Dünyanın Yeni ili
2014-cü
ilə sayılı günlər qalıb. 20 ildən çoxdur ki,
xalqımız, dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız il sonu iki
bayramı bir arada - 31
Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü və Yeni təqvim ilini qeyd edir.
Bayramın bayrama qovuşması Yeni ilin gəlişini daha şövq və təmtəraqla qeyd etməyə vəsilə olur. Bu iki əlamətdar günün bir araya gəlməsinin bəlkə də bir rəmzi mənası var. Həqiqətən də bir olub, həmrəy olduğumuz gün bizim üçün Yeni il, Yeni gün başlayacaq!
Gəlin, görək gəlişini səbirsizliklə gözlədiyimiz Yeni ili dünyanın başqa yerlərində necə qarşılayırlar?
Yer kürəsinin hər yerində insanlar Yeni ili eyni ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləsələr də, bayramı hər ölkə, xalq öz adət-ənənəsinə uyğun qeyd edir. Avropa ölkələrində Yeni ilin gəlişi dekabrın 25-də başlayan Milad (İsa peyğəmbərin anadan olması) həftəsinin tərkib hissəsi kimi bayram edilir. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borclarını qaytarsın. Müxtəlif karnavallar təşkil olunur, hamı səhərə kimi əylənir. Təbii ki, Yeni il şənliklərini Şaxta baba (Santa Klaus, Noel baba) və bəzədilmiş küknar ağacsız təsəvvür etmək mümkün deyil.
Böyük Britaniyada bayram günü evdə təmizlik işləri görürlər. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri girən qonağın xarici görkəmindən çox asılıdır. Gələn ilk qonağın çatmaqaş adam olması arzuolunmaz haldır. Qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Kömürü ocağa atırlar ki, Yeni ildə ailə ocağı daha gur yansın.
Fransada Noel baba Yeni il gecəsi evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklər isə bayram günü daha çox yeyib-içməklə məşğul olurlar. Almanlar Yeni il gecəsi saat 12:00 olarkən ovuclarında metal pul sıxaraq atılıb-düşürlər. Onlar inanırlar ki, bunu etsələr, Yeni il onlar üçün daha bərəkətli olacaq.
İtaliyada Yeni ili ucadan qışqıraraq qarşılamaq adəti var. Beləcə, onlar həm də köhnə illə vidalaşırlar. Yeni il gecəsi pəncərələrdən köhnə ev əşyalarının yerə atılması da italyanların adətidir. Onlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq uğur gətirir.
İsveçrədə Yeni ildə insanlar dostluğun və sevincin rəmzi kimi bir-birinə şam hədiyyə edirlər. Bayram axşamı isə ailə başçısı - ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yul Tomten - Şaxta baba obrazında qayıdır və uşaqlarına hədiyyə paylayır.
İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanında kütləvi şəkildə üzüm yeməyə gəlir. Hər kəs 12 gilə üzüm yeməlidir. Bayram axşamı küçənin müxtəlif yerlərində tələlər qurulur ki, pis qüvvələr və pisliklər köhnə ildə ilişib qalsın.
Yeni il Rusiyada da ən çox sevilən bayramdır. Bu bayramın geniş qeyd edilmə ənənəsinin əsası, XVIII əsrdə I Pyotr tərəfindən qoyulub. Çarın əmrində həmçinin küknar ağacını bəzəmək də öz əksini tapmışdı. Süfrəyə quş ətindən hazırlanmış heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də həmin əhval-ruhiyyədə olacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 14.