“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

 

Dekabrın 24-də “LN” incəsənət mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı layihənin rəsm müsabiqəsinə yekun vuruldu.

 

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov qeyd etdi ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz rayonlarından 14-18 yaşlı yeniyetmələr və 18-29 yaş arası gəncləri əhatə edən layihənin məqsədi vətənpərvərlik və azərbaycançılıq ideologiyasının təbliğinə, bu mövzuların incəsənət əsərlərində təcəssümünə töhfə verməkdir.

Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov bildirdi ki, bu cür sərgilərin təşkili gənclərin yaradıcılıq ideyalarına təkan verir: “Bu gün rəsm əsərləri nümayiş olunan gənclər vətənlərini necə sevdiklərini və onu necə tərənnüm etmək lazım gəldiyini öz rəsmlərində ifadə ediblər. Mən inanıram ki, bu gənclər gələcəyin vətənpərvər vətəndaşları olacaqlar. Bəzən deyirlər ki, uşaqlar ən yaxşı rəssamlardır. Nəyə görə? Çünki onlar öz istədiklərini, gördüklərini tam azad formada çəkə bilirlər. Təqdim edilən rəsmlərdə bunun bir daha şahidi oluruq”.

Xalq rəssamı Aydın Rəcəbov, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının direktor müavini Kəmalə Kərimova layihənin əhəmiyyətindən danışaraq bildirdilər ki, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi üçün daim maarifləndirici addımlar atılır. Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fikri azərbaycançılıq məfkurəsinin uca ifadəsi kimi əsl vətənpərvərlik örnəyidir.

Tədbirin sonunda layihənin qalibləri mükafatlandırıldı. Mükafatları Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva təqdim etdi. 14-18 yaş qrupunda yeniyetmələr arasında I yerə Fidan Həsənova, II yerə Ayan Kərimova, III yerə Ülviyyə Mütəllimova və Nərmin Məcidli, 18-29 yaş qrupunda isə I yerə Nigar Qurbanova, II yerə Məhər Məhərrəmov, III yerə Arif Əmirov layiq görüldülər. Layihədə iştirak edən bütün iştirakçılar diplomlarla mükafatlandırıldılar.

 

Lalə

 

Mədəniyyət.- 2013.- 25 dekabr.- S. 7.