“Əfsanələr paytaxtı”na media turu

 

Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üzrə Xalq Yaradıcılığı Paytaxtları» proqramına əsasən 2013-cü ildə Azərbaycanın folklor, sənətkarlıq və əfsanələr “paytaxt”ları elan edilmiş bölgələrə media turları keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən səfərlər il ərzində “Xalq yaradıcılığı paytaxtları”nda görülən işlər barədə məlumat verilməsi, milli-mədəni irsimizin təbliğində layihənin əhəmiyyətinin diqqətə çatdırılmasıdır.

Dekabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə “Əfsanələr paytaxtı” Xaçmaza media turu keçirilib. Qonaqlar əvvəlcə Xaçmaz şəhərində açıq səma altında qurulmuş Şəxsiyyətlər Muzeyinə baş çəkiblər. Yerli musiqiçilər və rayonun folklor rəqs kollektivləri vətənpərvərlik mahnıları və rəqslərdən ibarət konsert proqramı təqdim ediblər.

Rayon tarix-diyarşünaslıq muzeyində tur iştirakçılarına buradakı çoxəsrlik tarixə malik eksponatlar haqqında ətraflı məlumat verilib. Qonaqlar həmçinin yerli rəssamların əl işlərindən ibarət sərgi ilə də tanış olub.

Sonra muzeydə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Mehman Yetkinrayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevin iştirakı ilə KİV təmsilçiləri üçün mətbuat konfransı keçirilib. Jurnalistlərə rayonun iqtisadi, mədəni inkişafı, turizm infrastrukturu haqqında məlumat verilib, onların sualları cavablandırılıb.

“Əfsanələr paytaxtı” ili ərzində Xaçmazda keçirilmiş tədbirlərdən söhbət açılıb, Rusiya Federasiyası Dağıstan Respublikasının “Ləzginka” rəqs qrupunun, Belarus incəsənət ustalarının konsertlərinin təşkil edildiyi diqqətə çatdırılıb.

Media turunun iştirakçıları rayonun digər görməli yerləri və tarixi abidələri ilə də tanış olublar.

 

Mədəniyyət.- 2013.- 25 dekabr.- S. 2.