VIII çövkən milli oyununun qalibi paytaxt komandası oldu

 

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunları başa çatıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən oyunlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparıb. Builki oyunlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak edib.

Dekabrın 20-də keçirilən finalda «Bakı-1» və «Bakı-2» komandaları qarşılaşıb. «Bakı-2» komandası rəqibini 2-1 hesabı ilə məğlub edərək Prezident Kubokuna sahib olub.

Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplompul mükafatları təqdim olunub. Xatırladaq ki, sürpapaq oyununda I yeri Balakən, papaq oyununda İsmayıllı, yaylıq oyunu üzrə Yevlax, atüstü güləşdə isə Daşkəsən komandası tutub.

Sonda yarış iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına, atçılıq ənənələrinin dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

 

Mədəniyyət.- 2013.- 25 dekabr.- S. 4.