Azərbaycan-Qətər
əlaqələri uğurla inkişaf edir
Dekabrın 19-da Qətərin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil etdi. Tədbiri giriş sözü ilə açan Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tani ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan söz açdı. Qeyd etdi ki, son illər Qətər dövləti siyasi, iqtisadi, mədəni sahələrdə mühüm dəyişikliklər dövrünü yaşayır.
İkitərəfli münasibətlərə toxunan səfir Azərbaycanla Qətər dövləti arasında əlaqələrin uğurla inkişaf etməsindən məmnunluğunu ifadə etdi. Vurğuladı ki, Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Al Taninin dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradır. Azərbaycan ilə Qətər arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirən diplomat qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqımızı təbrik etdi.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əlamətdar gün münasibətilə Qətər xalqını Prezident İlham Əliyevin adından təbrik etdi, dövlətimizin başçısının xoş arzularını çatdırdı. Azərbaycan-Qətər əlaqələrinin bir çox sahələrdə uğurla inkişaf etdiyini qeyd edən nazir iki ölkənin mövqelərinin beynəlxalq təşkilatlarda üst-üstə düşdüyünü, dostluq münasibətlərinin getdikcə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirdi.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Sadiq Musa
Mədəniyyət.- 2013.-25
dekabr.- S. 5.