Qobu qəsəbəsində Sənətkarlıq evi istifadəyə verilib

 

Dekabrın 24-də Abşeron rayonunun Qobu qəsəbəsində Sənətkarlıq evinin açılışı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, bu il Abşeronun ictimai və mədəni həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Rayonun yaradılmasının 50 illik yubileyi geniş şəkildə qeyd olunub, bir sıra yeni müəssisələr istifadəyə verilib. Həmçinin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla yekunlaşıb.

Sənətkarlıq evinin direktoru Azər Bayramov mədəniyyət müəssisəsinin fəaliyyətindən, yaradılan şəraitdən söz açıb. Bildirib ki, Qobu qəsəbəsi tarixən sənətkarlıq məkanı kimi tanınıb. Təsadüfi deyil ki, bir sıra görkəmli sənət xadimləri bu kənddə təhsil alıb, yaşayıb-yaradıblar. Əvvəllər qəsəbədə xalça fabriki fəaliyyət göstərsə də, sonralar fəaliyyətini dayandırıb. Sənətkarlıq evinin nəzdində xalça istehsalı emalatxanasının fəaliyyət göstərməsi üçün burada müvafiq toxuma avadanlıqları quraşdırılıb. Yaradılan şərait Qobunun xalçaçılıq şöhrətinin bərpasına imkan verəcək.

Sonra Sənətkarlıq evinə baxış keçirilib. Tədbir iştirakçıları əvvəlcə foyedə qədim musiqi alətlərindən ibarət sərgi ilə tanışlıq olublar. Müxtəlif suvenirlər iştirakçılarda maraq doğurub.

Məlumat verilib ki, əsaslı tikinti işləri aparılan binada Qobu qəsəbə uşaq incəsənət məktəbi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı Qobu qəsəbə filialı fəaliyyət göstərəcək. İncəsənət məktəbində 230 uşaq təhsil alır. Burada müxtəlif musiqi ixtisasları üzrə fənlər, rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Binada 230 yerlik tamaşaçı zalı var. Bu mədəniyyət müəssisələrinin müasir tələblərə uyğun fəaliyyəti üçün bina lazımi avadanlıqlarla təchiz edilib.

Sonda uşaq incəsənət məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 25 dekabr.- S. 4.