“Mən səhnəni
sevdiyim kimi, o da məni sevdi”
Onu aktrisa kimi çoxdan - Bakı Bələdiyyə
Teatrının səhnəsində canlandırdığı
fərqli, rəngarəng obrazlardan
tanıyıram. Orijinal üslubu,
özünəməxsus biçimi və
heç vaxt onu tərk etməyən, maraqlı
emosiyası var. Elə bizimlə söhbətində
də o, emosional əhvalında,
çılğın, təbii gülüşlərində,
bəzən də küskün çək-çevirlərində
idi. Hər halda Əməkdar
artist, tamaşa və
kinofilmlərdən tanıdığımız, son zamanlar səsini dublyajlardan da eşitdiyimiz aktrisa
Hüsniyyə Mürvətova arzuolunan həmsöhbətdir.
Sizə çoxdan yorulmuş bir sual da mən verim: niyə məhz aktrisa oldunuz?
- Əslində, bu sualı heç vaxt özümə verməmişəm. Elə bilirəm ki, mən yaranarkən aktrisa olmuşam. Allah məni səhnə üçün göndərib bu dünyaya. Çünki mənim üçün səadətə qovuşduğum an səhnədə, tamaşaçılar qarşısında olduğum vaxtdır. Sənətə 17 yaşımdan - məktəbi bitirən kimi gəlmişəm. Amma qəribçilik, karıxmışlıq olmayıb məndə. Elə bilmişəm ki, növbəti oyunum yeni obrazımdır.
Sənət yolunuz Sumqayıt Dövlət Musiqili Dram Teatrından başlasa da, deyəsən, əvvəldən oraya qarşı bir “etibarsızlığınız” olub. Yəqin paytaxtın parıltısı sizi daha çox cəlb edirdi...
- Elə düşünməyin. Mən səhnə ilə, bu gözəl aləmlə o teatrdan tanışam. Amma əvvəldən orada qalmaq fikrim olmayıb. Sadəcə, tale məni zərurətdən gətirib ora. Əslində, bu teatrda işləməyim sırf təhsilimlə bağlı olub. Mən kimya üzrə peşə təhsili aldığımdan o dövrün qanunlarına görə mütləq həmin istiqamət üzrə ali təhsil ala bilərdim. Amma içimdəki üsyankarlığımı hələ o zaman büruzə verib, ürəyimin səsini israrla dilə gətirdim, “aktrisa olacağam” dedim. İndiki Mədəniyyət və İncəsənət Universitetinə sənəd verdim, amma qəbul etmədilər. Mütləq təhsil istiqamətim üzrə sənəd verməli olduğumu dedilər. Ancaq mən israrımı davam etdirdim. Başıma toplaşan müəllimlər təsəlli ilə yanaşı, mənə məsləhət də verdilər. Orada təhsil almaq üçün hansısa teatrda, heç olmasa, bir il işləməli olduğumu və yalnız həmin teatrdan göndərişlə bu istiqamətdə təhsil ala biləcəyimi dedilər. Beləliklə, sənədlərimi Sumqayıt Dövlət Musiqili Dram Teatrına təqdim etdim. O vaxt teatrın baş rejissoru Yusif Əkbərov idi. O, hazırladığım səhnəciklərə baxdı, monoloqlarımı dinlədi və məni teatrda köməkçi ştata qəbul etdi. 5 il o sənət ocağında müxtəlif rollar oynadım, tamaşaçı alqışı, sevgisi qazandım. Sumqayıt teatrı mənim üçün məktəb, aktyor dostlarım müəllim olublar. Sənət tərcümeyi-halımın o teatrla başlaması əslində həm də mənim səadətimdir.
İncəsənət üzrə ali təhsil aldınızmı?
- Birtəhər istəyimə çatdım (gülür). Amma bu o qədər də asan olmadı. Sənət yolumdakı dolanbaclar elə o vaxtdan özünü göstərməklə məni qorxutmaq, bu yoldan çəkindirmək istədi, amma bacarmadı. Sənədlərimdə bir az problem olduğu üçün qiyabi şöbəyə verdim. O zaman aktyorluq qiyabi olmadığından teatr rejissoru ixtisasına yiyələndim. Sumqayıt teatrından sonra Gənc Tamaşaçılar Teatrına dəvət aldım. Sonra da gəldim Bakı Bələdiyyə Teatrına, 1997-ci ildən bu günə qədər də orada çalışıram.
İlk rolun həyəcanı onu daha yaddaqalan edir.
- Əlbəttə, insan o an özünü göyün yeddinci qatında zənn edir. Bu fikir həm də böyük həqiqət daşıyır. Çünki səhnə aktyoru elə ilk oyunundan ya sevir, ya da sevmir. Amma deyəsən, mən səhnəni sevdiyim kimi o da məni sevdi. Təsadüfi deyil ki, ilk rolumu oynadığım dönəmlər Sumqayıt teatrına bir çoxları universitet qurtarıb gəlmişdi, mən isə məktəb partası arxasından. Rafiq Səməndərin “Dərs” əsərində Sevda rolunu oynadım. Tez-tez rayonlara qastrola gedirdik, məktəblərdə tamaşalar göstərirdik. İlk dəfə tamaşaçılar tərəfindən sevgini məhz o rolda hiss etdim. Bütün Sumqayıt məktəbliləri baxmışdı o tamaşaya, hətta mən Sumqayıtda gəzə bilmirdim, hamı məni "Sevda" deyə çağırırdı.
Bununla belə, paytaxt teatrlarına can atırdım.
Nəhayət, istəyimə çatsam
da, müəyyən problemlər məni izləməkdə davam edirdi. Ümumiyyətlə, mənim həyatımda
heç nə düz xətlə keçməyib, nahamar yollarda irəliləmişəm.
Deyəsən, sənət taleyinizdən
narazı görünürsüz?
- Kənardan bəlkə kiməsə xoşbəxt,
problemsiz görünə
bilərəm. Amma hamı
kimi mənim də öz çətinliklərim var. Aktrisa
kimi xoşbəxtəm,
çünki sevdiyim səhnədəyəm.
Bu gün teatrda oynamaq istədiyiniz obraz hansıdır?
- Teatrda bir çox
rollarım olub. ”Afət” tamaşasında Afəti, ”Dəli
yığıncağı”nda Pırpız Sonanı oynamaq istərdim. ”Elektra”da Elektra obrazını
yaratmışam, amma yenə də istərdim oynayım, çünki çox sevmişdim bu rolu. Hər bir rolu özümünkü edib
oynaya bilərəm.
Hər bir obrazın problemi Hüsniyyədə
var. Əslində, mənə
nə verilibsə, onu da oynamışam,
bəxtimə yaxşı
rollar düşüb.
Arzusunda olduğunuz rollardan danışmaq sizi kədərləndirir, yoxsa
əksinə, həvəsləndirir?
- Arzusunda olduğum rollar... bunlar çoxdur, getdikcə də artır. Baxmayaraq ömür gedir, onu dayandıra bilmərik. Amma arzular, xarakterimə,
fakturama, ümumilikdə
özümü yaraşdırdığım
rollar da zaman keçdikcə məndən uzaqlaşır.
Təbii
ki, bu kədərlidir.
Amma əsas etibarilə dramatik obrazları sevirəm.
Yaradıcılıq baxımdan çox aktiv təsir bağışlayırsınız. Şeirlər diskiniz işıq üzü görüb, bir neçə telekanalın dublyaj studiyasında olursunuz.
Amma, məncə, aktrisa səhnədə dincəlir...
- Bəli, özü də rolunun nazını çəkə-çəkə.
Bu həm də
məhsuldarlıq üçündür.
Mən həmişə
düşünürəm ki, kaş teatrdan
daha çox maaş alaydıq
ki, heç bir işlə məşğul olmadan ora tapınardım. Belə fikirlərə dalanda bəzən özümə
xəyanət etdiyimi də düşünürəm.
Ümumilikdə, hansı yaradıcılıq
sahəsi olmasından
asılı olmayaraq, mənə görə peşəkarlıq və
məsuliyyət ön
plandadır. Sevdim-sevmədim gördüyüm işi yüksək səviyyədə
təqdim etməliyəm.
Onda sizin üçün teatr nədir?
- İnanın mən
onu ifadə edə bilmirəm. Amma əminəm ki, oynamasam məhv ola bilərəm.
Deməli, teatr mənim
üçün həyatın
özüdür.
Filmoqrafiyanızda 10-dan artıq film-tamaşa var. Yəqin ki, bir aktrisa kimi
hələ kinodan da umacaqlısınız.
- Niyə də olmasın?! Çünki teatr aktrisası
üçün kino daha asandır, daha doğrusu, maraqlı, fərqli və bir o qədər
də yeni istiqamət. Amma hələ
də təklif gözləyirəm.
Əksər telekanallarda seriallar çəkilir. Siz necə, təkliflər
alırsınızmı?
- Son olaraq “Aramızda qalsın”da oynadım, onun da çəkilişləri
dayandırıldı. Bunu da bizə gec dedilər.
Başqa
təkliflər də
var.
Rejissorla teatrda işləmək asandır, yoxsa serialda?
- Məncə, bunun elə bir fərqi
yoxdur. Rejissor məni yaratdığım
obraza inandırmalıdır.
Əgər rejissor məni
inandıra bilirsə,
mənim onunla elə bir problemim
olmur.
Azərbaycanda serial çəkilişi modeli yenidir. Siz bir tamaşaçı
kimi hansı nümunələrin çəkilməsinin
tərəfdarısınız?
- İstərdim ki,
bizim bugünkü problemlərimiz mövzusunda
çəkilsin. Hazırda ən böyük
dərdimiz Qarabağ problemidir. Müasir dövrdə bu
mövzuda serialların
çəkilməsinin tərəfdarıyam.
Məhəbbət, məişət mövzusunda da çəkilsin, amma bunları da yaddan çıxarmaq lazım deyil. Bizim vətən uğrunda şəhid olan qəhrəman övladlarımız
var. Biz bunları nə
qədər təbliğ
etsək, o qədər
yaxşıdır.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 10.