Korifeylərin məhəbbəti
Bu dəfə 85 illik yubileyi qeyd olunan Çingiz Aytmatovdan...
...Dahilər bu
“yaradıcılıq”ları ilə də kütlələrin,
kütləviliyin fövqündə olurlar. Necə ki,
Füzuli deyirdi: “Məndə Məcnundan füzun aşiqlik
istedadı var, Aşiqi-sadiq mənəm, - Məcnunun ancaq
adı var”.
Türk
(və bəşər) dünyasının böyük sənətkarı
Çingiz Aytmatovun adıyla bağlı «Uçurum
üstündəki ovçunun fəryadı» kitabı da sənətcə
nəhənglərin əbədi “eşq-məhəbbət-sevgi”
“trio”sunda da necə ali istedada malik olduqlarını bir daha
göstərir. Bir vaxtlar iki səfirin - Qazaxıstanın Bişkekdəki
səfiri - məşhur qazax şairi Muxtar Şahanovla
Qırğızıstanın Brüsseldəki səfiri
Çingiz Aytmatovun dialoqundan ibarət bu kitab siyasətdən,
diplomatiyadan yox, həyat və ölüm, məhəbbət
və hakimiyyət təzadları haqdadır.
Aytmatov: - Hə, Muxtarcan, sağ ol ki, məni ürəyimcə dinləyirsən...
Deməli, 50-ci illərin sonudur və mən Moskva Ədəbiyyat İnstitutunu bitirib, bir qədər də məşhurlaşmışam. Həmin günlərin birində Baltik donanmasında xidmət edən qırğız balalarına hamilik etmək üçün təşkil olunan nümayəndə heyətilə Leninqrada uçmaq mənə də təklif olundu. Orada Qırğızıstan Opera və Balet Teatrı kollektivinin iştirakı ilə «Lenfilm»də «Çolpan» balet-filminin çəkilişləri gedirdi və filmdə baş qəhrəmanı oynayan Bübüsara (məşhur balerina, SSRİ Xalq artisti Bübüsara Beyşenaliyeva - red.) ilə «təsadüfən»... üz-üzə, göz-gözə qaldım. Bir-birimiz haqda eşitsək də, tanış deyildik. Elə ilk andan aramızda qeyri-adi səmimiyyət, qarşılıqlı simpatiya yarandı. Hər ikimiz elə hey «niyə bu vaxtadək görüşmədiyimizə» təəccüb və təəssüfümüzü bildirdik. Həmin andan bütün dünya, ətrafdakı hər şey mənimçün dəyişdi, gözəlləşdi...
Bitib-tükənməyən söhbətlərdə, bəyaz gecələrdə, Neva sahillərindəki gəzintilərdə əsrə bərabər anlar, günlər yaşadıq; elə bil yenidən doğulmuşdum. Sanki o günədək Bübüsaradan savayı heç kəsi görməmişdim; bu dünyada bir mən idim, bir o, bir o idi, bir mən...
Günlər ötdü, nümayəndə heyəti Qırğızıstana yola düşdü, mənsə əzab içində qaldım. Ürəyimin yarısını Neva sahillərində qoyub gedə bilmirdim. Üç gün sonra Moskvaya yollandım. Ardımca Bübüsara da paytaxta gəldi. «Moskva» mehmanxanasında keçirdiyimiz bir sutkada sanki bütöv bir ömür yaşadıq. Dönə-dönə vidalaşsaq da, bir-birimizdən ayrıla bilmirdik. Nəysə, Bübüsaranı qatarla Leninqrada qədər ötürdüm. Sonra da məni geriyə - Moskvaya qədər ötürməyi qərarlaşdıran Bübüsaranı güc-bəla ilə fikrindən daşındırdım.
... O vaxtdan keçən 14 il ərzində (Bübüsara həyatdan köçənə qədər) ürəyimdə alovlanan Bübüsara adlı sevgi odu bir an belə sönməyib...
Şahanov:
- Bütün dedi-qodulara baxmayaraq...
Aytmatov: -
Doğru, Muxtarcan, doğru! Bu sevdamızın oduna yanmaq nə
qədər xoş idisə, qeybətlər bir o qədər naxoş idi...
İncəsənət haqda orijinal mühakimələri
olan bu istedadlı, gözəl qadının mənim həyatıma
da, yaradıcılığıma da böyük təsiri
olub. Kimsə soruşa bilər ki, bəs niyə qovuşmadıq?
Mən hər dəfə birgə həyatdan
söz salanda Bübüsara ya söhbəti dəyişər,
ya da tələsməməyi rica edərdi. Bir gün
Bübüsara ənənəvi sualımı sanki gözlərimdən
oxuyub, kədərlə gülümsünərək dedi:
«Açinov (bu müraciət formasını mənim
soyadım və adımın başlanğıc hərflərindən
düzəltmişdi), deyirlər, bir-birini dəlicəsinə
sevənlər, adətən qovuşmurlar... Ailə həyatının
ənənəvi, qaçılmaz qayğıları
böyük hisslərə xələl gətirir...
Çox sonralar başa düşdüm ki,
Bübüsara «yox» deməklə, məni partiyaçı
«yoldaş»ların divanından, qələm
yoldaşlarımın dedi-qodularından qorumaq istəyib. Axı o illərdə
nikahı pozub ikinci dəfə evlənməyin nələrlə
nəticələndiyini özün yaxşı bilirsən.
Amma mən özüm bir şeyi bilmirəmmiş;
Bübüsaranın öz qadın səadətini mənə
qurban verməsiylə razılaşmaqda haqlıyammı?
Bax, bu sual ömrüm boyu məni izləyib əzab
verəcək.
Şahanov:
- Hə, o vaxtlar ikinci nikahdan zərərçəkənlər
bizdə - qazaxlarda da çox idi...
Aytmatov: -
Bir dəfə Bübüsara ilə Moskva-Almatı
qatarıyla Frunzeyə (Bişkek - red.) üç gün yol gəlmişik.
O üç gün elə əsrarəngiz idi ki! O
üç günlük müxtəlif mövzulu şirin, mənalı,
ədəbiyyat, incəsənət, həyat haqda mübahisə
və öcəşmə qarışıq söhbətlərimizin
fonunda ilk dəfə ağıllı fikirləri, ruhu,
xarakteri, bütün təbiətilə bir-birinə yaxın
olmağın dadını hiss etdim.
...Opera və
Balet Teatrında onunla vida toplantısında isə mən
heç nə eşitmirdim. Axı,
Bübüsaranın yaradıcılıq yolu burdan
başlamışdı. Səhnəyə
baxdıqca onun «Sonalar gölü»ndəki təkrarolunmaz
obrazını görürdüm. Bir sözlə, mən
o axşam onun əbədi gənc və şux ruhunun canlı
“tamaşaçı-heykəl”inə çevrildim...
...O
hansısa qastrol səfərindən xərçəng
diaqnozu ilə qayıdıb Kuntsevo xəstəxanasında
ilyarım əziyyətlər çəkəndə mən o
əzabları ikiqat yaşamışam. Mən
bu reallıqla barışa, onu itirəcəyimə heç cür
inana bilmirdim. Hər gəlişimdən sevinən, zəifcə
gülümsünərək, mənə ürək-dirək
verməyə, son dəqiqələrimdə belə ilham pərim
olmağa, məni ruh düşkünlüyündən
qorumağa çalışan Bübüsara 1973-cü ilin 11
may günü dünyadan köçdü...
Şahanov:
- Görənlər deyirlər ki, vida mərasimində siz
hamının gözü qarşısında
hönkür-hönkür
ağlayırmışsınız...
Aytmatov: -
O hönkürtü mənim kədərimin, mənim
acılarımın üst qatıydı, Muxtar əkə. Bizim xalqın bu yuxa məsələdə ənənə
çərçivəsinin qıraqları, bu nazik mətləbin
əndazə hüdudları idi. İç dünyamda,
boşalıb səhralaşmış könül aləmimdəki
tufanlar isə...
Şahanov:
- O vaxtkı respublika rəhbərlərindən biri də
hövsələdən çıxıb, ətrafındakılara
əmr edirmiş kimi: «Əşi, onu bir sakitləşdirin də!
- deyirmiş. - Bəyəm bura da
onunçün roman-zad meydançasıdı?!»
Aytmatov: -
Hə... Yaşamaq elələrinin düşüncələrində
necə də «asan», «əzab-əziyyətsiz» idi...
Şahanov:
- Qəribədir, o vaxt adamlar vardı ki, siyasi nüfuzunu itirmək
qorxusundan öz həyat yoldaşının dəfnində belə
gözləri yaşarmazdı.
Aytmatov: -
Bu incə mətləbi bütün incəliyilə
anladığınıza, mənim bənzərsiz sevgimə
sayğınıza görə, təşəkkürümü
bildirirəm, Muxtarcan.
Şahanov:
- Xatirimdədir, məşhur qırğız şairi Suyunbay
Eraliyev bu haqda belə dedi: «Bübüsara gözəlliklə
ağılın təcəssümü olan əsl qırğız
gözəli idi. Bir çox şairlər kimi,
mən də bir vaxt onun hüsnünü vəsf etmişəm.
Lakin o, heç bir yazı-pozuda Çingizin
sevgilərindəki qədər vəsf olunmayıb. Onun dəfn mərasiminə qara geyinib gələn
Çingiz öz sevgisini heç vaxt heç kimdən gizlətmədiyi
kimi, Bübüsaranın həyatda olmadığı bir
«şahidsizlikdə» də kədərini hamıya bəyan
edirdi. O anlar mən səssizcə dayanıb,
düşünürdüm: «Çingiz ədəbiyyatda
olduğu kimi, həyatda da dahidir!..»
Aytmatov: -
Suyəkə çox xeyirxah, həssas, incə qəlbli, dərd
anlayan insandır.
Şahanov:
- «Manas» eposunun 1000 illik yubileyi münasibətilə
Bişkekin mərkəzində ucaldılan, qırğız
xalqının ən görkəmlilərini şöhrət
zirvəsinə qaldıran qartalı xatırladan “El
kütü” abidəsinin bir üzündə Siz dərin fikirlərə
qərq olub dayanmısınız, digər tərəfində
isə əsrarəngiz Bübüsara Beyşenalıyeva.
İşə baxın... həyatda qovuşa bilməyən bu
iki aşiq cansız bir sənət əsərində də
bir-birindən ayrı heykəlləşib! Bunun
təsadüf, yoxsa heykəltəraşın yaradıcı təxəyyülünün
məhsulu olduğunu deyə bilmərəm. Amma o monumentin
açılışı zamanı Siz - mənimlə
yanaşı dayanıb donmuş Çingiz Aytmatov -
bürünc Bübüsaranı da sehrli sevgi hisslərilə
seyr edirdiniz...
Aytmatov: -
Bübüsaranın ölümündən sonra mən
İtaliyaya dəvət aldım. Gecə gəmi
ilə Sicilyaya yol aldıq. Açıq dəniz... Bəyaz
gecə... Sərin meh... Uzaqda böyük şəhərin
rəngbərəng işıqları sayrışır.
Haradansa Bübüsarayla bizim sevimli musiqimizin sədaları
gəlir. Ətrafımdakılar göyərtədə
rəqs etməyə başlayırlar. Məni
isə qəhər boğur; səssizcə bir tərəfdə
dayanıb, göz yaşlarımı güclə
saxlayıram. Qəlbimdəki qəm dənizindən xəbərsiz
dəniz, bəyaz gecə, ay işığında
görünən kimsəsiz adalar və bu qədər adam içində qəlbimin tənhalığı...
O zaman
yaşadığım hissləri sözə gətirə
bilmərəm, əlbəttə. Amma «Kassandra
damğası» romanımda eyni vəziyyətə düşən
qəhrəmanımla bu hissləri bir daha yaşamışam.
Şahanov:
- 70-ci illərin ortalarında biz Moskvada görüşdük
və Siz məni qaldığınız mehmanxanaya dəvət
etdiniz. Onda ilk dəfə həyat
yoldaşınız Məryəmi gördüm. Qismətinizə belə bir gülərüz, təmiz
qəlbli qadın düşdüyünə daxilən
sevinirdim. Bilirəm ki, o, Sizə
böyük sevgi və ehtiram bəsləməklə,
yaradıcılığınıza da böyük təsir
göstərə bilib. Onun «Gün var - əsrə
bərabər» romanınızın motivləri əsasında
yazdığı kinossenarinin «Çovğunlu yarımstansiya»
adıyla istehsal edilib (“Türkmənfilm”) ekranlara
çıxarıldığı da məlum. Yəqin
ki, ömür-gün yoldaşının səninlə həmfikir
olub, daxili aləmini duyması da böyük səadətdir...
Aytmatov: -
Bübüsaranın ölümündən sonra qəlbimdə,
ruhumda yaranan boşluğu heç cür doldura bilmirdim... Yəni,
Muxtarcan, Bübüsaralı və... Bübüsarasız
könlümü ağlar qoyan tale o ağır anlarda məni
Məryəmlə görüşdürdü. Vaxt
ötdükcə ruhumun əzabları səngidi,
düşüncələrim bir az yerbəyer
oldu. İndi Məryəmlə həyatda iki
ümid-dayağımız var - qızımız Şirin,
oğlumuz Eldar. Övladlarımızın
hansı sənətə yiyələnəcəklərindən
asılı olmayaraq, hər şeydən öncə, ləyaqətli
insan olmalarını arzulayırıq.
Şahanov:
- İnanın ki, belə də olacaq. Ən
azı övladlarınızın sizə olan sevgisi bunu vəd
edir. Almatı hava limanında ailənizi Brüsselə
yola salarkən Şirin qulağıma bunları
pıçıldadı: «Muxtar əmi, atamın şəkərli
diabeti olduğunu siz də bilirsiniz, xahiş edirəm, ona nəzarət
edin ki, ziyafətlərdə şirin şeylərdən
çox yeməsin...»
Amma
jurnalist Canıbek Canızak kimiləri də var... Onun
«Aytmatovun qadınları» adlı “kitab”ına
indi hər yerdə - hətta ərzaq mağazalarının
piştaxtalarında belə rast gəlmək olar.
Aytmatov: -
Özgəsinin şəxsi həyatını
güdüb-aramaq, tale, alın yazısından sensasiya
«qoparmaq», məncə, rəzil hərəkətlərdəndir...
Mənim qadınlarıma gəldikdə isə, Kerez
birinci həyat yoldaşım olub. Tələbəlik illərindən
başlayaraq, onunla birgə çətin, amma maraqlı-mənalı
gənclik illəri yaşamışıq. Kerez rəhmətlik anamla da çox mehriban
dolanırdı. Ondan iki oğlum var - Səncər
və Əsgər. Şükür Allaha, ikisi də
böyüyüb, həyatda yerlərini tapıb.
Tattıbubi Tursunbayevanın da qəlbimdə öz yeri
olub. Qırğız incəsənətinin zənginləşməsində
böyük xidmətləri olan bu gözəl qadına
böyük rəğbət bəsləmişəm.
Həyatımın ayrı-ayrı dönəmlərində
başqa qadınlar da olub. Şükürlər
olsun ki, onların haqqında yazmaq hər
cızmaqaraçının istedad və qabiliyyət
imkanları daxilində deyil. Sonda bir
etirafım da var, Muxtarcan. Məni ilham pəriləriylə
görüşdürən taleyimdən min dəfə
razıyam. Bu görüşlərdə yaşanan səadətə,
sevgi dolu anlara, yaşam və yaradıcılıq ruhuma
çilənən təzə-tər təravətlərə
görə, taleyimə, tale yazanıma çox minnətdaram...
Hazırladı:
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 12.