. Biz bir ruhun övladlarıyıq. Hərdən bizi doğmalaşdıran dərdə təşəkkür etmək istəyirəm. Unudulmaz Bəxtiyar Vahabzadə haqlı deyirdi ki, əsl şeir dərddən doğulur. Şeir pıçıltıdır, çığırtı yox. Gileyini, zəmanədən şikayətini, səni əzən, rahatlıq verməyən duyğularını sözə büküb misra-misra kağıza naxışlayırsan. Sənin də, mənim də çox sevdiyimiz Məmməd Araz demişkən, anadan, bacıdan gizlətdiyini kağız-qələmdən gizlətməmisən. Əslində, sən çox böyük ustalıqla dərd yuvası olmuş ürəyinin şəkilini çəkmisən. Mənim düşüncəmə görə, söz insanın içinin ətridir. Məhz səni də sözün tanıtdı və sevdirdi. Hər gün “Ədalət” qəzetini ona görə vərəqləyirəm ki, sənin şeirlərini oxuyum, ovqatından xəbər tutum. Bu qəzetin bir məziyyətini də deməyi özümə borc bilirəm: qəlibsizdir. Hər kəsin fərdi üslubu, yazı tərzi özünəməxsusdur.
Ömrünün 55-ci pilləkənindəsən, 100 hələ qarşıdadı. Yaşın bu vədəsinə hansı ərməğanla gəlmisən? Gözəl ailə sahibisən, qeyrətli oğulsan, atasan, babasan, qardaşsan, dostsan... və nəhayət, istedadlı qələm sahibisən. Publisistikanla poeziyan bir harmoniya təşkil etsə də, mən sənin şeirlərini daha çox sevirəm. Sən yazmağında, mən də oxumağımda davam edirik. Özün necə deyirsən - “Qoşulub axmıram selə, ömrümü vermirəm yelə”. Sən könlünü şeirə bağlamısan, elə ömrünü də bu sehrli-sirli “gözəl”in uğrunda əridirsən. Hirsini, hikkəni, nifrətini, sevgini, məhəbbətini, həsrətini, nisgilini, umacağını, dolanışığını söz-söz misralardan çıxarırsan. Çox hallarda da laqeydliyə, etibarsızlığa minmənalı söz atırsan:
Susub qurudum yerimdə,
Ağrıdı canı yerin də!
Qəm etmə, günün birində -
Deyərlər, başın sağ olsun...
Sənin yaradıcılığın sözlərdən süslənmiş gülüstana bənzəyir. Hər çiçəyin öz adı, öz ətri var. Duyğuların ləçək-ləçək bu zərifliyin bağrında çırpınar. Bu döyüntülərin əks-sədaya dönəni də var, gurultular içində səssizlik tapanı da. Harayın eşidilməz, amma sükutun qulaq dələr, ürək parçalayar. Misraların tüstüsü kəsilmiş ocaq kimi qəlbimizi çırta-çırtla yandırar:
Günüm söz oyununda,
Gecəm qələmlə keçdi.
Əlim qaldı qoynumda -
Ömrüm ələmlə keçdi.
Sən dərdə sözdən heykəl ucaltmış şairsən. Doğma Xocavənddən ayrı düşəndən bəri nisgillərin çoxaldı. İşğalda qaralan yurdlarımızın ağrısı ürəyində lövbər saldı. Bakıda yaşasan da, işləsən də axşamlar evə dönəndə bir çaşqınlıq yaşadın. Doğmaca ünvana yox, müvəqqəti məskunlaşdığın evin qapısını döydün. İllərdi bu dərd səni için-için göynədir. Günlərin birində xiffətinin libası biçilmiş bir şeirin mənim də dərdimi tərpətdi:
Bir ev qoyub gəlmişəm, -
açarları cibimdə.
Açarla oynayıram -
çadırların dibində.
Neçə gün özümə gələ bilmədim. Dolmuş ürəyimi göz yaşlarım da soyutmadı. Bir də gördüm ki, sənə şeir yazmışam. Bu, mənim haqsızlığa etirazım, sənə də etirafım idi.
Nə olar, Əbülfət,
Sən şeir yazma!
Yazdıqca dərdlərim
Üzümə durur.
Gedə bilmədiyim
O yollar ki
var,
Aşılmaz
dağ kimi
Gözümə durur.
Anam da
qoynunda
açar
gətirdi.
Məni dərdlərinə
naçar gətirdi.
Necə də
sevirdi
elin,
obasın.
Əlləri
hər şeydən
üzülü getdi.
Bəlkə
də taledən
küsülü getdi.
Anamdan
nişanə
qalan o
açar
Qəlbimi
talayan
yağıya döndü.
Deyə
bilmədiyim
Sirrim,
sözüm var,
Sinəmə
dərd yığan
ağıya döndü...
Anamla yurdumu qoşa itirdim. Hərdən mənə
elə gəlir ki, Uruduma dönə bilsəm, yenə o bəxtəvər
günlərimə qovuşaram. Gör, neçə əzizimin
gözləri yoldadır...
Əslində, Əbülfət Mədətoğlu
şeirlərində Amerika kəşf etməyib. Millətimizin, vətənimizin,
torpağımızın başına gələn müsibətləri,
soydaşlarımızın üzləşdiyi dəhşətləri,
keçirdiyi vahiməni, həyəcanı, pəjmürdəliyi,
pərişanlığı, didərginlik,
qaçqınlıq, köçkünlük sitəmlərini,
ağrı-acımızı sözün qüdrətinə
söykənərək təsirli ifadə edə bilib,
şeirə gətirmək tərzini tapıb. Onu
çoxundan fərqləndirən də məhz budur. Doğru deyiblər ki, şair olmurlar, şair
doğulurlar.
Əbülfət Mədətoğlu son illərdə
demək olar ki, hər gün oxuduğum qələmdaşımdı. Çalışdığı
“Ədalət” qəzetində dərc edilən məqalələri
ilə həmahəng şeirləri ürəyimə köz
kimi sıxılır. Maraqlıdır ki, ən dərdli
şerində də bir ümid işığı yanır:
Bəbəklərim
lillənir
Gözlərimin suyundan.
İynə
ucu işıq ver -
Tutub
çıxım quyudan!
Necə deyiblər, dünya köhnə dünyadır,
sevgiləri təzədir. Mənə görə
isə, həyatda təzə heç nə yoxdur. Məhəbbət,
nifrət, vəfa, xəyanət, etibar, satqınlıq, mərdlik,
yaltaqlıq, haqq, şər-bir sözlə, qara və ağ insan var olan gündən mövcuddur. Sadəcə, nəsillər bir-birini əvəzlədikcə
hər şey təzə görünür. Mənim şair qardaşımın şeirlərinin
əsas mövzusu da məhz həyatımızın bu təzadlarıdır.
Di gəl, Əbülfət bu
saydığımız sifətləri özünəməxsus
şəkildə, çox sadə, amma elə tərzdə mənalandırır
ki, qalırsan heyrətdə. Evindən, eşiyindən
qovulan, min uçurumdan, qandan, qadadan keçən binəsiblərin
qaçqınlıq ağrılarını, əlacsızlığını,
görün, necə təsvir edib:
Qaçmırdı
o, qovulurdu evindən,
Qovulurdu
ellik ilə elindən!
Bir
canıydı qopardığı ölümdən -
Bu candan
da bezə-bezə gedirdi!
İsti ocağından, rahatlığından, ailəsindən,
qohum-qardaşından, elindən-obasından, torpağından
zorla ayrılmağın faciəsini ancaq bu dərdlə
baş-başa qalan, ürəyini-qəfil gərdişin
ocağında yandıranlar daha dərindən anlayarlar. Dərd
sahibini tapdığı kimi də yandırar,
külünü göyə sovurar, sonrada öz başına
tökər. Yurdsuzluq dərdindən betər nə ola bilər ki?! Əbülfət dərdin də
dərdinə qalır: “Bir üzü var, bir sifəti, dərd
olduğun danmır ki, dərd”.
Mən Əbülfət Mədətoğlunun şeirlərinin
bədii siqlətindən, sənətkarlıq xüsusiyyətlərindən
danışmadım. Düşünürəm ki, şairin
yaradıcılığını artıq ənənəyə
çevrilmiş üslubda təhlilə çəkmək
sovet ədəbiyyatının başlıca şərti idi.
Köhnəlmiş qəlibdir, artıq
özünü doğrultmur. Çox
hallarda da saxta alimlik adını almaq üçün döyənək
qafiyələri, məramı bəlli, çərçivəli,
pafoslu, ritorika ilə dolu şeirlərin üzərinə
yalançı pərdələr çəkilirdi. Şairin ağlına və qələminə gəlməyənlər
bu cür təhlilin predmetinə çevrilirdi. Nəticədə şair ya uduzurdu, ya da
dövrünün şöhrət pilləsinə ucaldılırdı.
Əsl həqiqəti isə zaman özü
imzalayır. Bir vaxtlar guruldayan şairlər
olub ki, indi zamanın məhkumuna çevriliblər. Nə oxucunun yadına düşür, nə də
tənqidçinin. Gələcəyə gedən
şairlər də var ki, həmişə bizimlədir!
Hər bir şeirin oxucu ürəyində öz yozumu
var. O şeirdə ki, canlılıq yoxdursa, həyatın
özü boylanmırsa... danışmağa dəyməz. Əgər
Əbülfət Mədətoğlunun şeirləri oxucusunu
düşündürürsə, heyrətə, riqqətə
gətirirsə, ürəyindən tikan çıxarırsa,
hətta kövrəldirsə... onun bədii və sənətkarlıq
məziyyətləri məlum deyilmi?! Qəribə,
olduqca sərrast bir misrası var: “Təzad günün
siması...”. Həyatın rənglərini
anlayan insanlar həssas və bir qədər də yuxa təbiətli
olurlar. Mənim şair qardaşım da
belədir. Hər kəslə dostluq etməz.
Dost dediyinin yolunda isə ölümə də
gedər. Haqqı unudub da haqsızlıq
etməz. Xeyirdən-şərdən
qalmaz. Hər gün iş otağımın
qapısını açaraq məni salamlayandan sonra öz
işinin arxasınca gedər. Niyə bunları
xatırladıram? Söylədiklərim
insan mənəviyyatının aynasıdır. Şəxsiyyəti ilə yazdıqları həmahəngdir.
Ömrünün 55-ci qışını
tamamlayan qardaşıma, nəhayət, bir gün deməliydim
ki, mən sənlə qürur duyuram. Ürəksiz
kəlmə yazmırsan. Sənin də Azərbaycan
poeziyasında öz yolun, öz xidmətin, öz oxucuların
var.
Mənim
düşüncəmə görə, bu selabların-selliyin
içindən, yəni şairciklərin at
oynatdığı meydandan çox kənarda Əbülfət
Mədətoğlu yaradıcılığı bir bulaq kimi
qaynayır: təbii, səmimi, təsiredici,
düşündürücü. Bir şair ki,
kədərin şirəsini ürəyinə çəkərək
yaşamağa üstünlük verirsə, gör, onun
şeirləri hansı mətləbə köklənib.
Xəyalları gerçəkləşmir,
şahlığı göz qırpımında devrilir.
Əslində, heç qəmlənməyə
də dəyməz, çünki Əbülfətin şeirləri
çiçək, sözü ləçək, qəlbi
kövrək olan qələm sahibidir. Onu
ondan sonra yaşadacaq söz varidatına malik olmaq hər kəsə
qismət deyil. Bax, bu sarıdan
Əbülfət Mədətoğlu dünyanın ən
varlı insanlarından biridir. Şeirlərinin birində
deyir:
Dolaşıq
düşən günlərin
Kələfin
çözmək çətindi...
Dərdin
yumruqları altda
Dayanıb
dözmək çətindi!
Sənin
söz qılıncın çox ovxarlıdır, qardaş! Özün
deməmisən ki, dərdlərin sərhədini çoxdan
yarmısan! Qoy dərdin özü dərd
çəksin ki, bizə sadiqliyi, vəfası ucbatından
özü də yaşlaşdı, qocaldı. Məhəbbət ünvanlı şeirlərindən
heç danışmadım. Açığı,
mən anlamadım ki, sən hansı sevdanın dərdini
çəkirsən. Sevdiyin
ocağının başında, gözünün
önündədi. Bəs bu giley dolu, xiffətli,
həsrət yüklü misraların ünvanı niyə naməlum
olsun? Yadıma İran müğənnisi,
Ququş adı ilə tanınan azərbaycanlı Faiqə Atəşinin
oxuduğu məşhur “Ayrılıq” mahnısı
düşdü. Əslində, bu bir məhəbbət
şərqisi idi. Əvvəllər belə
də qəbul etmişdik. Sonra hər
şey dəyişdi. Vətən həsrətindən
üzülənlərin könül harayına çevrildi.
İndi o mahnını eşidən kimi gözlərimizin
önündə əlimiz yetməyən, səsimiz
çatmayan yurd yerlərimiz canlanır. Düzmü
tapdım, qardaş, sən Vətən Məcnunu, Qarabağ
sevdalısan! Başqa cür də ola bilməz.
Böyük Məmməd Araz demişkən, indi gərək
hər anımız Vətən desin, təxminimiz,
gümanımız, məhəbbətimiz, həsrətimiz Vətən
desin!
Mübarək yaşını doğma yurdunda qeyd edə
bilmədin. Bəlkə də heç xatırlamadın ki,
ömrünün iki beşi yanaşı dayanıb. Səni sevənlər, dostların bu xiffəti
yaşadılar. Günlərin şeirlə
açılsın, müjdələrlə
qarşılansın. Düşüncələrindən
keçənlər, istəklərinə hakim kəsilənlər
xəyal yox, gerçək olsun! Bizi Qarabağa - Xocavəndə
ad gününə çağırasan. Əvəzində
mən də borclu qalmayım, hamınızı ana yurduma -
indi erməni əsarətində saralan Uruda dəvət edim.
Ürəyim titrədi. Demişdim,
ağlamayım, bacarmadım. Yadıma nə vaxtsa
yazdığım misralar düşdü:
Daş da
bizdən vəfalı,
Quş da
bizdən vəfalı,
İldə
bir yol Vətəndə
Qış da bizdən vəfalı.
Flora Xəlilzadə,
Əməkdar jurnalist
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 13.