“Arşın mal alan”ın yeni
rəngləri
68 il əvvəl
ağ-qara lentə alınaraq dünyanı dolaşan film artıq rəngli formatda kinosevərlərin görüşünə
gəlir
Dekabrın 20-də Üzeyir Hacıbəylinin
ev-muzeyində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
bərpa edilmiş və rənglənmiş
“Arşın mal alan” filminin (1945) təqdimatı keçirildi.
Üzeyir bəyin ölməz operettası 1945-ci ilədək
dəfələrlə səhnəyə
qoyulmuş, həmçinin
ekranlaşdırılmışdı. 1945-ci ildə Bakı kinostudiyasında rejissorlar
Rza Təhmasib və Nikolay Leşenkonun quruluşunda,
ağ-qara formatda lentə alınan film isə dünya şöhrəti qazandı.
Filmdə Rəşid
Behbudov, Leyla Bədirbəyli, Mirzağa
Əliyev, Fatma Mehrəliyeva, İsmayıl
Əfəndiyev, Münəvvər
Kələntərli, Lütfəli
Abdullayev kimi korifey sənətkarlarımız
rol alıblar. Ekran əsəri indiyədək 86 dilə tərcümə edilərək
dünyanın 136 ölkəsində
nümayiş etdirilib.
Bundan sonra isə ölkəmizdə
və xaricdə kinosevərlər, Üzeyir
sənətinin pərəstişkarları
bu möhtəşəm
ekran əsərini rəngli formatda və yüksək vizual keyfiyyətdə seyr edə biləcəklər. Heydər
Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə
film ABŞ-da, dünya
kino sənayesinin əsas mərkəzlərindən
olan “Hollywood”da bərpa edilərək rənglənib. Rənglənmə və bərpa
işi doqquz ay müddətinə həyata
keçirilib. Bu prosesdə
iştirak etmiş “Peachline” reklam şirkətinin əməkdaşı
Aytən İsmixanova bərpa və yenilənmə işinin özəllikləri barədə
məlumat verdi.
Bildirdi ki, rənglənmə zamanı geyimlərin, xalçaların və digər bəzək əşyalarının orijinal
rənglərinin tapılıb
yerinə qoyulmasında
müəyyən çətinliklər
yaranırdı: “Amma peşəkar komandamız
bunun öhdəsindən
gəldi”.
Qeyd olundu ki, “Arşın
mal alan” filminin bərpa olunması və rənglənməsi layihəsi
üzərində Asiya,
Avropa ölkələrindən
və ABŞ-dan ümumilikdə 157 nəfər
çalışıb. Bu heyətdə “Oskar” mükafatı
laureatı olmuş peşəkar mütəxəssislərlə
yanaşı, Azərbaycanın
kino işçiləri
də olub.
Tədbirdə o da vurğulandı ki, “Arşın mal alan” filminin bərpa olunması və yenilənməsi operettanın 100 illiyinə ən qiymətli hədiyyədir. Sonra rəngli “Arşın mal alan” tamaşaçılara təqdim olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 7.