Göygöl - abidələrlə zəngin məkan
“Sənətkarlıq paytaxtı”nda bir gün
Zaqataladan sonra “media turu” dekabrın 21-də
Azərbaycanın «Sənətkarlıq paytaxtı» Göygöl şəhərində davam etdi. Ölkəmizin qərbində
yerləşən Göygöl rayonu səfalı bölgələrimizdəndir.
Rayon ərazisində 31 yerli
əhəmiyyətli tarixi və
memarlıq abidələri mövcuddur. Amma bu rayonun
ən böyük özəlliyi təbiət
abidələri ilə zənginliyidir.
Rayon ərazisində məşhur Göygölün sahilində eyniadlı dövlət qoruğu yaradılıb. 1925-ci ildə yaradılmış qoruğun sahəsi 7 131 hektar təşkil edir. Göygöl qoruğunun ərazisi kiçik və gur çayların axdığı dərələrlə bölünüb. Qoruqda əsrarəngiz təbiət incisi Göygöllə yanaşı, 10-a yaxın göl (Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl və s.) var.
Qoruq zəngin
flora və faunaya malikdir. Müxtəlif bitkilərin, heyvan
növlərinin (cüyür,
xallı maral, dağ keçisi, boz ayı, dovşan,
qaban, Qafqaz maralı və s.) qorunmasına xüsusi diqqət yetirilir. Rəngarəng təbiət ekoturizmin
inkişafına zəmin
yaradır.
Alman irsi nümunələri qorunur
Göygöldə ilk baş çəkdiyimiz məkan XIX əsrdə inşa edilmiş alman lüteran kilsəsi (kirxa) oldu. Kilsənin tikintisi 1854-cü ildə başlanıb,
1957-ci ildə yekunlaşıb.
Alman əhalisi 1941-ci ildə Stalinin əmri ilə Qazaxıstana deportasiya edilənədək
bu ibadət evi fəaliyyət göstərib. Sonra burada
Böyük Vətən
müharibəsində əsir
düşmüş almanlar
yerləşdirilib. Sonralar hospital, ötən əsrin
50-60-cı illərində idman
zalı kimi istifadə olunub.
Hazırda burada Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi
yerləşir. Direktor Rita İbrahimova deyir
ki, rayonda tarix-diyarşünaslıq muzeyi
1987-ci ildə yaradılıb.
2004-cü ildən bu binada fəaliyyət
göstərir. Muzeydə
rayonun tarixini, kənd təsərrüfatını,
əhalinin məişətini
əks etdirən 2 minə yaxın eksponat var. Direktorun sözlərinə görə,
il ərzində muzeyə 5 minə yaxın ziyarətçi gəlir. Lüteran kilsəsinin binası
rayona gələn almanların ilk ziyarət etdiyi məkandır.
Göygölün tarixi barədə məlumatı isə rayon
sakini Fikrət İsmayılovdan alırıq. Onun sözlərinə
görə, rayon mərkəzi
əvvəllər Helenendorf
adlanıb. Onun əsası
1819-cu ildə qədim
Xanlıqlar kəndi yaxınlığında məskən
salan alman icması tərəfindən
qoyulub. Vürtemberq krallığından Cənubi Qafqaza, o cümlədən Azərbaycanın
qərbinə köç
edən almanlar Helenendorf qəsəbəsi
ilə yanaşı, indiki Şəmkir və Tovuz rayonları
ərazisində də
məskən salıblar.
İlkin
vaxtlar almanlar Helenendorfda 600-ə yaxın
evdən ibarət 6 küçə salıblar.
Almanların bu yerlərdən
deportasiyasından 70 ilə
yaxın vaxt keçsə də, şəhərdə alman
irsinin izləri, o cümlədən alman qəbiristanlığı qorunub
saxlanılır. Evlərin əvvəlki
görkəmi dövlət
tərəfindən bərpa
edilib. Göygöl azərbaycanlı və alman xalqlarının
dostluq nümunəsidir.
Daha sonra Göygöldə yaşamış
sonuncu alman Viktor Kleinin evinə baş çəkdik. Fikrət İsmayılov
deyir ki, 1941-ci ildə almanlar buradan köçüb gedəndə Viktor 6 yaşında
olub. O, 2007-ci ildə
72 yaşında dünyasını
dəyişib və alman qəbiristanlığında
dəfn edilib. Viktor Klein Azərbaycan ədəbiyyatını, musiqisini
yaxşı bilib, dilimizdə səlis danışmağı bacarıb.
Onun evi qədim alman evi üslubunda
olmaqla, 5 otaqdan ibarətdir. Tikili 2012-ci ildə
Mədəniyyət və
Turizm Nazirliyinin balansına verilib, burada muzey yaradılması
nəzərdə tutulur.
İlin
9 ayında Göygölə
16 mindən çox turist gəlib
Göygöldəki alman irsi ilə
tanışlıqdan sonra
Mədəniyyət evində
konsert proqramını
izləməyə yollanırıq. Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Şərqiyyə
Hümbətova Göygölün
«Sənətkarlıq paytaxtı»
olmasının əhəmiyyətindən
danışaraq deyir ki, gözəl təbiətinə və əlverişli coğrafi mövqeyinə görə
turistlər bu yerlərdə istirahətə
böyük maraq göstərirlər. Rayona
Almaniyadan, İsveçrədən,
Macarıstandan, Koreyadan,
Ukraynadan turistlər gəlir. 2013-cü ilin 9 ayı ərzində Göygölə
16 min nəfərdən çox
turist gəlib. Göygölün «Sənətkarlıq
paytaxtı» seçilməsi
münasibətilə il ərzində rayonda keçirilən tədbirlər də bu göstəriciyə təsir edib. Rayonda cəmi 4 turizm obyekti fəaliyyət göstərsə də, yeniləri tikilməkdədir.
Rayonun «Sənətkarlıq
paytaxtı» seçilməsi
burada sənətkarlığın
inkişafına da müsbət təsir edib. Rayonun kəndlərində 50-yə yaxın sənətkar çalışır.
Mədəniyyət evində konsert proqramından əvvəl
rayon İcra Hakimiyyətinin
başçısı Arif
Seyidovla birlikdə foyedəki sərgini izlədik. «Azərbaycanın
sənətkarlıq paytaxtı-2013» adlı sərgidə rayonun Qızılca, Qırıxlı, Balçılı,
Zurnabad, Xaqani kəndlərində yaşayan
sənətkarların xalça,
hörmə, tikmə,
rəssamlıqla bağlı
əl işləri nümayiş etdirilirdi.
Əl işləri arasında orta məktəb şagirdləri
tərəfindən muncuq,
balıqqulağı, lobya
dənlərindən düzəldilmiş
müxtəlif fiqurlar,
Azərbaycanın xəritəsi,
qadın bəzək əşyaları və
s. xüsusilə diqqəti
cəlb edirdi.
Konsert proqramı
da rəngarəng nömrələrlə zəngin
idi. Mədəniyyət ervinin
nəzdində fəaliyyət
göstərən rəqs
ansamblının, Aftandil
Əliyev, Rövşən
Qasımov, balaca xanəndə Yusif Müzəffərlinin bir-birindən
gözəl ifaları,
«Bahar» rəqs qrupunun hazırladığı
«Arşın mal alan»dan
bir səhnəcik tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
Rayonda turizm infrastrukturu gücləndirilir
Tur iştirakçılarının
Göygöl Rayon İcra
Hakimiyyətinin başçısı
Arif Seyidovla görüşü də
oldu. İcra başçısı
rayonun tarixi, təbiəti, turizm infrastrukturu, tarix-mədəniyyət
abidələri haqqında
geniş məlumat verdi. Bildirdi
ki, rayonda bir şəhər, 6 qəsəbə, 38 kənd
var. Rayonun 60 min əhalisinin
20 mini Göygöl şəhərində
yaşayır.
1911-ci ildə almanlar
tərəfindən Göygöldə
ilk su elektrik stansiyası tikilib. Həmin illərdə
Forer qardaşları tərəfindən şərab
zavodu inşa olunub. İndi bu müəssisə
Göygöl Şərab
Zavodu kimi fəaliyyət göstərir.
Zavodda 26
növ içki istehsal olunur.
Arif Seyidov qeyd etdi
ki, rayonda turizm infrastrukturunun gücləndirilməsi istiqamətində
sistemli iş gedir. Rayonda yerləşdirmə yerlərinin sayı azdır. Ona görə də
yeni hotellər tikilir. Sahibkarlara bu baxımdan
lazımi şərait
yaradılır. Rayonun yolları
yüksək səviyyədə
təmir olunub. Turistlər üçün əsas 5
marşrut müəyyənləşdirilib.
Bunlar Göygöl şəhəri-Aşıqlı-Hacıkənd-Göygöl
gölü, Göygöl
şəhəri-Topalhasanlı-Zurnabad-Şəhriyar,
Göygöl şəhəri-Köşkül-Üçbucaq,
Göygöl şəhəri-Quşqara-Balçılı
və Göygöl şəhərini əhatə
edən şəhər
turu. Turizm marşrutlarının əhatə etdiyi kəndlərdə müxtəlif
tipli obyektlər də tikilməkdədir.
«Xalq Yaradıcılığı
Paytaxtları» layihəsi
davam etdiriləcək
Səfərimizi yekunlaşdırıb Bakıya doğru istiqamət alırıq. Yol boyu Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev «Xalq Yaradıcılığı Paytaxtları» proqramı çərçivəsində indiyə qədər görülən işlər, həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışır. Onun sözlərinə görə, bu tədbirlər bölgələrdə sənətkarlığın, folklorun, mədəniyyətin, turizmin inkişafına təkan verir: «Paytaxt elan olunan şəhərin müxtəlif sosialyönlü müəssisələri, məsələn, mehmanxanaları, mədəniyyət sarayları, parkları olmalıdır. Bu infrastruktura malik olmadan paytaxt adını almaq mümkün deyil. 2013-cü ildə paytaxt seçərkən biz böyük bir müsabiqə ilə qarşılaşdıq. 20-yə yaxın şəhər paytaxt olmağa namizədliyini irəli sürmüşdü. Yəqin ki, 2014-cü ildə bu müsabiqə daha geniş olacaq. «Xalq Yaradıcılığı Paytaxtları» layihəsini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, layihə Azərbaycanın mədəni həyatında böyük rol oynadı. “Paytaxt” bölgələrə hər belə tur zamanı media nümayəndələri ölkə Prezidentinin rəhbərliyi ilə regionlarda həyata keçirilən tikinti-quruculuq işləri, mədəni, iqtisadi, sosial həyatda olan canlanma ilə tanış olurlar».
Şöbə müdiri bir məqamı da diqqətə çatdırdı ki, «Xalq Yaradıcılığı Paytaxtları» layihəsi 2014-cü ildə başa çatandan sonra növbəti illər üçün layihə fərqli nominasiyalarda davam etdiriləcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 9.