Kuklaçı-rəssamın
sənət dünyası
“Kuklaları hazırlayarkən bir müddət bu dünyadan ayrılıb, başqa dünyaya gedirəm.
O ərəfədə beynimdə o qədər ideyalar yaranır ki...”
Elmira Abbaslı Azərbaycanda müəllif
kukla sənətinin banilərindəndir. Onun yaratdığı kuklalar
bizə əsl nağıllar aləmini xatırladır,
ötən illərin və əsrlərin rəvayətlərini
pıçıldayır. Dəbdəbəli geyimdə olan “əsilzadə” kuklalar
tamaşaçıda xoş əhval
yaradır. Kuklaçı rəssamla ilk
tanışlığımız bu ilin sentyabrında “Kukla” art qalereyasında “Sultanın istəklisi”
adlı əsərinin təqdimat mərasimində olmuşdu. Sənətkarın bu
əl işində valehedici gözəllik,
yüksək ustalıq, sirli Şərq ruhu və incə kolorit bir arada əksini tapmışdı.
Tarixi mövzu və
Şərq motivləri onun
yaradıcılığında xüsusi yer tutur.
Kukla aləminə maraq
Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, kuklaçı-rəssam Elmira Abbaslı bu sənətə hələ orta məktəbdə oxuyanda maraq göstərib. Kiçik yaşlarından dəbdəbəni və nağıllar aləmini çox sevib. Orta məktəbi bitirəndən sonra, 1980-ci illərdə, bu sənətlə məşğul olmağa başlayıb. Baxmayaraq ki, ali təhsil almaq üçün başqa bir sahəyə üz tutmuşdu: “Biz İçərişəhərdə yaşayırdıq. Hər bir azərbaycanlı xanımı kimi, mənim nənəmin də çox yaxşı tikmə qabiliyyəti vardı. Həmişə nə isə tikirdi. Bu mühitdə böyüməyim məndə də tikmə sənətinə böyük maraq yaratmışdı. Hətta orta məktəbdə oxuduğum vaxtlar özümə paltarlar da tikirdim. Məktəbi bitirib Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil oldum. Eyni zamanda yumşaq oyuncaqlar və müxtəlif tikmələr üzərində çalışırdım. Bacarığımdan xəbərdar olub bir neçə ildən sonra məni oyuncaq fabrikində işləməyə dəvət etdilər. Bir müddət orada rəssam-modelyer kimi çalışdım”.
Elmira xanım sadəcə tikmə işilə məşğul olmayıb, həmçinin müxtəlif eksperimentlər aparıb, kuklaların hazırlanma texnologiyasına dərindən yiyələnib: “Fabrikdə bir neçə il işlədikdən sonra gördüm ki, fikrimdə tutduğum ideyaları orada həyata keçirə bilmirəm. Sirli kukla aləmi məni özünə o qədər cəlb etmişdi ki, bu sahəyə dərindən yiyələnmək istəyirdim. İstədiklərimi həyata keçirmək üçün tariximizi, habelə kuklaların istehsalat prosesinə bələd olmaq üçün milli geyimlərimizi öyrənməyə başladım. Bu gün öyrəndiklərim köməyimə çatır”.
Kuklaçı-rəssam Tofiq İsmayılov adına Gənclərin Yaradıcılıq Evində yumşaq oyuncaqların hazırlanması dərnəklərinə rəhbərlik edib. Bu sahədəki qabiliyyətini nəzərə alıb ona 1983-cü ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçirilən Şərq xalça sənəti üzrə beynəlxalq simpoziumuna qatılacaq xarici qonaqlara hədiyyəlik milli geyimli kuklalar hazırlamağı təklif ediblər: “Bu təklif həyatımda böyük dəyişiklik yaratdı. Nəticədə 30-a yaxın milli geyimdə kukla yaratdım”.
İlk işlərini nənəsinə və böyüdüyü ecazkar İçərişəhərə həsr edən Elmira xanım hazırladığı kuklalar içərisində tarixi personajlara daha çox yer ayırıb. Əvvəllər kuklaları hazırlamaq üçün parçadan istifadə etsə də, sonralar plastik məmulatlara üstünlük verib. Həmsöhbətim deyir ki, kukla hazırlamaq üçün gərək heykəltəraşlığı, rəssamlığı, xarratlığı, zərgərliyi, psixologiyanı, həndəsəni biləsən. Həm saç ustası, həm də modelyer olmalısan.
Elmira xanım ilk dəfə 1985-ci
ildə teatr və kino
rəssamlarının əsərlərini əhatə edən
sərgidə iştirak edib.
1987-ci ildə Dostluq Cəmiyyətinin təşəbbüsü
ilə Finlandiyada fərdi sərgisi təşkil
olunub. 1989-cu ildə isə Polşanın
Krakov şəhərində keçirilən
II Beynəlxalq Folklor Kuklaları
Biennalesində bürünc mükafat qazanıb: “Həmin dövrdə sanki həyat daha da püxtələşməm üçün
mənə yaradıcılıq laboratoriyaları
açırdı. 1989-cu
ildə “Buta” marionet teatrında “Arşın mal alan” tamaşasını hazırladıq.
Tamaşa böyük maraqla
qarşılandı. 1988-1991-ci
illərdə bu teatrda geyim üzrə
rəssam kimi çalışdım. 1994-cü
ildə “Çeşmə”
mədəniyyət mərkəzinin
nəzdində Bakıda
ilk dəfə olaraq özəl milli geyimlər muzeyini yaratdıq. Muzey qısa müddət
ərzində çox
populyarlıq qazandı.
Ölkəmizdə fəaliyyət göstərən
diplomatik korpusların
nümayəndələri tez-tez
muzeyə gəlirdilər.
Təəssüf ki, bir neçə il əvvəl muzey fəaliyyətini dayandırmalı
oldu”.
Ötən müddətdə rəssamın
əsərləri müxtəlif
sərgilərdə yer
alıb: “1995-ci ildə
BP şirkətinin Azərbaycan
nümayəndəliyi “Xəzərneftqaz”
beynəlxalq sərgisində
bizim milli geyimli kuklalara ayrıca stend ayırdı. 2002-ci ildə Moskvada Puşkin Muzeyində sərgim keçirildi.
Bu günə kimi əl işlərim
ABŞ, Türkiyə, Yaponiya,
Almaniya və digər ölkələrdə
nümayiş olunub”.
Gerçəyə çevrilən xəyallar
Elmira xanımın yaratdığı
kuklalar nadir sənət
nümunələridir. Bu əsərlərdə sənətkar
qəlbinin hərarətini,
arzuların, düşüncələrin
ifadəsini görürük.
Əsərlərə tamaşa etdikcə
insan xəyalən İçərişəhərin küçələrini gəzir,
qədim diyarın tarixinə səyahət edir, sehrli nağıllar
aləminin qəhrəmanları
ilə bir dünyanı paylaşmış
olur. Bütün bunlar sənətkarın
uşaqlıq illərindən
yaddaşına hopub qalan hadisələrin və yaşadıqlarının
sənətdə təcəssümüdür.
2010-cu ildə kuklaçı-rəssamın
İçərişəhərdə “Köhnə Bakı obrazları. İçərişəhər. XIX əsr” adlı kolleksiyası sərgilənib. Rəssam bildirir
ki, kolleksiya "İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
təklifi əsasında
hazırlanmışdı. İnternet sorğu nəticəsində köhnə
Bakının 23 tipik personajından 12-si seçildi:
“Obrazların xarakterlərini
dəqiq müəyyənləşdirmək,
xırda əşyaları,
qədim çıraqları
hazırlamaq, parçaları
təkrarçılığa yol vermədən seçmək və onları dövrə uyğun olaraq "qocaltmaq” lazım idi. Bir sözlə, İçərişəhər
böyük buket kimi bu kolleksiyada
öz əksini tapmalı idi. Kolleksiyanı 10 aya başa
çatdırdım. Kiçik karvansaranın "İncəsənət
bağı”nda təqdimat
keçirildi. Heydər Əliyev
Fondunun təklifi ilə obrazların davamını hazırladım”.
Rəssamın sözlərinə görə,
kolleksiyada hər obrazın öz adı var və
bu adlar özlüyündə böyük
məna kəsb edir. Adlar obrazları daha
da canlandırır, onları başa düşmək imkanlarını
genişləndirir. “Faytonçu
Qorxmaz”, “Xan”, “Mirzə Abbas” və s. bu adlarla
keçmişin ruhunu
insanlara çatdırmağa
müvəffəq olmaq
mümkündür.
“Ağ dəvə” hekayəsinə isə rəssamın xüsusi sevgisi var: “Ağ dəvə” adi hekayə deyil. Mənim üçün "Ağ dəvə” haqqın simvoludur. Ağ dəvənin yanındakı bala dəvə onun davamçısı anlamını verir. Dəvənin önündə və arxasında mistik fiqurlar var. Həmin fiqurlar əbədiyyətin bələdçiləri kimi dəvəni müşayiət edirlər. Aşağıda isə məscidlər, sfinks və piramidalar, müxtəlif şəhərlər əks olunub. Dəvə keçdiyi bütün yerləri sanki işıqlandırır. Dəvənin belində balaca oğlan və Quran kitabı var. Oğlanın üzü isə realdır, mistik deyil. O, yenilik anlamındadır. “Ağ dəvə” 2005-ci ildə hazırlanarkən mənə ilk nəvəmi gətirdi. Məncə, insanlar öz gözəl fikirləri, ideyaları ilə həyatlarına rəng qata bilərlər. Hər şey insanın öz əlindədir. Qəzəb, qibtə içində yaşamaq mümkün deyil. İnsanın qəlbində həmişə məhəbbət, nur olmalıdır”.
Rəssamın son zamanlar yaratdığı əsərlər içərisində fəlsəfi mövzular üstünlük təşkil edir. Onların sırasında "Qüvvə verən şəhər”, "Məbədə yol”, "Nur”, "Məhəbbət” kimi kollajları və "Şəhrizad”, "Şah”, "Şirvanşahların quşları”, "Qədim şəhərin gözətçiləri”, "Rəqqasə” əsərlərini xüsusi qeyd etmək olar. “Şəhrizad” və “Şah” müxtəlif vaxtlarda hazırlansalar da, bir kompozisiya şəklində təqdim olunurlar.
Həmsöhbətimin fikrincə, kuklaların hazırlanma prosesində ən çətin mərhələ obrazın təsəvvürdə canlandırılmasıdır: “Kuklaları hazırlayarkən bir müddət bu dünyadan ayrılıb, başqa dünyaya gedirəm. O ərəfədə beynimdə o qədər ideyalar yaranır ki... Hazırda bu işlə məşğul olanların sayı çox azdır. Emalatxanam da yoxdur. İcarəyə götürdüyüm məkanda işləri hazırlayıram. Şagirdlərim bu işi sona qədər öyrənib başa çatdırmırlar. Müəyyən mərhələni öyrəndikdən sonra buradan ayrılırlar”.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 11.